Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "XX əsrin sonlarında Milli ideoloji mübarizənin Elçibəy formulu" mövzusunda dəyirmi masa keçirilib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, konfransın təşkilatçısı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olub.
Əbülfəz Elçibəyin 80 illiyinə həsr olunmuş konfransda bir vaxtlar Elçibəyin səlahiyyətli nümayəndəsi olmuş Anar Əsədli "Demokratiya döyüşçüsü" adlı məruzə ilə çıxış edib.
Konfransda Elçibəyin silahdaşları, yaxınları, tanınmış ziyalılar, istiqlalçı deputatlar iştirak edib və məruzə ətrafında çıxışlar edərək, Elçibəy haqqında fikirlərini paylaşıblar.
Anar Əsədlinin sözügedən məruzəsini oxucularımıza təqdim edirik.
Demokratiya döyüşçüsü
Bugünki məruzəmin mövzusu və toplaşmağımızın səbəbi XX əsrin sonlarında Azərbaycanda fenomenal şəxsiyyətə çevrilən Elçibəydir. Ona görə fenomenaldır ki, özünün bütün müsbət və mənfi, çatışan və çatışmayan tərəfləri ilə əslində Elçibəy elə XX əsrin 2-ci yarısından sonrakı Azərbaycan deməkdir.
Məruzəmə başlamadan öncə bir məsələni qeyd etmək istərdim. ADR-in, Elçibəyin 80 illiyi ilə bağlı tədbirində məruzə söyləmək təklifi alanda və məruzənin mövzusunu biləndə elə ilk olaraq gözümün önunə bu təşkilatın yaranmasında fəallıq göstərən milli azadlıq hərəkatından tanıdığım insanlar gəldi. Vurğun bəylər, Ədalət bəylər, Hüseyin bəylər, Adil bəylər, Məlahət xanımlar, Ellada xanımlar və adını çəkmədiyim bir cox dəyərli insanlarımızı düşündüm. Müstəqil Azərbaycana aparan yolu məhz bu insanlar saldılar. İnamlı, fədakar, davasına sadiq, kiçik maddiyyatla mübarizəsinə davam edən insanlar. ADR yarandığı gün orada uzun illər Xalq Hərəkatından şəxsən tanıdığım bir çox insanı gördum.Təzə yaranan bu siyasi təşkilat çoxdan tanıdığım insanların çiyinləri üzərində qurulurdu...
Onlar bu gün də həyatın çətinliklərindən şikayətlənmədən, uğrunda əziyyət çəkdikləri vətəndən heç bir şey istəmədən yollarına davam edirlər, hər yeniliyə həvəslə qatılırlar, hər yeni yanan işıqla cəmiyyəti aydınladmaq istəyirlər. Ümidlərini üzmürlər.
Ümid edirəm ki, bu insanlarin təcrübələrindən yararlanan siyasi təşkilatlar AĞIL VƏ YURDSEVƏRLİKLƏ millətimizə və dövlətimizə faydalı ictimai-siyasi fəaliyyət qura biləcəklər.
Elçibəy kim idi, nə arzulayırdı, bu cəmiyyətə nə vərmək istəyirdi? Bu suallar adekvat olaraq başqa suallara meydan açır: Biz kimik, tarixdəki yerimiz nədir və bu gün nə istəyirik? Bütün bu suallara cavablar vərilir, doğru və ya yanlış mövqelər, obyektiv və ya da subyektiv yanaşmalar olur. Onların bəziləri səmimi, bəziləri sifarişli, bəziləri qərəzli, əksəriyyəti sevgi doludur. Amma ən əsası, bütün cavablar axtarış deməkdir.
