"Azərbaycan basqı siyasəti aparmaqla istəklərinə nail ola bilər"- Prezidentlərin görüşünə ŞƏRH

"Düşünürəm ki, Moskvada danışıqlar da çox çətin geçib".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüşün pərdəarxası məqamlarından danışarkən deyib. Onun sözlərinə görə, bu görüşdə prezidentlər səviyyəsində fikirlərə diqqət ediləndə hiss olunur ki, 10 Noyabr və 11 Yanvar bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məsələsi ciddi müzakirə predmeti olub:



"Bu məsələlər içərisində hər iki dövlətin özünün maraqları və bir də tormozlayıcı amilllər var. Bu amillərin içərisində regionda geosiyasi maraqları olan dünya gücləri də var. Məhz bu kontektsdə Ermənistan tərəfi, xüsusi ilə də Nikol Paşinyan dünya gücləri arasında müəyyən manevrlər etməklə geosiyasi üstünlüklər əldə etmək istəyir. Bilir ki, bu mövqe ilə danışıqlar masasında bütün paramertlər üzrə Ermənistan məğlub durumda olacaq. Ona görə də məsələni daha çox regional müstəvidən beynəlxalq, qlobal müstəviyə daşımaqla özünə yeni havadarlar, ən azından Minsk qrupunun həmsədləri - Fransa, ABŞ, Avropa Birliyi strukturları səviyyəsində havadarlar axtarır. Ortada ciddi bir geosiyasi sövdələşmə var və bu sövdələşmə Ermənistan, ABŞ, Fransa və Avropa Birliyi strukturları arasında gedib". 

Politoloq hesab edir ki, Rusiya artıq Azərbaycana təsir etmək imkanlarının getdikcə tükəndiyini anlayır:

"Xüsusi ilə də Şuşa bəyannaməsindən sonra Azərbaycanın mövqeləri daha da güclənib və Ermənistanın Azərbaycanın sərhədində Azərbaycan ordusunun mövqelərini atəşə tutmasından sonra Azərbaycanın mövqeləri güclənib və Azərbaycan həm Ermənistan sərhədləri boyunca, həm də Qarabağda öz ərazisi daxilində antiterror və təhlükəsizlik əməliyyatları aparmaq üçün hüquqi zəmin qazanıb. Bildiyimiz kimi, beynəlxalq hüquqa görə Azərbaycan dövlətinin özünün müdafiə hüququ var. Bu, təhlikəsizlik baxımından həm Ermənistan ərazisində, həm də Qarabağda mövcud olan erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi nöqteyi-nəzərindən mümkündür. Mənə elə gəlir ki, bütün bu məsələlər də Putinlə müzakirə predmeti olub. Ən nəhayət, bu müzakirə predmeti olan məsələlərin içərisində sərhədlərin müəyyənləşməsi və paralel olaraq Qazağın 7, Naxçıvanın Kərki kəndi də daxil, sərhədlərin müəyyənləşməsi prosesi tamamlanmalıdır".  



Natiq Miri əlavə edib ki, iki ölkə prezidentinin görüşüylə bağlı birmənalı fikir bildirmək çətindir:

"Vladimir Putin bəzi güzəştlərdən, kompromis variantlardan danışdı. Və Azərbaycanın da bu məsələyə müəyyən mənada güzəştli yanaşdığını təqdir etdi. Bu nə deməkdir? Bu o deməkdir ki, bəzi məsələlərin razılaşdırılmasında Azərbaycan da müəyyən güzəştlərə getməyə razılıq verib. Bu güzəştlərin nədən ibarət olacağını açığı birmənalı olaraq proqnozlaşdırmaq olar. Ancaq birmənalı fikir bildirmək çətindir. Ona görə də düşünürəm ki, yaxın günlərdə bu məsələlər açıldıqca hər şey bəlli olacaq. Konkret mənim fikirimə gəlincə, Azərbaycanın bu gün mövqeləri o qədər güclüdür ki, Azərbaycan basqı siyasəti aparmaqla bütün istəklərinə nail ola bilər. Ona görə də Azərbaycanın öz dövlət və milli maraqlarına uyğun olmayan güzəştlərə getməsini mən açığı, o qədər də mümkün saymıram".

Qeyd edək ki, iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR