İdman 17:40 31.07.2021

"Çempionat boyu bizə deyirdilər ki, Premyer Liqaya çıxacaqsınız..." - İlham Yadullayev

Azərbaycanın tanınmış veteran futbolçularından İlham Yadullayev bir müddət öncə çalışdığı "Turan Tovuz"dan ayrıldı. Komandası son mövsümdə Birinci Divizionda üçüncü pilləni tutsa da, Yadullayev Tovuzda qalmamaq qərarına gəldi. 

Veteran futbolçu Qaynarinfo-ya müsahibəsində həm qarşıdakı planları, həm klublarımızın avrokuboklardakı çıxışı, həm də dünən püşkatması keçirilən yeni mövsümlə bağlı fikirlərini bölüşüb.

- "Turan Tovuz"dan ayrılandan sonra hələ də işsizsiniz? Karyeranızla bağlı hansısa yeniliklər var?

- Artıq Tovuzda deyiləm. Çox güman, təkliflərdən birini dəyərləndirib harasa təyinat alaram. Klubla müqaviləm bitdi. Həm mənim üçün rayona gedib-gəlmək çətindir, həm də rəhbərliklə belə razılığa gəldik. 

- Komandanın ötən mövsümkü çıxışını necə dəyərləndirirsiniz? Yaxşı başlamışdınız, sonradan nə baş verdi?

- Nəticə qazandıq. Çempion olmasaq da, mükafat verən yerlərdən birini tutduq. Məncə, pis nəticə deyildi. Hər iki dövrənin ilk turlarını məğlubiyyətsiz başa vurmuşduq. Çempionat boyu cəmi 2-3 dəfə məğlub olduq. Sadəcə, bəzi oyunlarımız qış mövsümündə elə vaxta düşdü ki, qar yağdı. Məsələn, "Sumqayıt"la matç yarımçıq qaldı. "Qaradağ Lökbatan"la oyun təxirə salındı. Bu da işimizə mane oldu. Heç-heçə oynadıq. Heyətimiz geniş olmadığı üçün uşaqlar çox yükləndi, nəticədə futbolçularımız zədələndi və heyətdə axsamalar oldu. 

- Komandanın Premyer Liqaya gətiriləcəyi ilə bağlı ümidlər vardı. Lakin hər şey əksinə oldu. Növbəti mövsümə yaxşı köklənə bilməmək potensialı da ayrılmaq qərarınıza təsir etdi? 

- Çempionat boyu hər zaman bizə deyirdilər ki, Premyer Liqaya çıxacaqsınız. Düzdü, meydana çıxıb oynamaq işimizdi. Düşünürəm ki, bunun da uşaqlara təsiri oldu. Bununla yanaşı, qarşımızdakı məqsəd nəticəyə oynamaq idi. Çempionluq olmasa da, ən azı medal qazanmağa çalışırdıq. Futbolçuların əksəriyyəti gənc idi, Premyer Liqada oynamaq arzusunda idilər. İnanırdıq ki, vəsiqə qazanacağıq. Çempionatın sonuna yaxın belə söz-söhbətlər həmişə psixoloji cəhətdən təsir edir. Çalışırdıq ki, uşaqlarda psixoloji gərginlik yaranmasın.

- Klublarımızın, xüsusən də vaxtilə formasını geyindiyin "Neftçi" və "Qarabağ"ın avrokuboklardakı çıxışları haqda nə düşünürsünüz? "Neftçi"dən bu il Çempionlar Liqasında nəsə gözləyirdiniz?

- "Neftçi" çempion olanda çox sevindim. Son oyunları pis keçirmirdilər. Gözləyirdik ki, Çempionlar Liqasında yaxşı təsir bağışlayacaqlar, yeni transferlər olacaq. Ki, bu transferlər olmalı idi. Namiqin zədəsindən sonra hücum xəttində problemlər yaşandı. "Neftçi" pis oynamadı. Sadəcə, evdə "dişsiz" olmaları hücum xəttində problemlərin yaşanmasından irəli gəlirdi. "Dinamo" ilə evdəki oyunda hücum xətti pis təsir bağışlamırdı. Səfərdə də yaxşı imkanları vardı. Hücumda bir neçə futbolçu olsaydı, nəticə qazana bilərdilər. Müdafiə xəttinə gəlincə, düzdür, oyun zamanı səhvlər olur. "Olimpiakos" zəif komanda deyildi. Heyətində həm texniki, həm də fərdi baxımından yaxşı futbolçuları vardı və bundan istifadə etdilər. Sırf kiminsə səhvini qabartmaq istəmirəm. Əsasən də müdafiəçilərin səhvi dərhal nəzərə çarpır. İstəməzdik belə olsun. Lakin Çempionlar Liqasında bunlar bağışlanmır. Fikrimcə, müdafiədəki fərdi səhvlər məğlubiyyətdə rol oynadı.

- "Neftçi" Avroliqada nə edə bilər?

- HİK-lə oynayacaqlar. Rəqibi tanımıram, izləməmişəm. Səhv etmirəmsə, "Qarabağ" bu komanda ilə oynamış və keçmişdi. Ümidvaram ki, "Neftçi" də növbəti mərhələyə adlayacaq.

