Hüseynbala Səlimov
Rusiya saytlarının birində çox maraqlı bir şeir parçası oxudum. Uruqvaylı şairin şeri kimi təqdim olunan bu parça o qədər xoşuma gəldi ki, onu sətri tərcümə (əlbəttə, buna tərcümə demək mümkünsə!..) edib Sizinlə bölüşmək qərarına gəldim:
Elə bir dünyada yaşayırıq ki,
Dəfn mərasimi ölüdən vacibdir,
Toy sevgidən əzəldir,
Zahiri görkəm ağıldan irəlidir...
Biz "qablaşdırma” mədəniyyətində yaşayırıq,
Haradakı qabın içindəkinə nifrət var...
Bəli, həqiqətən çox, olduqca maraqlı bir sətirlərdi və güman ki, Yer üzünün bir çox insanları məmnuniyyətlə bu sətirlərdə "dünya” sözünü "ölkə”ylə əvəz edərdi. Onlardan biri də bizik...
Fəqət, Sizə demək istədiyimiz başqa mətləblərdi. Bir qədər uzaqdan başlamalı olacam. Bilirsinizmi, tarixi təcrübə də, ən müxtəlif ölkələrin nümunələri də göstərir ki, bayramlarla bağlı təşəbbüslər "aşağılar”dan - cəmiyyətlərdən gələndə onlar daha yaşarlı olurlar.
Əslində bütün siyasi və ictimai simvolikalara aiddir bu–güclü tarixi özül olmayanda nəinki ictimai–siyasi çağırışların, hətta siyasi təsisatların belə oturuşması problemli olur.
Odur, yeni ictimai-siyasi çağırışlar ediləndə, bu və ya digər ideya ilk olaraq ictimai dövriyyəyə buraxılanda, o cümlədən də hər hansı təsisat qurulanda onu zamanın sınağından çıxmış və artıq tarixiləşmiş ictimai-siyasi dəyərlərə proyeksiya edirlər ki, daha dayanıqlı və ya yaşarlı olsun.
Əlbəttə ki, hər bir millət, hər bir cəmiyyət öz dövlətçilik tarixində müxtəlif siyasi sistemlər yaşayır, müxtəlif hakimiyyətlər görür – axı ən azı müasir politoloji təsəvvürlərə görə siyasi dəyişikliklərin finalı sayılan demokratiya heç də birdən-birə bərqərar olmur.
Daha yetkin və daha müdrik cəmiyyətlər onların heç birini tarixindən silib atmır, onların hər birinə tarixdə anılmaq imkanı verir və bu, tamam normal haldır - əks təqdirdə yüz illərlə keçmişi olan ölkələrin belə tarixi yalnız 20 - ci əsri əhatə edərdi, çünki demokratiya bir quruluş kimi əksər ölkələrdə məhz bu əsrdən başlayaraq qərarlaşmağa başlayıb, amma buna qədər nələr və nələr olub...
Təbii, hər hakimiyyət tarix boyu özünün atributlarına və ya simvolikalarına ümummilli məzmun verərək onları bu və ya digər dərəcədə əbədiləşdirməyə çalışıbdı –di gəl ki, onlardan yalnız və yalnız cəmiyyətlərin təqdir etdikləri və sayğı göstərdikləri yaşarlı olubdur...
Bəs bunları niyə Sizə ərz edirik? Bir neçə ildir ki, diqqətimizi bir detal cəlb edir. Milli Dirçəliş günü (17 noyabr) ümumilli bayramlar sırasından çıxarılıb "əlamətdar gün” kimi anılsa da adi müşahidələr belə göstərir ki, insanların onu milli bayram kimi qeyd etmək istəyi güclüdü–görürsən ki, cəmiyyət onu digər rəsmi bayramlardan daha çox anır.
Səbəblərini bir yana qoyuruq, hərçənd ki, onları da qeyd etmək qətiyyən faydasız olmazdı. Nədədir bunun sirri?
Ötən həftə hey Fransanın qarasınca deyindik və Qarabağdakı separatist rejimin başçısının Parisə getməsinə görə haqlı olaraq fransız hökumətinə xeyli irad bildirdik və düz də etdik.
Amma bir detalı heç yada salmadıq. İllər öncə, səksəninci illərin sonlarında M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik Abel Aqanbeqyan məhz Paris şəhərində Dağlıq Qarabağın Ermənistana verilməsinin "zəruriliyi” haqqında açıqlama vermişdi...
Həmin hadisə 1987-ci ilin axırlarında olmuşdu. Azacıq sonra, 1988-ci ildə artıq Bakını böyük mitinqlər və kütləvi etirazlar dalğası bürüdü, insanlar Dağlıq Qarabağın müdafiəsinə qalxdı və az keçəndən sonra bu etirazlar milli-azadlıq mübarizəsinə transformasiya olundu.
Bəli, 17 noyabr– Dirçəliş günü belə başlamışdı... O hadisələrə qədər insanlar həmin meydandan yalnız sovet hakimiyyətinin paradları zamanı təntənə ilə keçərdi. Bu dəfə isə belə olmamışdı – insanlar öz təşəbbüsləri toplaşmışdı və təntənə artıq tamamilə başqa təntənə idi – tribunalardakılar da sovet rəhbərləri deyildi, tamamilə fərqli insanlar idi.
Əlbəttə ki, irad bildiriləsi, hətta komedik məqamlar da var idi – tribunadakıların bir qismi yüz minlərlə insana əsl gimnastika dərsi keçir, "Otur! Qalx!” əmri verirdilər. Sonrakı illərdə bu məqamlar çox dilə gətirildi və müzakirə olundu, bununla belə həmin hadisələr dəyərdən düşmədi, çünki ümumi halda götürüləndə, bir daha deyirik ki, özünün bütün ironik və hətta komedik cəhətlərinə baxmayaraq, bu, həqiqətən də Dirçəliş idi -əvvəllər belə şey olmamışdı.
Ən başlıcası da bundan bir qədər sonra baş verənlər həmin hadisələrin, həmin günlərin məntiqi bir davamı idi.
Elə indiki ictimai münasibət də bir daha göstərir ki, cəmiyyət o hadisələri öz tarixi baxımından həqiqətən çox önəmli hesab edir. Amma biz nə edirik?
O günləri adi, sadəcə, əlamətdar gün kimi qeyd edir, sonra baş vermiş bəzi olayları isə böyük bayram kimi anırıq. Ruslar buna "arabanı atdan önə keçirmək” deyirlər. Elə bu səbəbdən də bir daha lap əvvəldəki suala dönmək istərdk: bayramaları da həqiqi bayram səviyyəsinə qaldıran məhz millətlər– cəmiyyətlər olur. Çünki hakimiyyətlər əbədi olmur, onlar daim bir -birini əvəz edir, cəmiyyətlərsə tamam başqadı- əbədilyin, tarixin daşıyıcıları, eləcə də qoruyucuları onlardır.
Bu səbəbdən Sizdən də və özümüzdən də bir daha soruşmaq istərdik: bəlkə arabanı qaytarıb yerinə qoymağın vaxtıdır? Axı irəlidə hələ xeyli yolumuz var...
Şərhlər