Vahid Qazi
Avropanın şimalıyla cənubu arasında iqlim bənzərsizliyi nə qədərdisə, adamlarının xarakterində fərq də elə o boydadı. Soyuq yerin adamı xaraktercə də soyuqdu. Günü günəş altında keçən cənubluların isə tək qanı qaynamır, deyərsən bəs, gözləri də işıq saçır.
Dəfələrlə olub, İsveçdə evlərin açıq aynabəndində, yaxud həyətdə neçə adamı süfrə başında yeyib-içən görmüşəm. Yalan olmasın, qadınlı-kişili bir düjin məclis əhlinin səsini beşcə metr bəridə eşitməmişəm.
Di gəl ispanlara bax! İki adamın söhbəti məhləni başına götürər.
Məndən soruşsanız, bunların hansı yaxşıdı, deyərəm, hərəsinin öz yeri var. Ovqatıma bağlıdı. Bəzən girərəm dərin bir səssizliyə günlərlə çıxmaram. Bəzənsə ürəyim partlayar sükunətdən, qaynar həyat istərəm.
İsveçin iqlimi mülayimdi, hər halda mən yaşayan yerində rus şaxtasına, ərəb istisinə rastlamazsan. Amma soyuq canlarına oturub deyə, isveçlilər istisevərdilər. Hər evin hamamdan savayı, ayrıca bastusu da var, biz suana deyirik ona, qışda girib fətir kimi qızaranacan oturarlar.
Onların ən çox sevdikləri səfər isti dənizi olan ölkələrədi. Bir dəfə oxudum ki, yüz mindən çox isveçli isti ölkələrə köçüb ilin əksər fəslini orda yaşayır. Bunlar əsasən təqaüdə çıxıb azından 20 il yaşamağa ümidi olan yaşlılardı. İsveçdə orta yaş həddi səksəndi.
Dəqiq rəqəmi bilmirəm, yalan-gerçək deyir, neçə yüz min isveçlinin İspaniya, Tailand kimi ölkələrdə evi var. Amma imkanlılarla yanaşı İspaniyanın isti sahillərində tək-tük evsiz isveçliyə, finə də rast gələrsən.
Populyar "Expressen” qəzeti İspaniyanın cənub sahillərində çöldə-bayırda yaşayan isveçlilərdən reportaj dərc eləmişdi. Şimal "bomj”ları gündüzlər dolanır, gecələrsə palatkalarda yatırlar. İsveç kilsəsi belələrinə sahib çıxır. Vətənə dönmək istəyənə yolpulu tapır, qalanlarısa ərzaqla, tibbi yardımla təmin edir. Malaqanın mərkəzində hər gün 2 mindək çöldə-biyabanda gecələyən adama yemək payı ayrılır. Aralarında isveçlilər qarışıq nə qədər əcnəbi də var.
Bütün bunları ona görə yazıram ki, isti bir dəniz sahilində özümüzü günə verməyə yer axtaranda İspaniyanın Aralıq dənizi sahilini seçməyimizin səbəbini dib-dəhnəli izah edə bilim.
Elə sadaladığım bu səbəblərdən Urmiyalı dostum Səməd bəyə dedim ki, götürək xanımağalarımızı da gedək Əndəlüsə.
"Bə niyə, nə işə getmiyəx. Gedəx, baba, gedəx”.
Dali, Bunuyel, Lorka – Azadlıq, Sənət, Sevgi üçbucağı
Torremolinos Andalucia (biz Əndəlüs deyirik) muxtar vilayətinin Malaqa əyalətində 70 min əhalisi olan şəhərdi. Malaqa aeroportundan 9, Cəbəllütariq boğazından 120 kilometr aralı yerləşir.
Əvvəl onu deyim ki, İspaniya ərazisi inzibati baxımdan 17 muxtar vilayətə, 50 əyalətə bölünüb. Ölkənin cənubu dünyanın dörd-bir yanından milyonlarla turistin axışıb gəldiyi ucsuz-bucaqsız qumlu çimərlikdi. Malaqa əyaləti Costa-del-Sol adlanan sahil regionuna daxildi. Əndəlüs vilayəti demək olar, ölkənin bütün cənub ərazisini əhatə edir. Əndəlüs Pireney yarımadasının 711-1492-ci illərdə ərəblərin hakim olduğu hissəsinə verilən addı.
Nə isə ki, Torremolinosa gecə çatdıq. Hotelin onuncu qatında üzü dənizə baxan balkona çıxanda ilıq cənub küləyi əsirdi. Ləpələr də sanki ispanca "Hola! Hola!” deyib, adamı salamlayırdı. Şəhər işıqlarının o üzündəki qaranlıqda dəniz hənirtisiylə mövcudluğunu duydururdu. Qara boşluqdan – dənizdən o yanda isə Ay boy verirdi.
