Xəbər lenti

Ermənilər azərbaycanlı deputatın evini 300 dollara iranlılara satıb
Ölkə 09:46 16.10.2021

Ermənilər azərbaycanlı deputatın evini 300 dollara iranlılara satıb

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aqil müəllim, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündən pozitiv ayrılmasının ardınca Qarabağda qanunsuz erməni silahlıları təxribatlar törədir. Bu hallar prosesin irəliləməsinə necə təsir göstərəcək?

- Ermənilər bu cür yanaşmaları ortaya qoymaqla özlərinin mövcudluğunu göstərməyə çalışırlar. Məğlub olmuş bir ölkə "imicini” qorumağa cəhd edir. Ona görə, erməni rəsmilərinin bu cür yanaşmalarına da adi hal kimi baxmaq lazımdır. Amma onların təxribatlarına heç bir halda göz yummaq olmaz. Bu, ciddi bir məsələdir. Burada məsuliyyət sülhməramlıların üzərinə düşür. Belə olan halda sülhməramlıların da fəaliyyətinə yenidən baxmaq lazım olacaq.

- Azərbaycan tərəfi bu cür təxribatlara qarşı necə addım atmalıdır?

- Əgər bizə qarşı bir təxribat varsa, buna mütləq cavab verilməlidir. Biz də öz növbəmizdə erməni tərəfinin mövqelərini vurub dağıtmalıyıq. Bunun ayrı yolu yoxdur. Belə olsa, orada bir dənə də olsun silahlı erməni qalmayacaq. Ağıllı olmasalar belə də olacaq.

- Erməni tərəfi ATƏT-in Minsk Qrupunu yenidən prosesə cəlb etmək niyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan dövlətinin, Ali Baş Komandanın bununla bağlı qəti mövqeyi var. ATƏT-in Minsk Qrupu da Qarabağın "statusu” kimi gorbagor olub. Biz də öz növbəmizdə səbrli olmalıyıq. Onların danışığı ilə heç nə həll olunan deyil.

- Bu günlərdə Ermənistan parlamentinin sədri Suriya səfiri ilə görüşdə Türkiyə ilə bağlı absurd iddialar irəli sürüb. Əməkdaşlıq mesajları fonunda bu ritorika nəyə hesablanıb?

- Ermənistan bəzən özünü elə bir "mövqedə" hesab edir ki, qardaş Türkiyəni də ittiham edir. Vətən müharibəsində biz digər ölkələr kimi qardaş Türkiyədən də müasir silahlar, hava hücum vasitələri almışıq. Ermənistan da öz növbəsində digər ölkələrdən silahlar alıb. Bu gün Türkiyə dövlətinin rəhbəri hörmətli Rəcəb Tayyib Ərdoğan bütün dünyada sülhün tərəfdarı olduğunu bildirir. Türkiyə dövləti heç bir dövləti hədələməyib. Yalnız həqiqət, faktlar, haqlı məsələlər dilə gətirilib.

- Ermənistanda revanşist ab-havası olsa da ümumilikdə toplumun müharibə ritorkasına münasibəti necə şərh etmək olar?

- Erməni cəmiyyəti ona görə də, yenidən Paşinyana səs verdi ki, onlar yenidən müharibə istəmirlər. Son proseslər bunu bir daha açıq şəkildə göstərirdi. Revanşist, avantürust qüvvələr nə qədər erməni cəmiyyətində mövcud olsa da, bu ümumi bir mövqeni əhatə etmir. Ermənistanda artıq hər kəs müharibənin onlar üçün hanslı fəsadlar yaratdığını, bundan sonra yenidən bir hərbi əməliyyatların nələrə gətirib çıxaracağını dəqiq bilirlər. Ona görə də, Ermənistan tərəfindən ara-sıra səslənən əsassız bəyanatlar sadəcə daxili auditoriyaya hesablanıb.

- İndiki halda Ermənistana İranın təsirləri nə dərəcədə əsaslıdır?

- İran bölgədə yaranmış yeni reallıqda bir çox üstünlüklərini, qeyri-qanuni ticarət və digər proseslərdəki mövqeyini itirib. Azərbaycan əraziləri 30 ilə yaxın işğalda qalıb. Şəxsən mənim, Aqil Abbasın evini 300-500 dollar müqabilində ermənilər iranlılara satıb. Hazır bir evi ermənidən belə qiymətə alan iranlılar onun daşına, torpağına qədər hər şeyi daşıyıb aparıb. Bununla bağlı da dəfələrlə mətbuatda çıxışlarım olub. İran necə müsəlmandır ki, mənim Ağdamdakı döşəyimi oğurlayıb aparıb? Mənim evimin mebelini, daş-taxtasını necə aparıb özünə ev edə bilərsən ki? Axı orada, o əşyalarda mənim, ölənlərimin ruhu var. Sən bunun içində necə yata bilərsən? Bu, necə müsəlmançılıq olar bilər? Ona görə də, İranın bu gün Azərbaycanla bağlı iddiaları heç bir halda əsaslı sayıla bilməz. Bu kimi məsələlərə o qədər də əhəmiyyət vermək lazım deyil.

Azərbaycanda İsrailin heç bir hərbi və mülki obyekti yoxdur. Hamı kimi biz də İsraildən pulumuzu verib silah almışıq. Bu, bir bazardır. Vaxtilə İran da İsraildən aldığı silahlarla İraqa qarşı vuruşurdu. Bu da faktdır. İran mətbuatında bununla bağlı yazılar vardı. Eyni zamanda Azərbaycanın kiminlə dost olub-olmaması onun özünün daxili işidir. İran məsciddə donuz saxlayan Ermənistanla dostluq edir. Amma biz ona niyə Ermənistanla dostsan demirik? Ona görə də, bizə də kimsə deyə bilməz ki, İsraillə dostluq etməyin. Azərbaycanın qapıları ona dost olanların özünə açıqdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->