Xəbər lenti

Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq
Ölkə 10:21 14.12.2018

Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq

Bir çox ölkələrdə ictimai nəqliyyatdan və ya taksilərdən istifadə edən sərnişinlərin həyatı və sağlamlığı xidmət göstərən şirkət və ya qurum tərəfindən sığortalanır. Bu səbəbdən qəza baş verdiyi təqdirdə sərnişinə kompensasiya ödənilir.


Bəs bu praktika bizdə necə tətbiq olunur və ya tətbiq olunurmu?

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı bu barədə Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, "İcbari sığortalar haqqında” qanunun bir hissəsi sərnişinlərin sığortası haqqındadır:

"Lakin, sərnişinlər yalnız şəhərlərarası və beynəlxalq daşımalar zamanı sığortalanırlar. Şəhəriçi avtobuslar, taksilər və metro bura daxil deyil. Siz avtovağzaldan bilet alarkən, avtomatik olaraq sığortalanmalısınız. Qəza baş verdiyi təqdirdə verilən kompensasiyanın maksimum məbləği 5000 manatdır.

* Sərnişin öldükdə və ya əmək qabiliyyətini tamamilə itirdikdə bu məbləğin 100 %-i
* 1-ci qrup əlillikdə 80 %-i
* 2-ci qrup əlillikdə 60 %-i
* 3-cü qrup əlillikdə 40%-i
* Ağır və az ağır xəsarət aldıqda  30 %-i
* Yüngül xəsarət aldıqda 15 %-i ödənilir.

Sığorta haqqının məbləği hər bir sərnişinə və ya oturacağa görə illik hesablanır:
* Avtomobildə - 5 manat
* Təyyarədə - 14 manat
* Dəmiryollarında – 3 manat
* Su nəqliyyatında - 5 manat

Məsələn 1 avtobusda 48 yer varsa, illik sığortası 48 X 5 = 240 manat edir.
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də şəhəriçi nəqliyyatda bu tip sığortanın olmadığını bildirib:

"Bizdə şəhərdaxili ictimai nəqliyyatda belə bir qayda yoxdu. Yəni, qanuni bir məcburiyyət yoxdur ki, bunu mütləq etməlisən. Bakıda təkcə Bakubus bu sığorta növündən istifadə edir".

Paytaxtda fəaliyyət göstərən bir çox taksi şirkətlərindən də bu məsələ ilə bağlı məlumat aldıq. Məlum oldu ki, heç bir taksi şirkəti müştərilərin həyat və sağlamlığını sığortalamır.
 
Ekonom Taksi (*9111) şirkətinin marketinq şöbəsinin müdiri Kristina Yaşina avtomobillərin şirkətə məxsus olmaması səbəbindən belə bir xidmət göstərə bilmədiklərini söyləyib:

"Bizdə baş vermis qəzaya görə sürücü məsuliyyət daşıyır. Əgər sürücü düzgün danışmasa, nəsə itsə həmin məsələni araşdırıb, ya sürücüyə töhmət veririk və ya işdən uzaqlaşdırırıq. Bütün avtomobillər bizə aid olsa, bu barədə addım atmaq olar. Təəssüf ki, avtomobillər şirkətə məxsus deyil”.

Bumeranq taksi (*9333) şirkətindən də bildirilib ki, sərnişinlərin sığortalanması ilə bağlı xidmət mövcud deyil:

"Bizim şirkət müştəriləri sığortalamır. Sürücülər öz şəxsi avtomobillərini sığortalayır və istəsə, özü də müştərilərin həyatı ilə bağlı əlavə müqavilə bağlaya bilər. Əgər müştəri bununla bağlı bizə müraciət etsə, biz də sığorta şirkəti ilə müqavilə bağlaya bilərik”.
 
Bəs qanunvericilikdə şəhərdaxili nəqliyyat üçün sərnişinlərin sığortalanması ilə bağlı maddə yoxdursa, o zaman avtobus, taksi, metro qəzalarında sərnişinlərə dəymiş zərər necə qarşılanmalıdır? 