Təyyarənin sərt eniş təsirindən, ya hündür balkon effektindən idi, bilmirəm, qarşımdakı mənzərə əsl sürrealist tabloya bənzəyirdi. Gördüyüm nə yuxuya, nə də real həyata oxşayırdı, nəydisə, ikisinin qarışığıydı.
İspaniyanı həmişə sürreal yer kimi təsəvvür etmişəm – nağılvari ölkə yəni. Çox güman ki, buna səbəb İspaniya haqda oxuyub, baxıb, eşitdiklərimdi. Onları pazl parçaları təki toplayanda təsəvvürümdəki İspaniya bax, dediyim yarıyuxulu təsvir, sürreal tablo kimi canlanır.
Luis Bunyuelin filmləri, Salvador Dalinin, Pablo Pikassonun rəsmləri, 1898-ci ildə İspaniyanın ABŞ-a sarsıdıcı məğlubiyyətinin sosial, siyasi, mənəvi iztirabını yaşayan "98-ci il nəsli” ("Generacion de 1898”) adlı qrupun nümayəndələri Maçado, Unanumo, Ximenes, yaxud "27-ci il nəsli”nin ("Generacion del 27”) Federiko Lorka, Oskar Dominges kimi ünlü ədəbiyyat, incəsənət isimləri bu "təsəvvür tablosu”nun müxtəlif rəngləridi. Hələ Servantesi, Lope de Veqanı demirəm.
Təsəvvürümdəki "sürreal ispan tablosu”nda parlaq rəng çalarlarıyla seçilən şansonları qəlblər fəth etmiş Xulio İqlesias, dünya çaplı tenorlar Xose Karreras, Plasido Dominqo, soprano Monserrat Kabalyeni heç demirəm.
Dağlıq Qarabağa dəfələrlə getdiyinə, Parisdə "Artsax: xristian adacığı” adlı albom buraxdığına görə Kabalyeni bu tabloda qara boyada da görə bilərəm. Amma bu, ucuz vətənpərvərlik olar. Adama deyərlər fərəsətin olsun, Kabalye, onun çapında dünya ünlülərini sən də Bakıya gətir, özünə dost elə, Qarabağ adında albomlarının təqdimatını Parisdə, Londonda, nə bilim, Nyu-Yorkda filanda keçir.
İspan kinosu deyəndə ağla ilk gələn Luis Bunyueldi. Onun 1929-cu ildə Salvador Dali ilə birgə çəkdiyi "Əndəlüs köpəyi” filminə səfərdən qayıdanda bir də baxdım. Yaşımın müxtəlif çağlarında dəfələrlə baxmışam ona, hər dəfə də nəyisə anlamağa çalışmışam. Dünya sürrealist kinosunun incisi sayılan bu film ekrana çıxdığı gündən kinotənqidçilər orada çox mətnaltı məna axtarıblar, hər üzünə təhlil ediblər. İlk baxışda bir-birinə dəxli olmayan süjetlərdən ibarət 16 dəqiqəlik filmin niyə "Əndəlüs köpəyi” adlandırılmasını bilmək üçün ona bir də baxdım. Kino tənqidçisi deyiləm, dahi əsər deyirlərsə, demək belədi. Mənə qalanda isə Bunuyelin "Burjuaziyanın gizli cazibəsi” filmini bəyənirəm.
Bu gün isə ispan kinosu Pedro Almodovarla tanınır. Çox demirəm elə tək "Anam haqda hər şey” filminə baxsanız yetər. Müasir ispan kinosunun səviyyəsi haqda təsəvvürünüz yaranar.
Kinodan söz düşmüşkən, üç ispan dahisinin – Salvador Dali, Federiko Qarsia Lorka, Luis Bunuyelin dostluğundan bəhs edən "Keçmişin əks-sədası” filminə baxmağı təkidlə tövsiyyə edirəm. Məndən olsa filmin adını "Azadlıq, Sənət, Sevgi üçbucağı” qoyardım.
Hələ qoy, şaqraq ispan mahnı və rəqslərdən də deyim! Dəfələrlə Havanada kubalı dostların məclisində ispan mənşəli Latın Amerikası rəqslərini oynamağa cəhd eləmişəm. Bir-iki hərəkət yamsılamadan sonra onların ritmində öz rəqsimizə keçmişəm. Elə qəşəng alınıb ki. Ətrafdakıların gülməyindən bilmişəm. Ürəkləri gedib.