Elçibəy şəxsiyyətinə münasibət heç vaxt birmənalı olmayıb, onu sevənlər və sevməyənlər var idi. Sevməyənlərin niyə sevmədiyini bu gün müzakirə etməyək. Sual oluna bilər: Niyə Elçibəy şəxsiyyətinə bu qədər maraq var? Onu bütləşdirməyə ehtiyac varmı? Əlbəttə, qüsursuz lider yoxdur. Bu dünyada gəlmiş-keçmiş bütün liderlərin qüsurları, yoldan sapmaları olub və var. Bu, təbiidir! Lakin bütün xalqlar özgüvənlərini qorumaqdan ötrü siyasi liderlərinə sahib çıxıb, onların bəşəri xidmətlərini önə çəkiblər.
Öz liderlərinin, tarixi şəxsiyyətlərinin yalnız qüsurlarını önə çıxaran xalqlarda natamamlıq kompleksi yaranır, vətəndaşları özünə güvənmir, fərdlər birlikdə yararsız bır topluma çevrilir.
Məhz bu səbəbdən biz Elçibəy şəxsiyyətinin bütün tərəfləri ilə müzakirə edilməsini lazımlı bilirik.
Əlbəttə, Elçibəyi sevənlərin də ona münasibəti birmənalı deyildi. Bəzən onu sevənlərdən eşitdiyimiz bir fikrin üzərində dayanmaq vəelə burdan yola çıxmaq istəyirəm. Deyirdilər ki, Bəy siyasət adamı, prezidentlik üçün uyğun şəxs deyildi, o, sadəcə milli dava adamı, sadə, millətini sevən bir ruh adamı, yaxşı ideoloq idi. Həqiqətən də, Elçibəyin boynunda bir neçə ağır vəzifə vardı: o, həm ideoloji xəttin lideri, həm siyasət adamı, həm partiya rəhbəri, həm bütöv Azərbaycan davaçısı, həm Turan yolçusu idi. Və eyni zammanda da, böyük bir demokrat idi. Hətta bir az irəli gedib deyə bilərik ki, demokratiya döyüşçüsü idi. Milli davaçının həm də demokrat olması çətin idi. İnqilabdan sonra hakimiyətə gələn kəsimin var gücü ilə demokratik dəyərləri cəmiyyətə yeritmək istəməsi mümkünsüz görünürdü. Elçibəy bunu başa düşürdü, lakin inadla döyüşürdü. Elə özü deyirdi ki, demokratiya bizim varlığımız deməkdir, mənəviyyatımız deməkdir. Əgər demokratiya inkişaf etməyəcəksə, bu dünyada heç nə qazana bilməyəcəyik, qazandıqlarımza da hissə-hissə itərəcəyik.
Məhz inadla döyüşməsi onu bəzən bu qədər xəyalpərvər, reallıqdan uzaq kimi göstərirdi. O da başa düşürdü ki, inqilablardan sonra hakimiyyətə gələnlər sərt qanunlar tətbiq edirlər. Düşmənlərini əzir, rəqiblərini yox edirlər. Əks halda həmin rəqiblər baş qaldırıb üsyan edəcəklər ki, biz bunu 4 iyun qiyamında gördük. Bu labüd idi və bizim 4 iyunda yaşayaraq gördüyümüzü Elçibəy 1 il əvvəlcədən görmüş və parlamentdə söyləmişdi:
"3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız. Mümkün deyil asxlamaq. Bunun qaydası var. Prezident o ölkədə seçilir ki, həm onu əldə saxlaya bilsin, həm də bu prezident nə vaxtsa diktatora çevrilmək istəyəndə onu saxlayan, qarşısını alan mexanizm olsun. Yoxdu axı bizdə. Yoxdusa, olmayacaq, özünüzü yormayın. Prezident saxlamaq üçün institutlar olmalıdır. Hakimiyyəti 3 yerə bölərlər, hər biri də müstəqildir. Biri qanun hazırlayır, biri icra edir, biri də tam müstəqil prezidentt olur. İstənilən vaxt aşağı təbəqənin nümayəndəsi prezidenti məhkəməyə verir və istədiyini alır, yoxdu axı bu institut. Kimi seçirsiniz-seçin, 1 il sonra yıxacaqsınız”.
