Siyasət 14:20 13.07.2020

Ermənilər təkcə cəbhədə təxribat törətmir... - Diqqətli olaq!

"Ermənistanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin xüsusi qrupları dünəndən etibarən "Facebook"da xüsusi fəallıq göstərirlər. Yüzlərlə profildə Tovuz bölgəsindəki əməliyyatdan yazılır, aşkar dezinformasiya, feyk məlumatlar yayılır. Təxminən 350 profil isə Azərbaycan dilində paylaşımlar edir. Diqqətli olaq, çox hiyləgər və məkrli düşmənlə üz-üzəyik. Ermənilər erməni, rus, ingilis, alman, fars və fransız dilləri ilə yanaşı, dilimizdə də paylaşımlar edirlər".

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib. Onun sözlərinə görə, özlərini "Facebook" və "Twitter"də "azərbaycanlı" kimi təqdim edən ermənilər səlis Azərbaycan dilində yazırlar. 

Jurnalist qeyd edib ki, ermənilərin Azərbaycan dilindəki profillərdə refren kimi təkrarladıqları əsas fikirlər "Şəhidlərin qanı yerdə qalır", "Azərbaycan rəhbərliyi sosial gərginliyin artmasından çəkinərək cəbhədə bu insidenti yaratdı" kimidir: 

"Həmin profillərin əksəriyyəti İrəvan Dövlət Universitetinin türkologiya kafedrasının nəzdində yaradılmış "Azərbaycan dilinin öyrənilməsi" qrupunun üzvlərinə məxsus olsa da, 63 profil Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının kurasiyasındadır. 

Sadəcə, bir faktı qeyd edim: İrəvan Dövlət Universitetininq müəllimi, türkoloq Ruben Melkonyanın başçılıq etdiyi "Azərbaycan dilinin öyrənilməsi" qrupunda dərslər 6 ay davam edir. Kursun dəyəri 300 dollardır. Kursu bitirən şəxs 5 ay sosial şəbəkələrdə özünü azərbaycanlı kimi təqdim edərək aktiv fəaliyyət göstərərsə, onun ödədiyi pul geri qaytarılır.

Aldanmayaq, düşmən oyunlarına alət olmayaq. Ermənilər bizə qarşı genişmiqyaslı informasiya savaşı da aparırlar və həmin savaşın önəmli qismi sosial şəbəkələrdir".

Siyasi şərhçinin fikirlərinə əsasən, Ermənistanın yeni "Milli Təhlükəsizlik Strategiyası"nda da Azərbaycana qarşı informasiya savaşına xüsusi yer ayrılıb. Belə ki, 40 səhifəlik, 6 fəsildən ibarət strategiyaya 18 səhifəlik məxfi əlavədə bu barədə aşkar deyilir.