Erməni mətbuatı: Azərbaycan silahlanır və hazırlaşır. Bəs Ermənistan?

Erməni mətbuatı: Azərbaycan silahlanır və hazırlaşır. Bəs Ermənistan?

Müəllif: Armen Kareyan

Azərbaycanın Maliyyə Nazirliyi respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri təqdim edib. Sənədlərdən aydın olur ki, ölkənin müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılan xərclər xeyli artıb. Azərbaycan gələn il müdafiə və milli təhlükəsizlik sahələrinə 2,3 milyard dolar ayıracaq. Bu, ötən ilə nisbətən 21% çoxdur.

Qeyd etmək lazımdır ki, Azərbaycanda müdafiə xərclərinin artımı sistemli xarakter daşıyır. Ölkənin hər yeni il üzrə dövlət büdcəsi layihə təqdim edildikdə, hərbi xərclərin artırıldığı bəlli olur. Bu, faktiki olaraq, Azərbaycanın Qarabağ məsələsində yürütdüyü sərt siyasətin maddi təcəssümüdür. Onun əsas hədəfi isə əlbəttə ki, Ermənistandır.

Bu baxımdan Ermənistanın hökumətin 30 sentyabrda keçirilmiş iclasında qəbul edilmiş gələn ilin dövlət büdcəsi layihəsinin sülhməramlı mahiyyətini anlamaq çox çətindir. 2020-ci ildə ölkənin büdcə xərcləri 14% artaraq, təxminən 4 milyard dollar təşkil edəcək. Lakin burada müdafiə xərclərinin artımı cəmi 0,8%-dir. Söhbət sadəcə, 303 milyard dramdan gedir (bu il bu rəqəm 300,5 milyard dram olub). Gələn ilin dövlət büdcəsində səhiyyə xərclərinə builkindən 21%, təhsilə 15, əhalinin sosial müdafiəsi sahəsinə 10% çox vəsait ayrılacaq.

Beləliklə, Azərbaycanın imzaladığı milyardlarla dollar dəyərində silah sazişləri və Bakının kəskin bəyanatları fonunda iki ölkənin hərbi xərcləri arasındakı uçurumun nə ilə nəticələnə biləcəyini təsəvvür etmək o qədər də çətin deyil: faktiki olaraq, Ermənistan dövləti müharibə təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, gözləmək olardı ki, Ermənistan hakimiyyəti bu vəziyyəti nəzərə alacaq və dövlət büdcəsinin formalaşdırılmasında hərbi xərclərə xüsusi diqqət yetirəcək.

Doğrudur, bəziləri bu məsələnin spesifik xüsusiyyətini önə çəkərək deyə bilər ki, Ermənistanın müdafiə xərcləri haqqında tam təsəvvürün büdcə layihəsinə nəzər salmaqla formalaşması yanlışdır. Amma bu məntiqdən çıxış etsək, gərək Azərbaycanın hərbi xərclərini də şərti adlandıraq. Demək, Azərbaycanın hərbi xərcləri büdcə layihəsində göründüyü kimi, bir neçə milyard yox, əslində onlarla milyard dolar təşkil edir.

İndi, məsələnin digər tərəfinə nəzər salaq. Ermənistan hökumətinin tam sosial yönümlü büdcə formalaşdırmasının səbəbi nədir? Axı səhiyyə və təhsil sahələri əvəzinə hərbi xərcləri 10 və ya 20% artırmaq olardı. Cavab birmənalıdır. Hazıkı hakimiyyət sosial məsələləri önə çəkərkən öz siyasi maraqlarından çıxış edir. Başqa sözlə, iqtidar yalnız hakimiyyətini möhkəmləndirmək haqda düşünür.

Təxminən ilyarım əvvəl baş nazir seçilmiş Nikol Paşinyan hakimiyyətini davam etdirmək üçün davamlı əsas yaratmağa çalışır. O, ictimaiyyət arasında belə fikir formalaşdırmağa çalışır ki, guya artıq proses işə düşüb: ölkədə sosial vəziyyət tədricən düzəlir. Məqsəd aydındır. Qoy insanlar çətinliklərə dözsün, "gələcəkdə hər şey yaxşı olacaq” düşüncəsilə yaşasın.

Bir sözlə, Ermənistanın gələn il üçün nəzərdə tutulmuş dövlət büdcəsi layihəsini "populist büdcə layihəsi” adlandırmaq olar. Sənəddə milli təhlükəsizliyimizi təhdid edən amillər nəzərə alınmayıb. Ermənistan hakimiyyəti belə bir büdcə layihəsi hazırlayarkən, faktiki olaraq, müharibə olmayacağına ümid edib.

Erməni dilindən tərcümə: Worldmedia.az
XƏBƏRLƏR
BLOGLAR