Flamenko, sarabanda, bolero ritmləri alov şölələri təki oynaqdı. Rəqqas Xoakin Kortesin rəqslərindən cuşa gələrsiniz. Kortes qaraçıdı. Elə "Flamenko” da mavrların, XV əsrdə Bizansın çökməsiylə qaçıb İspaniyanın cənub sahillərinə sığınan qaraçıların, yerli ispanların, yəhudilərin qədim xalq musiqisindən yoğrulub.
Mənin yaşıdım oxucular flamenko stilində mahnılar oxuyan, rəqslər edən bir vaxtların məşhur "Gipsy Kings” qrupunu yaxşı xatırlayarlar.
Sözümün canı odu ki, sizi bilmirəm, mənə həmişə elə gəlib ki, İspaniya tam Avropa deyil, heç Afrika, Asiya, Amerika da deyil. Nədisə, fərqlidi, onların hamısının cəmidi. O, İtaliya, Yunanıstan, başqa cənubi Avropa ölkələrindən elə buna görə seçilir.
"Əndəlüs köpəyi”
İnternet yepyekə Yeri bapbalaca yumağa döndərib. Komputerin monitorundan dünyanın hər dəlmə-deşiyinə baş vura bilirsən. Adamın ağlına qəribə fikirlər gəlir, küfr olmasın, düşünürsən, yəqin Tanrı da Yerə öz monitorundan belə baxır. Amma o tək dünyanın "dəlmə-deşikləri”ni yox, insan qəlbinin qaranlıq dərinliklərini də görür.
…İspaniyanın cənubunda elə yer axtarırdıq ki, aeroporta, Cəbəllrütariq boğazına, islam sivilizasiyasının Avropa nişanələrindən olan məşhur Qranadaya əlçatan olsun. Bu istəyə cavab verdiyindən, həm də internetdən girib gəzərkən küçə və sahilboyu çimərliklərindən xoşumuz gəldiyi üçün Torremolinosu seçdik.
Səfərin ilk günü Torremolinosla tanışlığa başladıq. "Parasol Garden” hotelinin hazırladığı çoxçeşidli səhər yeməyindən sonra "Crocodile Park”a, yalnız timsahlardan ibarət zooparka piyada yol aldıq. Korrida – öküz döyüşü tamaşalarının keçirildiyi "Plaza de Toros” da elə ordadı. Getdiyimiz yol şəhərin yalnız sahilə əks hissəsini görməyə imkan verirdi. Biz tələsmədən, otuz dəqiqəlik yolu iki saata getdik.
İsti ölkələrə xas iri, açıq balkonlu, üstü küləfirəngili evlər, limon, portoğal ağaclı küçələr, indiyədək rastlamadığımız cürbəcür gül kolları, ağaclarla zəngin parklarda tamam fərqli bir ölkəyə gəldiyini anlayırsan.
Timsahlar parkında Avstralıya, Afrika, Cənubi Amerikadan gətirilmiş timsahlar var. Burada bildim ki, "timsahın göz yaşı” deyimi heç də onların mərhəmətli olmasına dəlalət etmir. Bəlkə də bunu əzazil tiranların rəhmdil obrazını yaratmaq istəyən saray şairləri, filosofları uydurublar. Guya şikarını yeyəndə timsahın ağlamağı gəlir. Yox, sən demə, bədəndə yığılan həddən artıq izafi duz timsahın bədənindən göz yaşıyla çıxırmış.
Baxışlarımı yekə bir alliqatorun gözünə zilləyib durdum. Elə bu saat ağlayar, indi ağlayar. Heç bir damla da yaş çıxmadı. Bunyuelin "Əndəlüs köpəyi” filminin ilk kadrı yadıma düşdü. Ülgüclə göz bəbəyinin kəsilməsi, o kəsikdən bir damla suyun düşməsi yeri.
Dünyanın ən qorxunc yırtıcılarından olan timsahlara baxa-baxa ağlıma gəldi ki, belə parklarda bəslənən timsahlar azadlıqlara qapalı ölkələrin oliqarxlarına bənzəyirlər. Hamını lərzəyə salan gücləri var, di gəl, özləri qəfəs sahibinin əsiridilər.
"Plaza de Toros” bağlı idi. Yaxın günlərdə korrida tamaşası olmayacaqdı. Açığı bilmirəm, belə bir tamaşaya baxmaq istərdim, ya yox. Gözünün qabağında bir canlını alçaldaraq, əzabla öldürsünlər, sən də baxıb ləzzət alasan. Nəsə, çatmır mənə.
