Xəbər lenti

Elman Rüstəmovdan sonra Samir Şərifova da "QARA XƏBƏR"
Ekonomiks 12:26 08.02.2016

Elman Rüstəmovdan sonra Samir Şərifova da "QARA XƏBƏR"


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ləğv ediləcək. Bu barədə Qaynar.info-ya hökumətdəki mənbələrdən məlum olub.

Məlumatda qeyd edilir ki, adıçəkilən qurun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» 9 fevral 2009-cu il tarixli 48 nömrəli fərmanı ilə yaradılıb. “Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Amma indi hökumət kulislərində belə hesab olunur ki, bu qurum ötən illər ərzində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyib. Xidmətin fəaliyyəti formalıqdan o yana keçməyib. Bunu büdcə vəsaitlərinin xərclənməsinə dair Hesablama Palatasının auditləri də təsdiqləyir. Dövlət Maliyyə Nəzarəti Xidməti faktiki olaraq “adı var, özü yox” quruma çevrilib” deyə mənbələrimiz bildiriblər.

Məlumatda o da bildirilir ki, bu qurum ləğv edildikdən sonra onun səlahiyyətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, adıçəkilən Palata bu il fevralın 3-də ölkə başçısının imzaladığı fərmana əsasən, “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə” yaradılıb.
Fərmana görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv olunub və onların səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

“Maraqlıdır ki, Azərbaycan KİV-ləri ölkə başçısının sözügedən fərmanını daha çox Mərkəzi Bankın sədri Elman Rüstəmovun səlahiyyətlərinin azaldılması kimi şərh edib. Halbuki, həmin fərmanla maliyyə naziri Samir Şərifov da əhəmiyyətli səlahiyyətlərindən birini itirib - Dövlət Sığorta Nəzarəti Xidmətindən məhrum olub. Amma Şərifovun səlahiyyət itkisi bununla yekunlaşmayacaq. Onun rəhbərlik etdiyi nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti də ləğv olunacaq və səlahiyyətləri yeni yaradılan Palataya təhvil beriləcək” deyə saytımıza daxil olan məlumatda qeyd olunur.

Maliyyə Nazirliyinə yaxın qaynaqdan isə adıçəkilən qurumun ləğvi ilə bağlı müzakirələrin getdiyi təsdiqlənsə də, onun səlahiyyətlərinin adıçəkilən Palataya verilməsinin inandırıcı görünmədiyi qeyd edilib. Bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət istiqamətləri tam fərqlidir, sözügedən xidmətin səlahiyyətləri isə daha çox Hesablama Palatasının statusuna uyğundur. “Ona görə də Xidmət ləğv edilsə də, onun səlahiyyətlərinin başqa bir quruma verilməsi qeyri-realdır. Bu orqan faktiki olaraq, Hesablama Palatasının funksiyalarını yerinə yetirir, eyni zamanda fəaliyyəti xeyli dərəcədə formaldır. Belədə isə həmin Xidməin saxlanılması əlavə xərcdən başqa bir şey deyil” deyə mənbələrimiz bildiriblər.  

Məlumatda maraqlı bir məqama da diqqət çəkilir: “Yola saldığımız həftə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşlarının bir neçə nazirlik də daxil olmaqla çox sayda dövlət qurumunda apardığı yoxlamaların nəticələri açıqlandı, hansı ki, həmin yoxlamalarda xeyli nöqsan aşkarlanmışdı. Bunun ardınca həmin Xidmətin daha bir neçə önəmli dövlət orqanını maliyyə nəzarətinə götürdüyü açıqlandı. Bu təsadüfə oxşamır. İndiyədək mətbuatda adına çox nadir hallarda çəkilən bu orqanın qəfil fəallaşması xeyli maraq doğurur. Ehtimal ki, bunlar adıçəkilən Xidmətin hökumət daxilindəki “yüngül” çəkisini kompensasiya etməyə, onun əhəmiyyətli qurum kimi saxlanılmasına dair fikir formalaşdırmağa hesablanıb”.

İlkin Hüseynli
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->