O, onu devirmək istəyənləri əzə bilərdi, lakin yaxşı bilirdi ki, bu gün sərtləşən Elçibəy təkcə düşmənlərini əzməyəcək, eyni zamanda, nə vaxtsa cücərəcək demokratik dəyərləri də məhv edəcək. O, şəxsən siyasi meydanda məğlub ola bilərdi və oldu da, amma demokratik dəyərlərin məğlub olmasına və demokratiya adı altında hakimiyyətə gəlmiş qüvvələrin həmin demokratiyanı boğmasına izn vərməzdi və vərmədi də. Çünki Elçibəy yaxşı bilirdi, sonda qalib gələn şəxslər deyil, fikirlər olur. Bir gün onun gətirdiyi fikir meydanın tək qalibi olacaq.
Özü bu barədə belə deyirdi: "Məgər mən Əhməd Cavaddan, Hüseyin caviddən, Hadidən artıq oğulam? Səttərxan, Xiyabani, Rəsulzadə nə bəlalar, faciələr görmədilər...Ancaq Azərbaycanın xoşbəxtliyi uğrunda mübarizədən geri çəkilmədilər. Onları gedər-gəlməzə göndərib, ondan sonra da 40-50 il yaşayaıb fəxri ad alanlar, döşlərini orden-medalla dolduran əqidəsizlər cismani yoxluqlarıyla, eyni zamanda, mənəvi ölümə də düçar oldular. Cavid və Cavad kimi dühalar isə əqidədən dönməmək naminə cismani yoxluğunu qurban verərərk şərəfli əbədiyyət qazandı”.
Məhz Böyük Fikirlər yaşadığı üçün Elçibəy və onun həmfikirləri, təməli XX əsrin əvvəllərində qoyulmuş o böyük fikrin – müasirləşməklə milli kimliyin qorunmasının bir arada olmasının vacibliyini çox gözəl başa düşürdülər. Tarixin axışından asılı olaraq, siyasi hadisələr və hətta hakimiyyətlər tez-tez dəyişə bilər. Lakin bir dövlətin var olması, bir millətin özünü ifadə etməsi üçün mütləq milli fikir olmalıdır.
Dövlət quruculuğu anlayışı olduğu kimi, millət quruculuğu anlayışı da var. Dövlət və millət quruculuğunda milli fikir həyatımızı Elçibəysiz təsəvvür etmək mümkün deyil.
Əgər milli-azadlıq hərəkatında Elçibəy formulunu müəyyən etmək mümkün olsaydı, belə deyərdik: "İmperailizmin əsarətindən azad olmaq üçün millət haqqındakı fikrlərinin, tarix, tarixi şəxsiyyətlər, dil birliyinin rolu haqqındakı fikirlərinin, onun "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” şüarının, "Azərbaycan xalqı türklüyünü dərk edəndən sonra milli problemlərini həll etməyə çalışacaq” düsturunun cəmi. Çox uzatmadan Bəyin azadlıq barədə fikirlərindən bir sitatı qeyd edirəm:
"Azadlq mənəvi tələbatdır, ideya tələbatıdır. Azadlıq təmtəraqlı materialist yaşayışı yox, sadəcə, başqasının köləsi olmamaq, öz düşüncə və əməllərini özünün istədiyi kimi sərbəst gerçəkləşdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib. Deyirlər ki, doğrudur, azadlığı qazandıq, ancaq nə olsun, çörək bahalaşdı, hər şeyin qiyməti qalxdı. Çörəyin bahalaşmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə deyil, qarınla müəyyənləşdrilmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının faciəsidir”.
Azərbaycanın milli kimliyinə qarşı savaş açan ruslar ona görə Azərbaycanda milli kimliyə qarşı çıxa bilmədilər ki, sovət hakimiyyəti qurulanda artıq müsavatçılıq ideologiya kimi ortada idi. XX əsrin sonlarında da hakimiyyət dəyişikliyinə baxmayaraq, xalq hərəkatının gətirdiyi milli azadlıq sevdası və demoratik cəmiyyət qurmaq istəyi bu gün də hər kəsin dilə gətirdiyi və görmək istədiyi bir reallıqdır. Elçibəy və silahdaşalarının başladıqları yol da məhz buna söykənirdi: demokratiya və milli azadlıq. Onlar yaxşı başa düşürdülər ki, bir millətin var olması üçün hər iki fikrin bir arada gerçəkləşməsi labüddür.