Milli Məclisin deputatı Fazil Mustafa Qaynarinfo-ya açıqlamasında bu sahədə qanunvericilikdə boşluq olduğunu bildirib və onların aradan qaldırılmasının vacibliyini vurğulayıb:
 
"Sərnişinlərə sığorta ödənilməsi məsələsi əslində qanunvericilikdə dəqiq göstərilməsə də, mahiyyətcə nəzərdə tutulur. Amma bunun dəqiqləşdirilməsinə ehtiyac var. Çünki vətəndaşın günahı olmadan hər hansı bir qəza baş verərsə, ən azı onun müalicə xərclərinin kompensasiyası ödənilməlidir. Ona görə də bunun dövlət tərəfindən nizama salınması olduqca vacibdir. Həqiqətən də burada müəyyən qədər boşluq var və bu boşluqların da aradan qaldırılması lazımdır".

Bu məsələni turizm sahəsinə də şamil etmək olar. Belə ki, turistlərin daşınması zamanı qəza hallarına vaxtaşırı rast gəlinib. Belə olduğu təqdirdə sağlamlığa dəymiş zərərə görə turistlərə sığorta haqqı ödənilirmi?

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə Azərbaycanda "səyahət sığortası"nın məcburi olmadığını söyləyib:

"Dünyada "səyahət sığortası” mexanizmi tətbiq edilir. Səyahət sığortasını ziyarət edən ölkə tələb edə də bilər, etməyə də. Bizim ölkəyə gəlmək üçün səyahət sığortasını əldə etmək qanunla məcburi deyil. Ancaq gələn şəxs gəldiyi ölkədən səyahət sığortası alırsa və o sığorta Azərbaycanda işləyirsə, onda həmin şəxsin sağlamlığı sığortalana bilər. Bu məsələ bizim gündəlikdədir. Bununla bağlı, araşdırma aparılır və təkliflər analiz edilir".

Dünyada ən çox baş verən nəqliyyat qəzalarından biri də qatar qəzalarıdır və belə hallarda sərnişinlər qanunvericiliyə müvafiq olaraq kompensasiya almalıdırlar. Düzdür, Azərbaycanda dəmiryolu nəqliyyatından istifadə üçün sərnişinlərə satılan biletlərdə bununla bağlı qeyd və ya əlavə olmasa da, "Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri sığortalayır.
 
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova qəza baş verdiyi təqdirdə, nəzərdə tutulmuş miqdarda kompensasiya ödənildiyini bildirib:

 

"Sərnişinlərin icbari fərdiqəza sığortası haqqında "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Mülkiyyətində sərnişin daşıma xidmətlərini həyata keçirmək üçün nəqliyyat vasitəsi olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxs həmin nəqliyyat vasitəsi ilə bağlı sərnişinlərin icbari fərdi qəza sığortasını yerinə yetirmək üçün sığorta təminatları verilməsi məqsədi ilə nəqliyyat vasitəsindəki yerləri ildə bir dəfə sığorta etdirməlidir.

Azərbaycan Dəmir Yollarında sərnişin daşıma vasitələri (vaqonlar) ildə bir dəfə qanunvericilikdə müəyyən edilmiş qaydada sığortalanır (dəmir yolu nəqliyyatında bir yerə görə 3 manat müəyyən edilib).

Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən dəmir yolu nəqliyyatı vasitəsində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. 

Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (dəmir yolu vağzallarında, stansiyalarında, platformalarında) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində sığorta risklərinin baş verməsi, yəni nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar sərnişinin bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir və belə hallar olduqda müvafiq sənədləşmə aparılmaqla fərdi qəza sığortası haqqı ödənilir".

Bilet sisteminin tam qaydasında olmadığı Bakı Beynəlxalq Avtovağzalında isə sərnişinlərin sığortasının olub-olmaması məlum deyil. Hələlik qurumdan bu barədə açıqlama verilməyib.

Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->