Ziyalılar Forumunun təsisçilər şurasının üzvü Eldar Namazov “Yeni Müsavat”a açıqlama verərək, Rüstəm İbrahimbəyov tərəfindən hazırlandığı bildirilən "Milli Şura üzvləri"nin siyahısından danışıb.
E.Namazov Ziyalılar Forumunun belə bir siyahı hazırlamadığını bəyan edib: “Bu siyahını mən mediadan oxudum. Milli Şura ilə bağlı danışıqlarda birbaşa iştirak edən və Rüstəm müəllimlə, demək olar ki, hər gün əlaqə saxlayıb fikir mübadiləsi aparan adam kimi, deyə bilərəm ki, bu siyahı Rüstəm İbrahimbəyovun siyahısı deyil. Belə bir siyahı danışıqlarda müzakirə predmeti də olmayıb. Heç başqa siyahı da olmayıb. Müzakirə predmeti hələlik yalnız Milli Şuranın məqsədləri, məramları, iş qaydaları və digər təməl prinsipləri ətrafında olub. Müzakirələr çox yaxşı keçib. Əsas məsələ ətrafında da ümumi bir fikir formalaşıb. Bu da bizə imkan verib ki, danışıqların birinci hissəsi ilə bağlı pozitiv qiymət verək. Növbəti mərhələdə danışıqlarda digər məqamlar müzakirə predmeti olacaq”.
E.Namazov sözügedən siyahını son vaxtlar mediada yayılan "kölgə kabineti" siyahıları ilə müqayisə etdi: “Cəmiyyət üçün maraqlı olan mövzular ətrafında müxtəlif insanlar müxtəlif versiyalar irəli sürürlər. Yəqin bu Milli Şura ideyasını da cəmiyyət maraqlı sayır və bu aktuallığı, marağı nəzərə alıb kimlərsə siyahı tərtib edib. Bu başdan onu da deyim ki, o siyahıda adı olan adamları cəmiyyət tanıyır. Əgər beş adamdan xahiş etsəniz ki, Milli Şuranın siyahısını tərtib et. Həmin beş siyahının 70-80 faizində eyni adamların adını görərsiniz. Ona görə də o siyahıda adı gedən adamlara hörmətlə yanaşaraq, bəyan edirəm ki, siyahı Rüstəm İbrahimbəyov tərəfindən hazırlanmayıb. Siyahı onu mediada yayan adamların öz məhsuludur”.
Qaynar.info
Şərhlər