Düzdü, uşaq vaxtı mənim də daşla qarışqa öldürən, cırcıramaya sap bağlayan, torbaya pişik salan vaxtlarım olub. Amma indi uşaq qəddarlığından əsər-əlamət qalmayıb, ürəyiyumşaq olmuşam.
Heyvanları mühafizə təşkilatları bu korrida tamaşalarının qadağan olunması üçün illərdi mübarizə aparır. Onların tərəfdarları getdikcə çoxalır. Artıq Kataloniya parlamenti Kataloniya ərazisində bu tamaşaları yasaq edib.
Parkdan geriyə əks yolla – şəhərin mərkəzinə aparan küçəylə qayıdası olduq. Torremolinosun qədim hissəsi bir növü bizim İçərişəhəri xatırladır. Dar-dolambac küçələr, əyri dalanlar, suvenir dükanları, kafe-restoranlar. Xanımlar rəfiqələrinə, uşaqlara suvenir seçincə biz özümüzü verdik vayfayı olan pivəxanaya.
Gün əyiləndə mərkəzi San Migel küçəsiylə düşdük sahilə. Şəhərin bu yeri çal-çağırlıdı, əyləncələrlə doludu, kafe-restoranları, gecə barları adamlarla dolub daşır. Axşam sahil bağı öz palmaları, dəniziylə bir başqa cür gözəldi.
Malaqada "Ağdam bazarı”
Malaqaya qatarla yol heç yarım saat eləmədi. "La Colina” dayanacağından "Malaga Centro” stansiyasına cəmi 3 avroya qəttəzə, son model vaqonlarda getdik. Yolboyu pəncərədən görünən mənzərə qatar sürətində kino lentiydi sanki, huşumu uzaq 1982-ci ilə apardı. Malaqa adını ilk dəfə o vaxt keçirilən futbol üzrə dünya çempionatında eşitmişdim. Fanatiki olduğum SSRİ yığması Şotlandiya ilə bu şəhərdə oynayırdı. Məşhur futbol şərhçisi Ozerov "Malaqa” kəlməsini elə coşğuyla deyirdi ki, o həkk olan yaddaşıma yazılıb qaldı.
Şəhər bizi günəşli səhəriylə qarşıladı.
Malaqa mədəniyyətlər kontrastıdı. Cazibədarlığı da elə bundadı. Hər il bura 6 milyon turist gəlir. Ən çox ziyarət olunan yer Pablo Pikasso muzeyi, "Centro historico” adlanan Malaqanın qədim hissəsi, yəni "içərişəhəri”, bir də çimərliyidi.
Şəhər bir günə gəzilib qurtarası deyil. Əsas görməli yerləri bir-birinə yaxın yerləşsə də, piyada gediləsi olsa da gəzib dolanmaq üçün sənə bir neçə gün lazımdı. Muzeylərini, Əlkasaba Roma teatrını, Gibralfaro təpəsini, korrida tamaşalarının keçirildiyi "Plaza de Toros”u, bir-birindən yaraşıqlı meydan və küçələrini dolaşmağa saatların, günlərin gedəcək.
Gibralfaro təpəsindən Aralıq dənizinə, Malaqaya füsunkar mənzərə açılır. Burada X əsrdə Kordova əmirinin tikdiyi, XIV əsrdə Qranada əmiri I Yusifin yenidən qurduğu eyniadlı qəsrin xarabalıqları durur.
Əlkasaba xüsusi tip qala qəsridi. Bizim qalalardan fərqlidi, belə ki, burada qəsr iki qala divarı arasında yerləşir. Çöl divar xarici düşmənlərdən qorunmaq, iç divarsa şəhərdaxili qiyamlar vaxtı gizlənmək məqsədilə tikilir.
Gibralfaro qalası ispanların işğalçı ərəblərə qarşı uzun əsrlər boyu apardığı Rekonkista azadlıq hərəkatı qalibiyyətlə başa çatandan sonra süqut edir. Qalaya katolik kral Ferdinand yerləşir. Beləliklə, katoliklər müsəlmanların Priney yarımadasında 8 əsrlik hakimiyyətinə son qoyurlar. Əvvəl müsəlmanları, sonra isə yəhudiləri yarımadadan qovurlar.
Biz "Molina Lario” küçəsiylə gəzə-gəzə Maqala kafedral kilsəsinə gəldik. Əvvəl burda məscid olub, ərəblər qovulandan sonra 1582-ci ildə məscidi söküb yerində Renessans dövrünün memarlıq üslubunda bu kilsəni tikməyə başlayıblar.
