Xəbər lenti

Eldar Mahmudovun yeni milyardları... -
Ekonomiks 11:33 11.07.2020

Eldar Mahmudovun yeni milyardları... - "Zaminbank" ona necə kömək edib?

"Zaminbank" ASC-nin keçmiş rəhbərləri, hansı ki, Baş Prokurorluq tərəfindən həbs olunduqları barədə iki gün əvvəl məlumat yayılıb, ləğv olunmuş MTN-in generallarının və onların poqonlu mütəşəkkil cinayətkar dəstəsinə rəhbərlik etmiş sabiq nazir Eldar Mahmudovun çirkli pullarının yuyulmasında iştirak ediblər.

Baş Prokurorluğun Mətbuat Xidmətinin daha əvvəl məlumat verdiyi kimi, həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş "Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılan 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərinin köməkliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


Nadir İsmayılov

İstintaqla, həmçinin müəyyən edilib ki, Nadir İsmayılov bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edib.

Qeyd olunan qanunsuz əməllərə görə N.İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühum ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

"Zaminbank” rəhbərliyinin Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar generalları ilə sıx əlaqələri barədə ölkə mediası hələ bir neçə il əvvəl yazırdı. Banka nəzarəti bilavasitə Milli Təhlükəsizlik Nazirliyi Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin ağır cinayətlərdə təqsirləndirilən və məhkum olunan keçmiş rəis müavini Fizuli Əliyev həyata keçirirdi. Onun qardaşı Elşən Əliyev bankın filiallarından birinə rəhbərlik edirdi.

Fizuli Əliyevin özü, Mahmudov bandasının əsas fiurantlarından olan və hazırda barəsində axtarış elan edilmiş Akif Mustafayevin (daha çox "Akula Akif” kimi tanınır) cinayətkar qruplaşmasına daxil idi. A.Mustafayev sabiq nazirə hələ "OBXSS”də işlədiyi vaxtlardan ən yaxın agent idi. E.Mahmudov Akif Mustafayevə etibar edirdi və o, nazirin şəxsi cinayətkar əmrlərini icra edirdi.


Axtarılan "Akula”

Fizuli Əliyev məhz "Akula Akif"ın himayəsi sayəsində Milli Təhlükəsizlik Nazirliyində karyera pillələri ilə yuxarı qalxdı və tezliklə Azərbaycana qızıl-zinət əşyalarının idxalına, pul köçürmələrinə və müxtəlif şirkətlərin fəaliyyətinə nəzarət etməyə başladı.

İstintaq və məhkəmə araşdırması zamanı Fizuli Əliyevin yüzlərlə sahibkara qarşı çoxsaylı cinayətlər törətdiyi və Azərbaycan sahibkarlığının bütün təbəqəsini, faktiki olaraq, iflas vəziyyətinə gətirdiyi məlum olub. Fizuli Əliyev məhkəmə ifadəsində ağır cinayətlərdə MTN rəhbərliyi ilə birlikdə iştirak etdiyini etiraf edib.


Fizuli Əliyev

"Zaminbank” rəhbərliyinin cinayət izləri qonşu ölkələrdə də tapılıb. Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə Azərbaycandan Rusiyaya həftədə bir dəfə qanunsuz olaraq 20 milyon dollar vəsait keçirən "Zaminbank” rəhbərliyinin maraqlarını təmsil edən vasitəçilərin kimliyi müəyyənləşdirilib. Böyük maliyyə axınları məhz "Zaminbank”da nağdlaşdırılb. İstintaq bankın rəhbəri Nadir İsmayılovun general E.Mahmudovun kapitalının ölkədən çıxarılmasının təşkilində şəxsən iştirak etdiyindən şübhələnir. Üstəlik, istintaq cinayətkar kapitalın Avropa ölkələrinə məhz bu bank vasitəsi ilə çıxarılması barədə əməliyyat məlumatlarına malikdir. Sonradan bu milyardlara, Britaniya nəşri "Guardian”ın araşdırması nəticəsində məlum olduğu kimi, Qərbdə lüks əmlaklar alınıb.

"Zaminbank" rəhbərliyinin qalmaqallı işini və Eldar Mahmudovun cinayət sxemlərində iştirakını nəzərə alsaq, bankir Malik Əliyev və onun ortağı Rüfət Vəliyevin hay-küyə səbəb olmuş sensasiyalı əməlləri arasında bir oxşarlıq olduğu görünür. 2019-cu ilin iyun ayında "RoyalBank”ın filialının müdiri Malik Əliyev və ortağı Rüfət Əliyev uzunmüddətli həbs cəzasına məhkum edildilər. İstintaq sənədlərinə görə, 2012-ci ildə MTN-in mütəşəkkil cinayətkar dəstəsinin hakimiyyətinin gücləndiyi və inkişaf etdiyi bir dövrdə kiçik bir bank müdiri və ortağı günlük əməliyyatlar yolu ilə 7 milyard dollardan çox vəsaiti nağdlaşdıraraq, həmin şübhəli pulları Eldar Mahmudovun nəzarətində olan banklar vasitəsi ilə Qərb ölkələrinə aparıblar. İlkin və məhkəmə istintaqları zamanı təqsirləndirilən şəxslər istintaqla əməkdaşlıqdan imtina etdilər və fantastik kapitalın əsl sahibinin adını çəkmədilər. Bununla belə, hüquq-mühafizə orqanları hələ də şübhə ilə elə düşünürlər ki, cinayətkarların nağdlaşdırdıqları pullar keçmiş nazirin korrupsiya yolu ilə əldə etmiş olduğu aktivlərdir.

Virtualaz.org ABŞ sanksiyaları altında olan İran şirkətlərinin aktivlərinin yuyulmasında iştirak etmiş "Royalbank”ın qalmaqallı işini təfərrüatı ilə hələ 2017-ci ildə işıqlandırmışdı. Qərb mənbələrinə görə, bu kriminal-maliyyə yuvasında 50 milyard dollardan çox pul yuyulmuşdu. Bu baxımdan, "Zaminbank” işi daha böyük maraq doğurur, çünki "RoyalBank”ın istifadə etdiyi cinayət sxemləri Eldar Mahmudovun bütün cinayət şəbəkəsində istifadə olunub...

Mənbə: Virtualaz.org

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->