Xəbər lenti

Əli Əhmədov "EL" hərəkatını perspektivsizlikdə ittiham etdi
Siyasət 11:41 12.04.2013

Əli Əhmədov "EL" hərəkatını perspektivsizlikdə ittiham etdi

"EL" hərəkatının prezident seçkiləri ilə əlaqədar diqqəti cəlb edəcək hər hansı perspektivi yoxdur. 

Bunu Trend-ə açıqlaqmasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini, icra katibi, deputat Əli Əhmədov deyib.

"Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar "EL" hərəkatının perspektivləri məsələsinə nəzər salmalı olsaq, sizi əmin etmək istəyirəm ki, bizim həm təhlillərimizin, həm də ki, cəmiyyətdəki abu-havanın dəyərləndirilməsinin bilavasitə nəticəsində səsləndirilən fikir ondan ibarət olacaq ki, "EL" hərəkatının prezident seçkiləri ilə əlaqədar diqqəti cəlb edəcək hər hansı perspektivi yoxdur. Bu mənada "EL" hərəkatına qarşı guya ki, Yeni Azərbaycan Partiyasından, iqtidardan hücumların olması haqqında miflərin uydurulmasının heç bir əsası yoxdur", deyə Əhmədov hərəkatın son günlər hakimiyyəti "EL"-i ofisdən çıxarmaqda ittiham etdiyini bildirib. Əhmədov bunu "Deyirlər ki, hakimiyyət bizim fəaliyyətə başlamağımızdan narahatdır və buna görə də işimizə maneəçilik törədilir. Bu barədə fikriniz nədir?" sualını cavablandırarkən bildirib.

YAP rəsmisi deyib ki, Azərbaycan iqtidarının onların iddia etdiyi kimi "EL" hərəkatına qarşı hücuma keçməsinə ehtiyac yoxdur: "Azərbaycanda çox gözəl bir el məsəli var. Deyir, kasıb həmişə itinin adını "Gümüş" qoyar. Bu hərəkatı yaradanlar da ona elə təmtəraqlı ad qoyublar ki, sanki böyük bir el gücünü ifadə edirlər. Həqiqət isə tamam başqa formada təzahür edir. Bu hərəkatda toplaşan bir neçə nəfərdən savayı "EL" hərəkatını nəinki dəstəkləyən, ondan xəbəri olan belə yoxdur. Bu mənada "EL" hərəkatının yaranması, onlar tərəfindən gurultulu bəyanatların səsləndirilməsi nə Yeni Azərbaycan Partiyasını, nə bugünkü Azərbaycan iqtidarını azacıq da olsa narahat etmir. Bu, bir güc deyil ki, ona qarşı hücuma keçəsən. Ortada bir şey yoxdursa, nəyə hücuma keçəcəksən?".

Onun sözlərinə görə, nə Yeni Azərbaycan Partiyasının, nə Azərbaycan iqtidarının belə bir ehtiyacı yoxdur: "O ki qaldı, onların ofisləri ilə əlaqədar özlərinin uydurduqları qalmaqal məsələsinə, bilirsiniz ki, onlar ayrı-ayrı fərdi adamların evlərindən istifadə etmək yaxud onlara məxsus olan binalardan öz ofisləri kimi istifadə etmək istəyiblər. Hər hansı bir problem yaranıbsa, bu problemlər "EL" hərəkatının nümayəndələri ilə onlara evlərini, binalarını icarəyə vermək istəyən adamlar arasında yaranmış münaqişədən başqa bir şey deyil. Digər tərəfdən, onlar dövlət binalarından istifadə etmirlər ki, Azərbaycan hökuməti və iqtidarı onlara hansısa əngəllər törətməyə çalışsın. Ayrı-ayrı adamlarla söhbətləşiblər və sonra bu söhbət pozulubsa, bunun günahını Azərbaycan iqtidarının üzərinə yıxmaq ən azından insafsızlıq olardı. Amma əsl həqiqət ondan ibarətdir ki, sadəcə olaraq, bu tamaşaları qurmaqla "EL" hərəkatı, belə deyək də, əgər bu sözü işlətmək mümkündürsə, onların texnoloqları Azərbaycan iqtidarının üzərinə ləkə atmaq istəyirlər. Guya bu "EL" hərəkatı sanki elə bir şey imiş ki, Azərbaycan iqtidarı işini-gücünü buraxıb və onlarla mübarizə aparmaq niyyətinə düşüb. Əlbəttə, Yeni Azərbaycan Partiyası seçki kampaniyasında layiqli bir rəqib olacaqsa, onunla mübarizə aparacaq. Ancaq "EL" hərəkatı ilə nə mübarizə aparasan? O nədir ki, onunla da mübarizə aparasan? Ortada mübarizə aparıla biləcək heç nə yoxdur".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->