Ərdoğanın son açıqlaması kimə mesajdır: Bayden, yoxsa Putinə?

Ərdoğanın son açıqlaması kimə mesajdır: Bayden, yoxsa Putinə?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT-nin sessiyasında iştirakdan qayıtdıqdan sonra maraqlı bir açıqlama ilə gündəmə gəlib. Ərdoğan "Türkiyə istəyərdi ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da çıxsınlar” mesajını verib.

Bu halda Türkiyə Suriyada ABŞ-ın yerini almaq niyyətindədirmi sualına cavabında isə Türkiyə lideri deyib: "İcazə verin, açıq və düzgün formada sizə deyim – Biz istənilməyən yerdə heç vaxt qalmayacağıq, bizə şad olunmayan yerdə heç vaxt olmayacağıq”.

Ərdoğanın belə bir açıqlama ilə çıxış etməsi onu göstərir ki, Ankara ABŞ-ın Suriya və İraqın Türkiyə ilə sərhədi yaxınlığında qoşun saxlamasından narahatdır. Narahatlıq isə Suriya və İrağın şimalında kürd separatçılarının, PKK, onun qolu olan PYD/YPG-nin, İraqda da anoloji qrupların fəaliyyətinə Vaşinqtonun hərtərəfli dəstək verməsilə bağlıdır.  

Belə ki, məhz ABŞ-ın siyasi və hərbi dəstəyi nəticəsində Suriyanın şimalında bir sıra məntəqələr hələ də Dəməşqlə hesablaşmayan sözügedən kürd separatçılarının əlindədir. Hansı ki, PYD/YPG və buradakı PKK tör-töküntüləri ara-sıra məhz bu məntəqələrdən Türkyəyə qarşı təxribatlara əl atırlar. Bu mənada ABŞ qoşunlarının Suriya və İraqda olması bir tərəfdən, kürd separatçılarının əl-qol açmalarına imkan verir. Digər tərəfdə isə, Türkiyənin öz təhlükəsizliyini və sərhədlərini qorumaq üçün lazım gəldikdə həmin separatçıları məhv etməyə hesablanmış daha geniş əməliyyatlar keçirməyinə müəyyən əngəllər yaradır. 
Bu mənada Türkiyənin Suriya və İraqdakı ABŞ qoşunları ilə bağlı sözügedən istəyi başa düşülən və haqlı istəkdir. 

Başqa bir tərəfdən, Ərdoğanın sözügedən açıqlamanı sentyabrın 29-da Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüş ərəfəsi səsləndirməsi də maraq doğurur. Həmin görüş ərəfəsi Suriya məsələsində, daha doğrusu, İdlib əyalətilə bağlı Moskva ilə Ankara arasında müəyyən gərginliyin yaşandığı bildirilir. Rusiya həmçinin Türkiyənin Azərbaycanla birgə bölgəmizdə yürütdüyü siyasətdən də narazıdır. Bu fonda Soçi görüşünün bir qədər gərgin keçəcəyi proqnozlaşdırılır. Belə bir ərəfədə, Ərdoğan sözügedən açıqlama ilə həm də ola bilsin görüş öncəsi Putinə müsbət mesajlar ötürür. Çünki ABŞ qoşunlarının Suriya və İraqda olması Moskvanın da marağına cavab vermir. Ərdoğanın açıqlaması isə göstərir ki, bu mənada Ankara ilə Moskvanın istəkləri üst-üstə düşür. 

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X