Elza Seyidcahan şeir müsabiqəsində münsif oldu

Elza Seyidcahan şeir müsabiqəsində münsif oldu

ARB TV-də “Xalqın şairi” adlı şeir müsabiqəsinin seçim turuna start verilib. Müsabiqədə Baba Vəziroğlu, Aşıq Əhliman, Qulu Ağsəs və sairlə bərabər, Elza Seyidcahanın da münsiflər heyətində təmsil olunması müzakirələrə yol açıb.

Layihənin rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərov Kult.az-a açıqlamasında bildirib ki, Elza xanımın bu yarışmada münsif kimi iştirak etməyində heç bir qəbahət yoxdur:

“Biz çalışmışıq ki, Azərbaycan poeziyasının bütün çalarları bu müsabiqədə təmsil olunsun. Elza Seyidcahan münsif kimi fəaliyyət göstərəcək. O, bir müğənni kimi özü yazır, özü oxuyur, özü də bəstələyir. Bundan əlavə, proqrama tez-tez şou-biznesdən qonaqlar da dəvət etməyi düşünürük. Bu qonaq bəstəkar da, adi ziyalı da ola bilər. Belə insanların olmağı Azərbaycan poeziyasının bütün çalarlarını ortaya çıxarmaq üçün vacibdir. Hörmətli professor Nizaməddin Şəmsizadə layihənin eksperti, ədəbiyyatşünas və tənqidçi kimi iradlarını bildirəcək. Biz istəyirik ki, bütün insanlar seçim mərhələsində fəal iştirak etsin”.

M.Əsgərov bildirib ki, müsabiqədə oxunan şeirlərin musiqiyə yatımlı olub-olmaması ortaya çıxarılacaq:

“Xalqın şairi” şeir müsabiqəsinin qalibinə mükafat kimi təbiət qoynunda tikilmiş çox da böyük olmayan ev verməyi düşünürük. Burada bizim məqsədimiz qalib şəxsin yaradıcılıqla məşğul olması üçün ona şərait yaratmaqdır. İlk 5 yeri tutan şəxslərin kitablarını çap etdirəcəyik. Artıq iki gündür ki, seçimlər başlayıb. Bu iki gündə bir sıra gənc istedadlı yazarlar aşkar etmişik. Müsabiqənin əsas missiyası yeni söz sahiblərini tapmaq və oları xalqımız arasında təbliğ etməkdir”.

M.Əsgərovun sözlərinə görə, şou-biznes nümayəndələrinin və ya ziyalıların verilişə dəvət olunması müsabiqənin missiyasına zərər yetirmir:

“Elza xanımın bu verilişdə münsif kimi iştirakı bizim işimizin gedişatına nəinki mane olur, hətta bir növ kömək edir. Onun sadəcə bir incəsənət adamı kimi bizə köməyi dəyə bilər. Münsiflər heyətinin tərkibində təkcə Elza xanım deyil ki! E.Seyidcahan nə kimisə müsabiqədən çıxardacaq, nə də artıq-əskik söz deyəcək. Hər şey tamaşaçıların gözü qarşısında baş verəcək”.

Aparıcı bütün bunlarla yanaşı, “Xalqın şairi” şeir müsabiqəsində klassiklərimizin obrazını da canlandıracaqlarını bildirib:

“Səməd Vurğun, Məshəti Gəncəvi və s. tanınmış şairlərin obrazını yaratmışıq. Klassiklərlə yanaşı, müsabiqədə dərviş obrazı canlandırılacaq. Məlum məslədir ki, bizim şeirlərimizdə qədimdən bəri dərviş obrazı mövcud olub.

Fikirləşirəm ki, müzakirə etməkdənsə, gözləyib verilişi izləmək və nəticə çıxarmaq lazımdır. Verilişin ilk buraxılı sentyabrın 17-si, bazar günü axşam saatlarında yayımlanacaq və Novruz bayramında yekunlaşacaq. Ümumilikdə isə müsabiqə üç mərhələdən ibarət olacaq: ilk mərhələ, yarımfinal, final. Ola bilsin, münsiflər də hər mərhələdə dəyişsin və yeni-yeni adamlar gəlsin”.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR