Ukraynanın "Vorskla" klubunun futbolçusu Geqam Kadimyan "Qarabağ"la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbdən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.
İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, "Qarabağ"ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçumuz zədəlidir, beli sərpib".
Qeyd edək ki, "Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, noyabrın 8-də isə Poltavadakı Aleksey Butovski adına stadionda üz-üzə gələcəklər. Daha öncə İngiltərə "Arsenal"ı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyib.
Şərhlər