"Gürcüstandakı proseslər bir neçə dinamika üzrə cərəyan edə bilər. Burada müəyyən daxili və xarici amillər rol oynayır".
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Gürcüstanda seçkilərdən sonra yaranan durumu şərh edərkən deyib.
"Daxili dinamikada xalqın reaksiyası əsasdır. Seçkinin nəticələrinə baxanda görürük ki, Gürcüstan hökumətinin cəmiyyətdə güclü dəstəyi var. Bu kontekstdə küçə etirazları ilə prosesin müxalifətin xeyrinə həlli ehtimalı azdır. Hakimiyyət güc strukturlarını da tam nəzarətdə saxlayır", deyə Nazim Cəfərsoy bildirib.
Bu baxımdan ekspertə görə, müxalifətin zor gücünə öz məqsədlərinə çatması ehtimalı mümkün görünmür. Həmsöhbətimiz deyib ki, ölkədə cərəyan edən prosesin inkişafında xarici faktorlar da mühüm rol oynayır:
"Gürcü müxalifəti ABŞ başda olmaqla Qərbə istinad edir. Bayden hakimiyyəti ola bilsin burada böhranda maraqlıdır. Ancaq Tramp Rusiya ilə yeni gərginlikdə maraqlı deyil. Bu məqamı nəzərə alaraq, Vaşinqtonun Gürcüstanda gərginliyin qalmasında istəkli olacağı ehtimalı da azdır".
Nazim Cəfərsoy düşünür ki, Gürcüstan müxalifəti də məhz Vaşinqtonun yanaşmasına görə ondan impuls alır:
"ABŞ daha rasional, yumşaq yanaşma tövsiyyə etsə, müxalifət də bu çərçivədən kənara çıxmayacaq. Avropa İttifaqında da Rusiya ilə yumşalma prosesi öncəlik qazanıb. Xüsusən də Almaniya hazırda Moskva ilə münasibətləri yumşaltma istiqamətində hərəkət edir. Aİ Ukrayna böhranı səbəbindən enerji və iqtisadi böhrandadır. Belə olan halda enerji keçid nöqtəsi olan Gürcüstanda böhranın yaranması Aİ-nin strateji maraqlarına cavab vermir. Çünki Azərbaycan və Türküstanın enerji ehtiyatları Azərbaycan və Gürcüstan üzərindən Avropaya axır. Gürcüstan Türkiyə və İsrailin enerji təhlükəsizliyi baxımından da strateji koridordur. Çünki hər iki ölkə özünün enerjiyə olan ehtiyacını Gürcüstandan keçməklə əsasən Azərbaycandan alır. Ona görə nə Türkiyə, nə də İsrail bölgədə böhranın yaranmasında maraqlı olmayacaq. Azərbaycan da bu böhranın baş verməsini istəmir".
Ekspertin fikrincə, Rusiya da prosesin Qərbin istəyinə uyğun getməməsi üçün Gürcüstanla bağlı əngəlləyici mövqe ortaya qoyacaq:
"Bu isə bölgədəki böhranı daha da böyüdə bilər. Bir sözlə, Gürcüstanda Ermənistandakı kimi müəyyən gərginlik, iğtişaşların olması mümkündür. Ancaq bunun böyük böhrana keçməsi, müxalifətin hakimiyyətə gəlməsi ehtimalı zəifdir. Bəlkə məsələnin daha da dramatikləşməməsi üçün Gürcüstan hakimiyyəti yeni prezidenti daha uzlaşma ilə seçmək qərarına gələ bilər. Bununla da siyasi gərginlik azala da bilər".
Qeyd edək ki, Gürcüstanda seçkilərdən sonra başlanan gərginlik davam edir. Görünən odur ki, müxalifət küçə aksiyalarını daha da gücləndirmək niyyətindədir. Ancaq iqtidar da prosesə hazır görünür. Onlar da öz mövqelərində qətidir. Bu gün səhər saatlarında Gürcüstanın paytaxtı Tiflisin mərkəzində vəziyyət yenidən gərginləşib. Məlumata görə, hüquq-mühafizə orqanları ərazini tərk etməklə bağlı xəbərdarlıq etdikdən sonra etirazçıları dağıtmağa başlayıb. Həbslərin olduğu bildirilir. Yayılan son dəqiqə məlumatına görə, polis Tiflisin mərkəzindəki Melikişvili prospektini tamamilə nəzarətə götürərək etirazçıları yolun hərəkət hissəsindən uzaqlaşdırıb. Paytaxtda keçirilən aksiyada bir neçə etirazçı saxlanılıb. Yerli KİV-in məlumatına görə, bir nəfər xəsarət alıb və o, təcili tibbi yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. Bir sözlə, Gürcüstan növbəti gərginlik ocağına çevrilmək ərəfəsindədir.
Rüfət Sultan
Şərhlər