Hər bir xalqın bir millət kimi formalaşıb tarixi səhnəyə çıxması üçün dövlət qurması vacib şərtdir. Əks halda, yəni dövlətsiz bir xalq, sadəcə, bir toplum halında yaşamağa və assimilyasiya olmağa məhkumdur.
Lakin dava təkcə demokratiya və Azərbaycanın müstəqillik davası deyildi. O qədər boşluqlar var idi ki, Elçibəy bunların hamısını tamamlamağa çalışırdı. Güney Azərbaycan davası, türk kimliyindən xəbərsiz dünyada yaşayan çoxsaylı türklər – bütün bunlar Elçibəyi bir fikir adamı kimi düşündürməyə bilməzdi. Məhz bu səbəbdəndir ki, Kələkidən qayıdan kimi siyasi mübarizə ilə bərabər böyük bir ideoloji mübarizəyə də qol qoydu – Bütöv Azərbaycan Birliyini yaratdı. Bilirdi ki, bu, yenə ittihamlarla qarşılanacaq. Bilirdi ki, onu yenə xəyalpərəstlikdə ittiham edəcək, ironiyayla yanaşacaqlar. Və o ərəfədə həm də bunları o qədər incəliyi ilə bilirdi ki, 4 il 4 ay zatən hər gün bu ittihamlarla üz-üzə idi. Lakin bunu o etməsəydi, başqa kimsə etməyəcəkdi və necə ki bu gün də etmir. Bu boşluğu Elçibəydən başqa kimsə doldura bilsəydi, Elçibəy yolu sevə-sevə ona vərərdi. Lakin hər şeyi yaxşı görən bəy bu boşluğu da görürdü. Sual oluna bilər: bir siyasi lider hakimiyyətə gəlmək kimi hədəfin olduğu bir zamanda niyə bu ideyaya elavə vaxt, enerji xərcləyirdi? Əbülfəz bəy anlayırdı ki, Meydan Hərəkatından artıq 10 ilə yaxın bir vaxt keçir, qarşıda ciddi bir nəsil dəyişimi baş vərecək və yeni yetişən nəsli siyasi cəhətdən ciddi yetişdirmək lazimdır.
Bəy hökumətə qarşı narazılıqla dövlətə qarşı xəyanət arasındakı incə cizgini gənclərimizə aşılamaq istəyirdi. Bu baxımdan da Bütöv Azərbaycan Birliyinin hər şənbə günü ideoloji təbliğat məqsədi ilə təşkil etdiyi tədbirlər güclü siyasi tərbiyəvi əhəmiyyət daşıyırdı. Saf millətçi gənclər ilk addımlarını düzgün siyasi kursu anlayaraq atırdılar. Azərbaycanda nəinki İran və Rusiya, heç bir yad qüvvə və dövlət ideoloji baxımdan at oynada bilməzdi. Heç bir qüvvə öz tulalarını burda yalançı qəhrəmana çevirə bilməzdi. Gəncliyin bu ruhda yetişdirilməsini həm də ona görə çox istəyirdi ki, ölkənin gələcəyi ilə bağlı bütün ümidlərini yanında dayanan bu intellektual gəncliyə bağlamışdı. Tarixçi alim olaraq dərk edirdi ki, cəmiyyətdə gedən bütün proseslərin qazancı adətən intellektuallar və gənclik olur.
Bəy bu cəmiyyəti həm də radikal çıxışlardan qoruyurdu. Məhz bu səbəbdən Azərbaycanda heç bir radikal dini qurum meydan sulaya bilmirdi.
