XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Əmlak amnistiyası tətbiq olunsa, problem daha tez həll edilər" - Ekspert
Ekonomiks14:20 31.08.2026

"Əmlak amnistiyası tətbiq olunsa, problem daha tez həll edilər" - Ekspert

“Əmlak amnistiyası tətbiq olunarsa, sənədsiz evlərlə bağlı problem daha qısa müddətdə həllini tapa bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev sənədsiz evlərin aqibətindən danışarkən deyib.

Onun sözlərinə görə, belə bir addım atılarsa, həm vətəndaşlar, həm də dövlət büdcəsi əhəmiyyətli fayda əldə edə bilər:

“Vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi, bağ sahələrinin salınması ilə bağlı torpaq sahələri ayrılıb. Torpaq sahələrinin ayrılması ilə bağlı qərarlar və sərəncamlar verilib. Bu gün həmin ərazilərdə elə evlər var ki, vətəndaşlar uzun illərdir orada yaşayırlar. Lakin Azərbaycanın sənədləşmə ilə bağlı mövcud qanunvericiliyində hər hansı əmlaka çıxarışın verilməsi üçün tələb olunan sənədlər toplusu müəyyənləşdirilib.

Müvafiq qurumlar hansı dövrdə hansı sənədləri veriblərsə, həmin sənədlər də yalnız o dövr üçün keçərlidir. Çıxarışsız torpaq sahələrinin və fərdi yaşayış evlərinin böyük bir hissəsi isə sovetlər dönəmindən qalıb. Mənzil-istismar idarələri, bağlar idarələri, kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaq sahələri var ki, vətəndaşlar həmin ərazilərdə evlər tikiblər. Təəssüflər olsun ki, mövcud qanunvericilik həmin sənədləri və tikililəri çıxarış alınması üçün əsas hesab etmir”.

Elnur Fərzəliyev mövcud qanunvericiliyin tələblərinin tamamilə fərqli olduğunu bildirib:

“Vətəndaşın tikinti işləri aparması üçün torpaq sahəsi olmalıdır. Bundan əlavə, həmin torpaq sahəsinin çıxarışı olmalıdır. Çıxarışda torpağın təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilməlidir. Torpağın ümumi tikinti parametrlərinə uyğun olaraq onun üzərində müvafiq tikinti işləri aparmaq olar.

Bu gün nəinki 1990-cı illərdən sonra, hətta paytaxtın mərkəzində də yaşayış massivləri var. Yasamal, Alatava, Kubinka, Sovetski və digər ərazilərin yaşı təxminən 100 ili ötüb. Buna baxmayaraq, həmin ərazilərdəki evlərin təxminən 80 faizinin çıxarışı yoxdur.

Amma burada vətəndaşları evlərindən çıxaran da yoxdur. Çünki vətəndaşların həmin evlərdə yaşamaq hüququ faktiki olaraq formalaşıb. Bu problemdən əziyyət çəkən təkcə vətəndaş deyil, daha çox dövlət büdcəsidir”.

Ekspert hesab edir ki, həmin ərazilərdəki evlər sənədləşdirilərsə, dövlət büdcəsi əmlaklardan torpaq vergisi əldə edə bilər. Eyni zamanda, həmin əmlakların sığortalanması da mümkün olar. Yanğın, subasma və digər hallarda dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanar.

“Həmin əmlakların alqı-satqısı notarial qaydada aparıldıqda burada banklar və büdcə üçün də gəlir formalaşır. Bu gün isə həmin əmlakların çıxarışının olmaması səbəbindən vətəndaşlar evlərində qeydiyyata düşə bilmirlər. Vətəndaş öz evini hüquqi yolla sata bilmir.

Praktiki olaraq, mövcud sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı reallıqla mövcud qanunvericilik bir-biri ilə üst-üstə düşmür”.

Elnur Fərzəliyevin fikrincə, bu problemin həlli üçün xarici ölkələrin təcrübəsindən yararlanmaq və əmlak sahəsində amnistiya tətbiq etmək lazımdır.

Bahar Rüstəmli