"Telekanalların efirləri biabırçılıqdır"Müğənni Əli Mirəliyev bu günlərdə keçiriləcək “Azərbaycan gözəli” müsabiqəsinə münasibət bildirib.
Musavat.com-un əməkdaşına danışan sənətçi maraqlı ideyasını açıqlayıb: “Qoy, kişilər üçün də gözəllik yarışı keçirilsin və gedək, Qarabağı onlarla birlikdə azad edək. Əsəbləşirəm, belə olayları eşidəndə... Bizim torpaqlarımız işğal edilib, onlar burada keyf edib, gözəlliklər keçirirlər. Bu, heç doğru deyil. Bir şeyi artıq anlamaq lazımdır ki, ermənilər bizə torpaqlarımızı elə-belə verməyəcəklər. Onlar bu torpaqları bizə qaytarmağı heç ağıllarından da keçirmirlər. Mən yuxarıdan əmr gözləyirəm, cavab gələn kimi özüm birinci döyüşə gedib, özüm öz əllərimlə o torpaqlarımızı azad edəcəm. Bir azərbaycanlı, professional musiqiçi, əsl kişi kimi mənim ən böyük arzum budur".
Müğənni daha sonra telekanalların efirlərindəki biabırçılıqlardan da danışıb: "Mənim 65 yaşım var, inanıram ki, 70 yaşımda da hələ o torpaqları görə bilməyəcəm. Oturmuşuq, burada keyf edirik, gah əməkdar, gah da xalq artisti yetişdiririk. Televiziya efirlərində isə biabırçılıqlar baş alıb, gedir. Yalandan danışan kim, yaltaqlıq edən kim... Onların üzünü görməmək üçün mən artıq bir ilə yaxındır ki, öz kanllarımıza baxmıram. Nə qədər ki, torpaqlarımız geri qayıtmayıb, o kanallara baxmağı özümə qadağan etmişəm”.
Qeyd edək ki, bu günlərdə realiti-şou televiziya layihəsi əsasında “Azərbaycan gözəli” müsabiqəsi keçiriləcək.
Müsabiqədə ölkəmizin bütün regionlarını əhatə edəcək xanımlar iştirak edəcəklər. Müsabiqəyə qatılacaq xanımlar Azərbaycanın milli geyimlərində yarışacaqlar.
Qaynar.info
Şərhlər