Xəbər lenti

“Ermənilər hərbi formamızı geyinib bizə hücum etmişdi” - “Müsavat”ın başqan müavini
Foto 11:28 17.03.2021

“Ermənilər hərbi formamızı geyinib bizə hücum etmişdi” - “Müsavat”ın başqan müavini

44 günlük Vətən müharibəsində müxtəlif təbəqələrdən olan insanların könüllü şəkildə döyüşə getdiyinin şahidi olduq. Bank işçisi, həkim, fəhlə, ali məktəbə yenicə daxil olmuş birinci kurs tələbəsi, tibb işçiləri, məktəb direktoru, hüquq- mühafizə orqanlarının əməkdaşları-hər kəs işğalda olan torpaqlarımızın azad edilməsi üçün səfərbər oldu. Müqəddəs savaşda siyasi partiyaların üzvləri də kənarda qalmadı.

Müsavat Partiyasının başqan müavini, ehtiyatda olan zabit Fərəc Kərimli də bu günü çoxdan gözlədiyini deyir. Çünki onun doğulduğu Laçın şəhəri işğalda idi... 7 yaşında öz ata-baba yurdu olan Hoçaz kəndindən köçkün düşən F. Kərimli rayon işğal olunmazdan iki gün əvvələ kimi öz kəndlərində yaşayıb. 

F. Kərimli keçdiyi döyüş yolu barədə "Qafqazinfo”yla həmsöhbət olub. O, əvvəlcə Laçının işğal olunmasını xatırlayır:

"Qardaşımla həyətdə göyərçinlərimizlə oynayırdıq. Bizim həyətin qapısından keçən Azərbaycan əsgərləri qəfil bizi görüb komandirlərini çağırdılar ki, burada uşaqlar var. Həmin gün qonşumuz Əfqan dayının ailəsi, kənddə qalan bir neçə nəfəri və bizi atamın dayısı oğlunun gətirdiyi bir avtobusla Bakıya yola saldılar. Atamın iki əmisi oğlu Asəf və Kamil bir gündə, qonşumuz Bakir, Şərif, dayım oğlu Oktay şəhid oldular”.

F. Kərimli üçün 44 günlük müharibədə iştirak etmək Azərbaycan ordusunun zabiti, bir vətəndaş, həm də Azərbaycan dövlətini quran bir partiyanın nümayəndəsi kimi iştirak etmək qürurverici olub: "Mənim orada olmağım siyasətdən anlayışı olan hər bir döyüşçü üçün də maraqlı idi. Sağ olsunlar ki, hər kəs hörmətlə yanaşırdı. Ailəmizdən qardaşımla atam da müharibəyə getmək üçün müraciət etsə də, onları yaşları uyğun gəlmədiyi üçün aparmadılar. Müsavat Partiyasının yüzlərlə üzvü, onların övladları müharibədə iştirak ediblər. Aralarında şəhid, qazi olanlar da var. Rayon təşkilatlarımızdan isə İlqar Babayev, Təvəkkül Əhmədli kimi şəxsən tanıdığım ehtiyatda olan zabitlər müharibədə iştirak edib”. 

O qeyd edib ki, müharibə başlayanda könüllü olaraq komissarlığa gedərək döyüşlərə qatılmaq üçün müraciət edib. Bunu həm də ehtiyatda olan bir zabit kimi özünün vəzifə borcu hesab edib: "Müraciətimə komissarlıqdan gec cavab verilib. Dəfələrlə komissarlığa gedib israr etsəm də, ehtiyac olmadığını bildirirdilər. Uzun israrlardan sonra nəhayət, oktyabrın 9-u gecə komissarlıqdan dəvət etdilər. Ayın 10-u yola çıxsam da, yoldan geri çağırıldım. Səbəbi soruşduqda komanda dayandırıldı dedilər, çox əsəbiləşdim. Söz verdilər ki, yenidən çağırış olsa, birinci məni çağıracaqlar. Evə qayıtdım və gecə yenidən zəng etdilər. Oktyabrın 11-də toplanış məntəqəsinə çatdım. Ora çatan kimi də döyüşə göndəriləcək zabitlər seçilən zaman da dərhal yazıldım və gecə saatlarında Füzuli istiqamətinə gətirildim. Füzuli, Xocavənd, Xocalının bir neçə kəndi və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdim”.

Şuşa döyüşləri mövzusuna toxunan zabit vurğulayıb ki, hərbçilərimiz bu şəhərin azad edilməsi uğrunda döyüşlərdə möhtəşəm bir tarix yazıblar: "Allah şəhidlərimizə rəhmət eləsin, həyatda olan qazilərimizə, döyüşdə iştirak edənlərə də cansağlığı arzulayıram və ömür boyu bu igidlərə minnətdar olacam. Mənim üçün fəxrdir ki, Şuşa uğrunda döyüşlərdə iştirak etmişəm. Bu döyüşlərə (söhbət Şuşa-Laçın yolundan daxil olan bölmələrdən gedir) Bakıda yerləşən Xüsusi Təyinatlı Qüvvələr, Daxili Qoşunların Xüsusi Təyinatlıları, Naxçıvan Xüsusi Təyinatlıları qatıldı və bir də xoşbəxtlikdən bizim tabor. Biz ilk dəfə gecəylə Sığınaq kəndinə daxil olduq. Səhərə yaxın bizi başqa bölmələr əvəzlədiyi üçün geri qayıdıb Şuşayla üzbəüz yüksəkliyin sol tərəfindən Xüsusi Təyinatlıların ardınca Şuşa-Laçın yoluna göndərildik. Meşəylə, sıldırım yollarla 14 saatdan da çox dayanmadan irəliləyib yola çatdıq. Bizim tapşırığımız yolun üstündəki mövqeləri ələ keçirib Laçın istiqamətindən gələn hücumun, düşmənin köməyə gələn qüvvələrinin qarşısını almaq idi. Taborumuz da bu tapşırığı uğurla yerinə yetirdi. Həmin döyüşlərdə taborumuzun zabitlərindən Məcidzadə Teymur, gizir Qafarov Vüsal və bir neçə əsgər şəhid oldular. Bir neçə əsgər də yaralandı.