Kilsəylə qısa tanışlıqdan sonra iki tin keçib Atarazanas bazarına gəldik. Çoxdan belə bazar görmürdüm. Sıra-sıra balıq, ət, meyvə-tərəvəz bölmələrindən başqa ayrıca zeytun, quru meyvə, ədviyyat satılan hücrələri də var.
Malaqadakı "Mərakeş bazarı”nın (Atarazanas el arasında belə adlanır) bir suyu bizim Ağdam bazarına bənzəyir, nə istəsən taparsan. Mən bir vaxt məşhur olan bazarımızı tərifləyəndə Səməd bəy də Təbrizin "Üstüörtülü” bazarından söz açdı. Bir fərqimiz vardı – o, Təbriz bazarının indiki halını təsvir edirdi, mənsə Ağdam bazarından keçmiş zamanda danışırdım.
Yeridi, Səməd bəyin Təbriz söhbətlərindən birini danışım sizə. Universiteti Təbrizdə oxuyan səfər yoldaşımın Təbriz və təbrizlilər haqda söhbətlərini onun şirin ləhcəsində eşitmək başqa aləmdi. Deyir, bir bahar bazarda nübar alça gördüm, istədim biz az alım. Bir dənəsini dişimə çəkdim, xoşuma gəldi, dedim, çək. Satıcı bir kilo alça çəkəndə dedim, halal elə bir dənəsini yedim. Təbrizlilər hazırcavab, itoynadan olur, qayıdıb nə desə yaxşıdı? "Qəydəş, halal xoşun olsun, çox belə bir dənələrlə bir kilolar soxuşdurmuşuq”.
Amma ispan tərəziləri halal çəkənə oxşayırdılar.
Təbrizdən söz düşmüş birini də deyim, sonra yolumuza davam edək. Səməd bəy danışır ki, nəbadə Təbrizdə özünü nabələd göstərəsən. Bir dəfə peşman olub kitabxananın yerini xəbər almağa. "Kütübxananı istirsən? Tanımeysan? Tanımeysan bə nəyə gəlibsən?” deyib əməli-başlı məzələniblər.
Şuşada da gəlmələrlə belə dilxoşluq edərdilər.
Tariqin dağları başı dumanlı
Ertəsi gün balaca bir "Fiat” kirayələyib Cəbəllrütariqə yol aldıq. Gedəndə də, elə bəribaş qayıdanda da maşını özüm sürdüm. Səməd bəyin maşın sürməklə arası yoxdu. Onunku velosipeddi. Hər yana onu sürür.
Cəbəllrütariq Böyük Britaniyanın Priney yarımadasının cənubunda eyni adlı boğazın sahilində yerləşən dənizötəki torpağıdı. İspaniyanın neçə illərdi davasını döydüyü bura Avropanın Afrikayla burun-buruna durduğu yerdi.
Tarix boyu Yer üzünün ən strateji boğazları, kanalları dünyaya yiyəlik edənlərin hədəfində olub. Süveyş, Panama kanalları, Cəbəlrütariq, Bosfor boğazları kimi. Bura da dünyaya ağalıq elədiyi vaxtda Britaniyanın koloniyası olub.
Cəbəllrütariq öz adını ərəb sərkərdəsi Tariq ibn Ziyadın adından götürüb, Cəbəli-Tariq, yəni "Tariqın dağları” deməkdi. Deyilənə görə ərəb qoşunları boğazı keçən kimi Tariq gəmiləri yandırmaq əmri verir: "Geriyə qayıtmaq yoxdu!” O qalan ərəblər İspaniyada düz 800 il qalırlar, İslam tarixinin Qranada, Kordova kimi mədəniyyət incilərini yaradırlar.
Sərkərdənin o əmrini düşünəndə razılaşırsan ki, bəzən gələcəyi qurmağın yolu keçmişlə üzülüşməkdən keçir.
Filosofluğum tutmamış söhbətimi davam eləyim.
Demək, La-Linea Cəbəllrütariqin sərhədində yerləşən sonuncu ispan şəhəridi. Hələ sərhəddən xeyli aralıdan məşhur Cəbəllrütariq dağı öz sərt qayaları ilə görünür. İspaniya sərhədçiləri heç sənədə də baxmadılar, amma britaniyalılar hər kəsin pasportunu bitbəbit yoxladılar.
Buranın ərazisi 6,5 kvadrat kilometrdi. Təxminən Bakının Nəsimi rayonun boyda. Yox, ondan da xeyli balaca. 30 min əhalisi olan bu qala-ölkəyə il ərzində 10 milyon turist gəlir. Turizmlə yanaşı ölkənin əsas gəlir mənbəyi gəmi daşımaları və ofşor banklardı. Təkcə bunu deyim ki, ofşor banklardan qazanc ÜDM-un 20 faizini təşkil edir. "Ofşor bank” sözünü son vaxtlar tez-tez eşidirik, bizə yad söz deyil deyə haqqında uzun yazmıram.