Misal üçün, son illər ölkəmizdə İran əlaltılarının meydanda at oynatması və eyni zamanda, Azərbaycan siyasi partiyalarının və xüsusən də müxalif düşərgənin bir hissəsinin buna loyal yanaşması acı bir həqiqətdən xəbər verir: ölkədə ideoloji boşluq var və bu boşluq cəmiyyətlə siyasətçilər arasında uçurumu dərinləşdirir.
Milli kimlik məsələsindəki boşluq sovetlər dağılandan sonra özünü daha çox büruzə verdi. Xalq hərəkatının cəmiyyətdəki rolu azaldıqca bəzi ölkələrin yetişdirdiyi "yeni dindarlar” dalğası rüzgar əsdirməyə başladı. Bu baxımdan, nə vaxta kimi ki, milli məfkurə xalqın ziyalıları tərəfindən cəmiyyətə lazım olan səviyyədə çatdırılmayacaq, təbliğ edilməyəcək, bu kimi neqativ hallar davam edəcək. Gah xristian missionerləri meydanda at oynadacaq, gah sünni-şiə qarşıdurması baş alıb gedəcək, gah da havadan kommunizm qoxusu gələcək. Və bütün bu mənfi halların nəticəsi kimi biz qarşımızda öz milli kimliyinə ironiya ilə baxan, irreal "dünyəvi, bəşəri" ideyaların daşıyıcıları olan indiki gəncliyi görəcəyik. Bu prosesdə də ən çox itirən elə məhz həmin gənclik olacaq.
Elçibəyin vəfatından sonra 18 ilə yaxın bir müddətdə Bütöv Azərbaycan davası aparan, prosesləri idarə edən, yönəldən ideoloji lider olmadı. Lider yoxdursa, bu etiraz, bu dava bizi məğlubiyyətə düçar edər, bu məğlubiyyət isə, bəlkə də, 100 illər boyu insanların birləşmək istəyini ürəklərdən, Bütöv Azərbaycan ideyasını bəyinlərdən silə bilər. İnsan ölümləri, qan, həbslər insanların gözünü qorxudar və bu ideyanın gerçəkləşməsini ləngidər.
Məhz bu baxımdan da Elçibəy BAB-ı tez bir zamanda və gərgin bir siyasi dönəmdə yaratdı ki, Cənubda baş vərənləri nəzarətsiz buraxmayaq, bütün durumlara hazır olaq. Orada yaşanacaqlar bizim fikir və qərarımızdan asılı olmasa da, baş vərənlərə hazır olmaq və durumu öz xeyrimizə dəyişmək əlimizdə olsun. Yenə özünün bir fikrinə söykənərək söyləyirəm:
"Bizim millətin hər zammn bütövlük ruhu olub, amma önəmli olan o ruhu şüur halına gətirməkdir. İndi də ruhumuz var, onu şüura çevirənədək isə səbrli olmaq, hazırlaşmaq lazımdır”.
O cəmiyyətdəki həm milli, həm dini ideoloji boşluğu yaxşı görürdü. Əlbəttə, analiz edirdi və nəticə çıxarırdı. Bir şeyi unutmayaq ki, Elçibəy yaxşı bir tarixiçi alim idi, Şərqi gözəl bilirdi, dini gözəl bilirdi və Şərq xalqlarının psixologiyasını gözəl biliridi. Onun "Bütöv Azərbaycan yolunda” kitabı, əslində, bütün ittihamlara cavab idi. Elçibəy bilirdi ki, bir şərqlinin padşah idealına uyğun tip deyil. Bu gün Avropada velosipedlə, metroyla, avtobusla işə gedən dövlət başçılarını görürük. Və bunlar o dövlətlərdir ki, demokratik dəyərlər və əhalinin rifahına görə dünyada birincidilər. Amma Şərqdə padşahın nəinki velosipedlə işə getməyi, hətta maaşını gözləyib qızına ayaqqabı alması belə onu güclü yox, zəif göstərir. Bir şərqli padşah tiran, diktator ola bilər, amma sadə ola bilməz. O, xalqdan ola bilməzdi, olarsa, padşah olmayacaqdı. Şərqdə demokratik prezident institununun padşahlıqdan fərqli olduğunu, fikir müxtəlifliyinin dövlətə qarşı deyil, əksinə dövlət dəyərlərinin möhkəmlənməsinə xidmət etdiyini aşılamaq istəyirdi. Ona görə ki, bir məsələyə, problemə fərqli yanaşma sonda düzgün nəticənin əldə olunmasına gətirib çıxarır. Amma onu da gözəl bilirdi ki, cəmiyyət Elçibəyin bu yanaşmalarından hələ çox uzaqdadır. Gətirmək istədiyi Qərb dəyərləri bu şərqli cəmiyyət üçün çox uzaqdı və bu xalq onu devirəcək. Bəlkə də, etiraz edən ola bilər ki, Elçibəyi xalq devirmədi, amma üsyana etinasızlıq və çarəni başqa yerlərdə axtarmaq elə onu devirmək idi. Yuxarıda da qeyd etdiyim kimi, bunu bəy özü də deyirdi ki, bu xalq indi hakimiyyətə gətirdiyini 1 il sonra özü devirəcək.
