Xəbər lenti

Eldəniz Quliyev Milli Şuranı ittiham etdi
Siyasət 11:58 04.09.2013

Eldəniz Quliyev Milli Şuranı ittiham etdi

“Milli Şurada təmsil olunan partiyalar bizə qarşı yönələn ittihamlarla bağlı mövqesizlik nümayiş etdirir”.

Bu açıqlamanı APA-ya “EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev verib.

E. Quliyev deyib ki, Milli Şuradan narazılıq da, inciklik də mövcuddur: “Əsas narazılıq isə bizə yönələn təzyiqlərin qarşılığında, heç bir dəstək nümayiş etdirməmələridir: İki həftədir “EL” Hərəkatının rəhbərliyi istintaqa çağırılır. Amma müttəfiq olaraq, Milli Şurada təmsil olunan partiyaların heç biri dünənə qədər münasibət bildirmədi. Bununla da onlar mövqesizlik nümayiş etdirmiş oldular. Bu da təbii olaraq, bizdə narazılıq yaratdı”.

E. Quliyev narazılıq yaradan başqa məqamların olduğunu da desə də, bununla bağlı danışmaq istəmədiyini deyib: “Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək. Bundan narahat olan dostlarımıza bildirmək istəyirəm ki, ciddi narahatlığa əsas yoxdur. Müəyyən fikir ayrılığı və çatlar var ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq”.

Onun sözlərinə görə, təmsil etdiyi hərəkatın Milli Şurada təmsil olunan partiyalardan narazılığı parçalanmaya səbəb olma bilməz: “Biz Milli Şuranı boykot edə bilmərik. Bəzi mətbuat orqanları yalana doğru libası geyindirərək, bizim Milli Şuranı boykot etdiyimiz haqda fikirlər səsləndiriblər. “EL” hərəkatı Milli Şuranın əsas təsisçilərindən biridir. Bu mənada bizim bu qurumu boykot etməyimiz məntiqsizlikdir. “EL” hərəkatının ayrılması Milli Şuranın parçalanması deməkdir. Belə bir məsələ isə yoxdur”.

E. Quliyev Milli Şuradakı müttəfiqlərini səmimi olmağa da dəvət edib: “Burada əsas məsələlər gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq”.

O, Milli Şuranın ötən gün keçirilən sessiyasında üzvlərin az sayda iştirakına da öz münasibətini bildirib: “Dünənki iclasda yetərsayın olub-olmadığını bilmirəm. Hər halda bu da bir siqnaldır. Bu əslində Milli Şuraya, bu qurumu yaradan şəxslərə bir mesajdır. Gəlin, səhv buraxmayaq ki, mənzilbaşına çatmamış hərə bir istiqamətə getməsin”.  

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->