Turistləri bura cəlb edən tək onun tarixi abidələri deyil məncə, həm də coğrafi yeri, ekzotikası, üstəgəl fərqli "kulturoloji adacıq” olmasıdı. Elə bil yağışlı yox, isti, günəşli İngiltərədəsən.
Buranın hər addımında tarixin neçəsə dövrünün nişanəsi var. Onu deyim ki, Cəbəllrütariq yalnız ərəblər yarımadadan qovulandan sonrakı 300 ildə İspaniyanın olub. 1462-ci ildə ərəblərdən azad edilən bu yerlərə 1704-ildə ingilislər yiyələniblər. O gələn hələ də burdadılar.
Sərhədi keçən kimi maşını birbaşa şəhər-ölkənin o başına – məşhur Cəbəllrütariq mayakına sürdüm. 7 kilometrlik yolun sağı sıldırım qayalıqlar, solu boğazdı. Mayak 1838-41-ci illər arası tikilib. Təzəlikcə təmir olunub, dənizin 27 kilometrliyindən görünür. Səudiyyə kralının hədiyyə kimi tikdirdiyi İbrahim-əl-İbrahim məscidi də burdadı.
Cəbəllrütariqə gələsi olsanız, imkan edib bir-iki gün qalın. Bu müddətə görməli yerləri tam gəzib dolaşarsınız. Amma bizim kimi yarım günlüyə gəlsəniz, "La-Kalle Real” deyilən mərkəzi küçəsində çox vaxt itirməyin. Bütün şəhərlərin baş küçəsi kimi bura da insanların gur olduğu, mağazalar, restoran-pablarla dolu bir yerdi. Ondansa elə bu küçənin girişinə yaxın yerdən kanat yoluyla məşhur Cəbəllrütariq qayalarına çıxmağı məsləhət görərdim.
Dağın başından şəhərə, boğaza füsünkar mənzərə açılır, aydın səmalı günlərdə Afrika sahillərini, Mərakeşdə Seuta şəhərini də görə bilərsiniz. Seuta Mərakeşdə yerləşsə də İspaniyanın ərazisidi.
Bax, güc belə şeydi, birinə çatır, birinə yox. Cəbəllrütariqi qaytarmağa ispanların gücü yetmir, əvəzində Mərakeşin Seutasını tutublar. Rusiyadan Dərbəndi almağa gücümüz yoxdu, bəs, ermənilərdən Qarabağı geri almağa nədi sözümüz!
Yenə "yaxın” Afrikanı qoyub fikrim getdi "uzaq” Qarabağa.
Vaxt olsa gəmi-bərəylə Seutaya baş çəkmək yaxşı olardı. Şimali Afrikanın iki ölkəsi cəlbedici gəlir mənə, Mərakeş, bir də Tunis. Fürsət düşsə, qaçırmaram, gedərəm. Bu dəfə alınmadı. Bu dəfə heç planladığımız kimi Qranadaya da gedə bilmədik. Nə isə…
Cəbəllrütariq qayalarının üstü turistlərin ən çox gəldiyi yerdi. Kanat yol təzə təmir olunub. Avropada meymunların təbii şəraitdə yaşadığı yeganə yer buradakı qoruqdu. Meymunlar Cəbəllrütariqin simvoludu. Yerli inanca görə nə qədər ki, bu meymunlar Cəbəlrütariqdə yaşayır bura Britaniya torpağı olaraq qalacaq. Yəqin ona görə özlərini ərköyün aparırlar. Turistlərin üstünə hoppanır, evlərdən yemək oğurlayır, nə bilim, yüz cür meymunluq edirlər, amma onlara gözün üstə qaşın var deyən yoxdu.
Qayalığın altında yüzəcən mağara var. Yalan-gerçək deyirlər, mağaralararası tunellərin uzunluğu 50 kilometrə çatır. Onların bəziləri turistlərin üzünə açıqdı. Bəzilər hələ də hərbi obyekt kimi istifadə olunur.
Cəbəllrütariq haqda uzun-uzadı yazmıram, gələsi olsanız özünüz istəyinizə uyğun baxmağa yer seçəcəksiniz. Bircə onu deyim ki, İspaniyanın cənubuna gəlib bura dəyməsəniz sizə əsl səhayətçi demərəm.