Hətta bəzən deyirlər ki, Elçibəy bu xalqı kor-koranə sevirdi, bu xalqın qüsürlarını görmürdü. Elə deyildi, tam əksinə, Elçibəy xalqı necə vardısa görürdü, onun psixolgiyasını yaxşı dərk edirdi və düzgün nəticələr çıxarırdı. Lakin Elçibəy bir şeyi də başa düşürdü ki, bu xalq onundur, sevilməlidir və uğrunda mübarizə aparmalıdır. Bəyin özünün də dediyi kimi, bu məsələyə idealist kimi yanaşırdı və deyirdi: "Mən xalqdan razıyam, heç vaxt ondan narazı olmamışam və ola da bilmərəm. Həmişə də deyirəm ki, insan Xaliqə yaxınlaşmaq istəyirsə, xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir”. Hətta burda onun zarafatla səsləndirdiyi bir fikri də qeyd etmək istəyirəm. O xalqa qarşı olan ittihamlardan birinə bele bir cavab vermişdi: "Mən Fransadan bura xalq gətirəsi deyiləm, olan budur”. Lakin bəzən siyasətin xalqın düşüncəsi ilə uyuşmadıgını da qeyd edirdi.
Yenə özündən sitat gətirəcəm: "Siyaət boksçu oyununa bənzəyir, məsələn boksçu əgər rəqib zərbəsi qarşısında boynunu əyməsə, yeri gələndə arxaya və ya yana tullanmasa, tez vurula bilər. Bizdə isə hərəkatı iki addım geri çəkəndə deyirlər ki, qaçdı, bu, pis psixologiyadır. Adamları, hərəkatı manevr etməyə qoymur”.
Dəfələrlə dilə də gətirmişdi ki, elə bir cəmiyyetin qurulmasını istəyirım ki, diktatorlar hakimiyyətət gələndə cəmiyyət özü ona təpki göstərsin, onlara imkan vermesin. Bezen Elçibəyi qatı millətçilikdə ittiham edirlər, həqiqətən Elçibəy millətçi idi, Turan yolçusu idi, türk kimliyimizi bizə anladan ideoloji xəttin başında dururdu, lakin heç bir zaman Elçibəy üçün millət, dövlət anlayışı insan anlayışından ayrı durmamışdır. Hər bir millətin azad yaşamasını, dövlət qurmasını vacib hesab edən bəy bu dövlətdə əsas dəyərin insan olduğunu önə sürürdü. Milli azlıqlarla bağlı həyata keçirilən dövlət proqramları ilə bağlı söylediyi fikirlərdən birində belə deyirdi: "Bu gün ləzgilər, avarlar, aşağı siniflərdə öz dillərində dərs keçirlər və o dərsi keçəndə bizə dua edirlər ki, nə yaxşı öz əlifbamızı verdilər, dilimizdə əlifba buraxdılar. Biz hökumət olaraq bu prosesin həyata keçməsinə kömək edirdik, yəni demokratiyanı, insan haqlarını nəzərə alırdıq.” Və Bəy təkcə öz dövlətinin sərhədləri içərisindəki insanların millətçisi deyildi, bütün dövlətlərdə rifah içində yaşayan millətləri görmək istəyirdi.