Laçın istiqamətindən və digər istiqamətlərdə düşmənin müqaviməti qırıldı. Bundan sonra Ermənistan ordusu daha çox bombardmana başladı və atəşkəs elan edilənə qədər də dayanmadan bunu davam etdirdilər. 

Atəşkəsdən təxminən iki həftə sonra öz mövqelərimizi başqa bölmələrə təhvil verib Cəbrayıla gəldik. Bir aydan artıq müddətdə də orada qaldıqdan sonra Bakıdakı hərbi hissəmizə qayıdıb oradan da müvafiq əmrlə ordu sıralarından dekabrda təxris olundum. 

Cəbrayılda olarkən döyüşdə iştirak etmiş zabit və gizirlərin rəhbərlik tərəfindən attestasiyası keçirildi. Orada həm taborumuzun, həm də hərbi hissəmizin rəhbərliyi tərəfindən döyüşlərdəki fəaliyyətim yüksək qiymətləndirildi və medallara təqdimatım verildi. Medalların verilməsi yekunlaşandan sonra məlum oldu ki, mənim tabeliyimdə xidmət etdiyim hərbi hissədən ancaq şəhidlərə və hospitala gedən yaralıların bir çoxuna medal verilib. Şuşa döyüşlərinə qatılan heyətə isə mən də daxil olmaqla heç kimə medal verilməyib. Bu günə qədər də döyüş yoldaşlarımızı inandırmağa çalışırlar ki, bu məsələ həll olunacaq”.

F. Kərimli müharibənin bir sıra ağrılı məqamlarının olduğunu vurğulasa da, buna həmişə hazır olduğunu qeyd edib: "Birinci xidmətim dövründə də, indiki döyüşlərdə də soyuqqanlı olmuşam. Müharibənin mənfi təsirlərini döyüşlər vaxtı demək olar hiss etmirdim. Şuşa-Laçın yolunda döyüşlər vaxtı yuxusuzluqdan müəyyən problemlər yaranmağa başlamışdı. Bir-iki dəfə bunu əsgərlərim də hiss etdi. 

Hər anı belə xatırlayıram. Əsas problemlər müharibədən sonra ortaya çıxmağa başlayır. Demək olar ki, hər gün yuxuda o günlər təkrarlanır. Atəşkəsdən sonra Şuşa-Laçın yolunda şəhidləri götürürdük. Yola hücum vaxtı bir çox istiqamətlərdən hücum olduğu üçün sonra yerlərini tapmaq lazım idi. Əsgərlərim yolun kənarında suötürücü borunun yanında da iki şəhidimizi gördüklərini demişdilər. XTQ-dən bir zabitlə həmin yerə getdik. Şəhidləri görəndə birinci dəfə idi ki, qollarım boşaldı. Biri əliylə sanki yuxarıdakı hücum edilən istiqaməti göstərirdi, o biri də ora baxırdı. Onda həmin zabitə dedim ki, mən götürə bilməyəcəm. Gördüm onun da gözləri dolub. Başıyla işarə etdi ki, o da götürə bilmir. Birtəhər silahlarını götürdüm. Silahlara baxdım ki, hər ikisinə yandan güllə dəyib və özləri silahdan ata bilməyiblər... 

Sonra gəlib dostlarımız götürdü. Həmin mənzərəni hər gün xatırlayıram.

Füzulinin bir kəndində ermənilər Azərbaycan ordusunun formasını geyinib səhər tezdən taborumuzun üstünə qəfil hücum etdi. Öndə bizim bölük idi. Elə bir vəziyyət yarandı ki, az qalsın düşmənlə bir-birimizə qarışmışdıq. Əsgərlərimizin çevikliyi sayəsində düşmənə dərhal cavab verildi və itki verərək, meyitlərini və silahlarını ortada qoyaraq geri çəkildilər. Bizdən isə iki nəfər yüngül yaralandı.

Bir neçə dəqiqədən sonra hər iki tərəf aramızda 50-60 metr, bəzi yerdə 100 metr olmaqla mövqeləndik. Onlar əvvəldən hazırlanmış mövqelərə yerləşdilər. Daha sonra onlara əlavə kömək, həm də zirehli texnika gəldiyi üçün bir neçə gün müqavimət göstərdilər. Axırda "Spayk"la səhər saatlarında texnikaları vuruldu. Bu andaca taborumuz əks-hücuma qalxıb mövqeləri ələ keçirdi. Bununla da kifayətlənməyib kəndin yaxınlığındakı bazalarına kimi hücum davam etdirildi. Bazaları da tutuldu. Nəticədə onların 4 ədəd "Ural" maşını, bir ədəd "ZİL"i salamat halda, xeyli silah-sursat və döyüşlərdə yararsız hala düşmüş başqa texnikaları, başqa təminatları qənimət olaraq götürüldü."

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->