Unutmuşdum az qala! Bura gələndə mütləq Britaniya vizanız olsun. Yoxsa Səməd bəygil kimi sizi də sərhəddən buraxmazlar. Elə təəssüfləndik ki, Cəbəllrütariqi səfər yoldaşlarımızsız ziyarət etməyə. Biz "ispan İngiltərəsi”ni dolaşıb qayıdanacan onlar da Əndəlüsün La-Linea şəhərində maraqlı sərgüzəştlər yaşayıblar.
Sevgilim dəniz
Dənizə aşiqliyim gəncliyimin ilk ilindən başladı – Bakıya oxumağa gələndən. Az olmayıb "Baksovet”dəki jurnalistika fakültəsində dərsdən qaçıb bulvarda dənizə tamaşa eləməyim. Sonralar Şıxova gedərdim təmtəkcə.
Özünlə söhbətin varsa, dənizə tək get!
İndi Baltik sahilində yaşayıram. Gündə bir dəfə Stumholmen adasını dolanmasam, sahil skamyasında əyləşib qağayılara salam verməsəm, üzən gəmi-bərələri, qayıqları qarşılayıb yola salmasam, baxışlarımı dənizlə səmanın görüş yerində azdırmasam elə bilirəm dəniz məndən küsər.
Burda, Torremolinos sahilində isə dəniz ayrı cürdü. Aralıq dənizi Baltik kimi deyil, fərqlidi, bütün isti dənizlər soyuq dənizlərdən fərqlənən kimi.
İsti dəniz sənin gəlişindən xəbər tutmur. Onun gələni çoxdu, yəqin o üzdən sənə biganədi.
Şimalın soyuq dənizisə gəlişinə sevinir, deyirsən bəs, sənə görə çalxalanır, hər dalğasında bir mesaj, hər ləpəsində bir pıçıltı sözü var. Bütün diqqətinlə bağlanırsan.
Soyuqluqda tənhalıq var. Bəlkə də şimal dənizinin soyuqluğu tənhalıqdandı. Bəlkə onun sənə ehtiyacı var.
Bəlkə hər dəfə nəfəsimlə qızdırırmışam üşüyən Baltiki…
Aralığın isə bir suyu bizim Xəzərə bənzəyir. İllah da günçırtlayan vaxtı. Qaldığım günlərin hər səhəri obaşdan durub günəşin doğmasına tamaşa elədim. Bəzən onuncu mərtəbə yüksəkliyindən, bəzən də sahildə düz üfüqün tuşundan.
Aralıq da Xəzər kimi ancaq səhərlər sənin olur.
Əndəlüsün dəniz kənarında qəribə bir sehr var. Qumlu sahildə palma ağacları arasında dolaşanda duyursan bunu. Paulo Koelyonun "Kimyagər”ində Əndəlüsdən yol alıb xəzinə dalınca Misir piramıdalarınacan gedən Santiyaqonu xatırladım bir sabah "Playa el Bajondillo” çimərliyini dolaşanda. Hələ sübh çağıdı, sahildə tək-tük adam gəzişir, çimən yoxdu.
Adamın Santiyaqo olmağı gəlir! Dünyanın bütün gözəlliklərini vətəndə yaşamaq istəyirsən. O da sonunda xəzinə-xoşbəxtliyi öz vətənində tapır.
…Günorta çimərliyə Səməd bəylə gəldim. Qumda uzana bilmədik – yaman istiydi. Çoxdan qaynar qumda gəzmirdim nədisə, əvvəl-əvvəl ayaqyalın yeriyə də bilmədim. Sonra öyrəşdim.
Aralıq dənizinin suyu bizim Xəzər qədər duzlu deyil. Elə çimərliyi də fərqlidi, ilk dəfə özünü lüt ətcəbala günə verən xanımları burda gördüm. Əyinlərində elə təkcə əyin idi, ayrı heç zad. Fotoaparatımın obyektivinə təsadüfən bir neçəsi düşdü. Amma ta o şəkilləri bu foto-reportajda yaymaram. Paparatsi zad deyiləm ki. Hər halda jurnalistika fakültəsində bizə etika dərsi keçiblər.
İspaniyada çimərliklər bələdiyyəyə məxsusdu. Ona görə də bizdəki kimi pul verməyə məcbur deyilsən – istəsən günü 5 avroya çətirlə birgə uzanacaq götürərsən, istəməzsən öz qətfəni salıb pulsuz uzanarsan. Bizim təbii çətirimiz palma ağacı oldu. Açığı ilk dəfəydi palma kölgəsində yuxuya gedirdim. Elə qəşəng mürgüləmişdim ki. Buddası kömək olmuş bir tailandlı qızın səsinə oyandım. Dirəndi ki, 10 avro ver, masaj eləyim. Bir təhər başa saldım ki, publik masaj lüksüm yoxdu. Ondansa dənizə girərəm. Heç onun şirin dilinə sıyılan Səməd bəyi də masaj olunmağa qoymadım. Plyajda da masaj olar?!
