Siyasətşünas alim, yazıçı-publisist və əslən Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Ardıc (rəsmi adı Arçut) kəndindən olan Elşən Nəsibovun "Ardıc kəndimiz. Qərbi Azərbaycandakı ulu yurdumuz” kitabı çapdan çıxıb. Kitab "ARDIC” Hərəkatının layihəsi olaraq işıq üzü görüb.
Əsərdə kəndin coğrafiyası və tarixi, toponimləri, məhlələri, kənddə yaşamış tayfaları, alimləri, tibb işçiləri və pedaqoji işçiləri, eləcə də kəndi ictimaiyyətdə tanıtmış və hal-hazırda da tanıdan şəxslər haqqında məlumatlar yer alıb. Həmçinin kəndin mədəniyyəti, o cümlədən adət-ənənələri, ədəbiyyatı, bu baxımdan folkloru da əks olunub. Arçut kəndində istifadə olunmuş, bu günə qədər də danışıqlarda saxlanılan bəzi sözlərin dialektoloji (şivə, ləhçə) lüğəti də tərtib olunub. Bununla yanaşı, "ARDIC” Hərəkatının gələcək strateji konsepsiyasının əsasları da qeyd olunub. Əsərdə diqqəti çəkən digər bir məqam Arçut kəndinin bit icma kimi Qərbi Azərbaycan İcmasında təmsilçiliyi məsələsidir. Bu bölmədə təmsilçiliyin, iştirakçılığın əsasları ifadə edilib. Arçut İcmasının fəaliyyətini əks etdirən Əsasnamə layihəsinin mətni verilib.
Qeyd olunanlarla yanaşı, kitabda Azərbaycanda və xarici ölkələrdə yaşayan Arçutluların 2023-cü ilin 15 dekabr həmrəylik günü-"Ardıc günü”ilə bağlı tədbirləri barədə məlumatlar həkk olunub. Eləcə də M.F.Axundov adına Arçut kənd orta məktəbinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə məlumatlar verilib.
Onu da qeyd etmək yerinə düşər ki, Arçut kəndinin adı Ardıc ağacı ilə bağlıdır. Arçut sözü –Arçyurt, yaxud da Arçrut-Ardıc çayı mənasını ifadə edir. Bu barədə də kitabda mühüm lüğəti izahlar verilib.
Şərhlər