- Digər klublarımızdan yalnız "Qarabağ" mərhələ adladı. Konfrans Liqasının səviyyəsini nəzərə alsaq, Ağdam klubu hara qədər irəliləyə bilər? 

- "Qarabağ"ın həm avrokuboklar təcrübəsi var, həm də oturuşmuş komandadır. Sadəcə, zədə səbəbindən problemlər yaşayırlar. Buna baxmayaraq, Konfrans Liqasında həm təcrübəsi, həm də öz oyunu hesabına çox irəli gedəcəklərini düşünürəm. 

- Ötən gün Azərbaycan Premyer Liqasında səkkiz komandalı yeni mövsümün püşkü atıldı. Bizi nə gözləyir?

- Çox təəssüf edirəm ki, yenə də səkkiz komandalı çempionat olacaq. Bölgə təmsilçiləri olsaydı, çempionatımıza rəng qatardılar. Mübarizə aparardılar. Bir çox səbəblər var ki, həmin komandalar qoşula bilmir. O səbəbləri də hər kəs bilir. Çox istərdim ki, komandaların sayı çox olsun. Həm də çempionatda bölgə komandaları iştirak etsin. Yenə də "Neftçi" ilə "Qarabağ" mübarizə aparacaq. "Sumqayıt"la "Sabah"ın yüksək yerlər uğrunda oynayacağını düşünürəm. Digərlərinə də uğurlar arzulayıram.

- Artıq bəzi klublarımızın çıxışlarını izlədik. Yeni mövsümdə çempionatın keyfiyyəti, səviyyəsi baxımından müsbətə doğru dəyişikliyə ümid etmək olar?

- "Sumqayıt"ın Serbiya komandası ilə evdəki oyununa baxmışdım. Səfər matçının da müəyyən hissəsini izləmişdim. Heyət baxımından adlı-sanlı oyunçuları olmasa da, mübariz komandadır. Çalışırlar məşqçinin bütün tapşırıqlarını yerinə yetirsinlər. Ona görə də nəticə qazanırlar. Sumqayıtdakı oyunda tez buraxılan qoldan sonra ruhdan düşdü. Həm də Serbiya komandası xoşuma gəldi. Zəif deyildi. Oyun strukturu, intizam baxımından çox möhkəm rəqib idi. Buna baxmayaraq, ikinci hissədə "Sumqayıt" təzyiqi artırdı, qol da vura bilərdi. Təcrübəsizlik öz sözünü dedi. Oyununa baxandan sonra "Sumqayıt"dan Premyer Liqada çox şey gözləyirəm. Pis nəticə olmayacağını düşünürəm. "Zirə" artıq rəqabət göstərəcək. Fikrimcə, 5-6 komanda arasında yaxşı mübarizə gedəcək. 

- "Qarabağ"ın hegemonluğuna son qoyulub, yoxsa "Neftçi"in çempionluğu bir təsadüf idi?

- Hegemonluq deməzdim. "Qarabağ" hər zaman öz oyunu ilə sübut edir ki, həm Avropada, həm də Azərbaycan çempionatında dominantdır. Rəqabət ildən ilə artır. "Sumqayıt", "Zirə" də təzyiqlər göstərir. "Neftçi" üçün çempion olmaq xoş idi. "Qarabağ"ın işi ildən-ilə ağırlaşacaq. Digər klublar da irəli getmək istəyir, rəqabət aparır. Legioner toplayırlar.

-  2021/22 mövsümü üçün konkret favorit gördüyünüz komanda var?

- Xeyr, yenə də əsas rəqabət "Neftçi" ilə "Qarabağ" arasında gedəcək. Çempionatımız uzun olacaq. Sırf öz aralarındakı oyunlardan çox şey asılı olacaq. Məsələn, ötən il çempion son oyunda müəyyənləşdi. "Qarabağ" hər zaman qələbə qazandığı halda, son mövsümdə heç-heçələri çox oldu. Nəticədə "Neftçi" ona yaxınlaşdı. Halbuki, əvvəllər "Qarabağ" orta pillələrdə yer alan komandaların hamısını məğlub edirdi. Heç-heçə belə oynamırdı. Deməzdim "Qarabağ" zəifləyib. Ola bilsin, "Neftçi"də artım var və görünür. Digər komandalar da "Qarabağ"a qarşı daha yaxşı oynamağa çalışırlar. 

- İstənilən halda səviyyə baxımından çempionatımızın xeyli geriləməsi fikri ilə razılaşırsınız?

- Komandaların sayı səkkiz olduğuna görə çempionat geriləyib. Hər mövsüm bir-biri ilə 4 dəfə qarşılaşırlar. Belədə oyuna hazırlıq dönəmi elə aparılır ki, sürprizlər olmur. Premyer Liqa iki dövrə, iştirakçıların sayı isə çox olsaydı, rəqabət, səviyyə yaxşı, oyunlar da maraqlı alınardı. Komandalar bir-biri ilə 4 dəfə oynayanda artıq nə etmək lazım olduğunu bilirlər. Bu üzdən səviyyə aşağıdır.

Səbuhi Həsənov