Dənizin ilk bir-iki metrliyi balıqqulağı, çınqıldı, sonrası qumludu. Katamaran da kirayələyə bilərsən. Amma saatına 20 avro ona verincə sahil boyu çoxsaylı kafelərin birində buz kimi pivə daha cəlbedici görünürdü.
Elə o cür də elədik, babat pivələdik.
Kalamorroda "kəkotu çayı”
Benalmadenaya yolumuz qatarla iki dayanacaqlıq oldu. O da Aralıq sahili şəhərlərdən biridi. Qatardan qələbəliyə düşdük. Sən demə bu gün yerli əhali Müqəddəs Barnabe (Dia de San Bernabe) gününü bayram edirmiş. Ümumiyyətcə, ispan xalqı bayram sevəndi, heç nədən şənlik düzəltmək üçün sino gedirlər. Bu bayram isə xüsusilə əlamətdardı.
11 iyunda yerli əhali 1485-ci ildə Əndəlüsün katoliklər tərəfindən tutulmasını qeyd edirlər. Müxtəlif kilsə, məktəb, dərnək təmsilçiləri xüsusi bəzədilmiş öküz arabaları ilə yürüşə çıxırlar, bir növ parad-karnaval kimi. Həmin gün tək İspaniyanın şəhərlərindən yox, başqa ölkələrdən də gətirilən malların böyük yarmarkası təşkil olunur, öküz döyüşləri keçirilir.
Biz yalnız öküz arabalarının karvan-paradına baxdıq, ta izdihamın arxasınca getmədik. Planladığımız kimi kanat yolla Kalamorro dağına çıxdıq.
Kanat yolunda gözəl mənzərələr bir-birini əvəz edirdi. Kabinlər həyətlərin, evlərin üstündən keçirdi. Burda hər evin hovuzu var. Odey, suda uzanan xanıma bax, kanat yolla üstündən keçənlərin baxışları heç vecinə deyil.
Beləcə, arxada sınırsız dəniz qarşıda səmaya dikələn dağa doğru aramla qalxdıq.
Uşaq vaxtı Şuşada eşidərdik ki, Cıdır düzündən o üzə kanat yol çəkiləcək. Elə söz olaraq da qaldı, bəlkə də Qarabağa sovet dönəmində hökmümüz, iradəmiz yetmədiyindən. Oradan təzəcə qayıdan çexiyalı jurnalist Petruşka Şustrova son görüşümüzdə deyirdi ki, ermənilər Stepanakertdən Şuşaya kanat yol çəkməyi planlayırlar. Onların Qarabağa o vaxt da hökmləri olub, indi də var, çəkərlər.
İspaniyanın Aralıq sahilində çoxsaylı kanatların birində başgicəlləndirən yüksəklikdən qorxmasın deyə xanıma Şuşa söhbətləri edirdim. Hökmün çatanlara sahibsən, istər yer olsun, istər qorxu.
Qorxunu cilovlamağı hələ uşaqlıqdan bilirəm. Gecə vaxtı kəndə nənəmgilə təmtəkcə gedəndə fit çalar, ya da mahnı oxuyardım. Qorxunu səslə, sözlə, söhbətlə aşarsan!
Dağın başında gözaparan sonsuzluqla qarşılaşdıq. Aşağıda Kosta-del-Solun sıra-sıra şəhərləri, ucsuz-bucaqsız sahil, dəniz ənginliyiydi. Göydə isə tək göy idi, buludsuz, dəpdərin göy. Dağ cığırlarıyla neçəsə kilometr dolanıb kafenin küləfirəngisində gözoxşayan nəhayətsiz sonsuzluğa baxa-baxa kofe içdik.
Xanıma deyirəm, təsəvvür elə, Topxana meşəsini gəzib kanat yolla qayıtmışıq, indi də Cıdır düzündə "kəkotu çayı” içir, dincimizi alırıq.
…Beləcə, səfəri xoş xəyallara köklənən ovqatla başa vurduq.
***
Yazdıqlarım sirli-sehrli Əndəlüsdə görüb duyduqlarımın azacıq hissəsidi. Yazmaqla bitməz, görmək gərək. Könlünüzdən nağılvari ölkə gəzmək keçsə, tərəddüd etmədən İspaniyaya səfər edin. Elə bir yerə ki, orda xəyallar həqiqətlə çulğaşır.
Sürreal bir dünya olur…
Şərhlər