Xarici siyasətlə bağlı fikrlərindən bir örnək gətirim: "Məni İran da, Səddam Hüşeyn hökuməti də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq bildirdim ki, o cür yırtıcı, irtiraçı dövlətələrə getmərəm, bu, mənə yaraşmaz. Deyək ki, getdim İraqa, Səddam Hüseyn də məni yaxşı qarşıladı. Hətta yardım da etdi. Bəs Səddamın günahsız məhv etdirdiyi minlərcə adamın ailələri deməzmi ki, sən də namərd oldun? Bəs onların ah-naləsi necə olsun?!”
Və hakimiyyətdən gedəndən sonra bir illik hakimiyət dəyərləndilməsi ilə bağlı etdiyi söhbətlərdə yenə belə bir fikir səsləndiriridi: "Birillik hakimiyyətimiz dövründə fəaliyyətimizin çox mühüm sahəsi olan xarici siyasətdə uğurlarımız da oldu, uğursuzluqlarımız da. Lakin ümumi şəkildə götürsək deyə bilərik ki, biz məhz xarici siyasət sahəsində qazandığımız nailiyyətlərin qurbanı olduq”. Ancaq məğlubiyyətə baxmayaraq, Əbülfəz bəy yürütdüyü bütün fikirlərdə və getdiyi yolda çox qətiyyətli idi. Onu qətiyyətsizlikdə ittiham edenlərə Bəy özü belə cavab verirdi.
"Mən çox qətiyyətli adamam” deyirdi. "Mən öz xalqımı sevdiyim üçün onunla məhəbbətlə davranmışam. Dövlət başçısı öz qətiyyətini ölkəsinin, dövlətinin içində öz vətəndaşlarına yox, çölündə düşmənlərinə göstərməyi bacarmalıdır” tezisini irəli sürürdü. Qətiyyətlilik odur ki, sən hər cür əzab-əziyyətdən keçərək xalqın xoşbəxtliyi uğrunda sonadək çalışasan. Burada sən bəzən öz şəxsiyyətini də qurban verməli olursan, sənin şəxsiyyətin itir, xalqın vahid ruhundə əriyir. Doğrudan da qətiyyətlisənsə, sənin haqqında hər şey deyiləcəyini gözə alıb özünü ümumi məqsəd yolunda qurban verməyi bacarmalısan. Kim haqqı cox sevirsə, qətiyyətli adam odur. Qətiyyət qan tökməklə ölçülməz. Və bu fikirləri ancaq ruhən və mənən idealist, alim və siyasətçi, müəllim və ideoloq olan böyük bir dövlət adamı söyləyə bilərdi.. Əbulfəz bəy burada səsləndirdiyimiz və səsləndirmədiyimiz çox fikri ilə 20-ci əsrin ikinci yarısını özündə təcəssüm etdirirdi. O bir siyasət adami id, ruh adami idi, amma ən əsası, böyük Turan yolçusu idi. Elçibəyin ömrünün son günlərini də daha çox BAB in toplantılarına həsr etdi. Və hər toplantıda o çıxışlarını böyük ruh yüksəkliyi ilə bitirirdi. Məruzəmin sonunu mən də həmin ruhla bitirmək istəyirəm.
Bir zamanlar bizə ümidlə baxan Əli bəy Hüşeynzadələr kimi, biz də eyni ümidlə gələcəyə baxaq deyə bu şeir parçasını söyləmək istəyirəm.
Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan!..
Bir dindəyiz biz, həpimiz hak-pərəstan;
Mümkünmü ayırsın bizi "İncil” ilə "Quran”?
Hədəfimiz həp TURAN, TURAN, TURAN!
Anar Əsədli
Bakı şəhəri, 20 iyun 2018 ci il
Şərhlər