Ölkə 13:40 17.10.2020

Ermənilərin raket zərbəsi nəticəsində zədələnən Azərbaycan-Gürcüstan elektrik xətti bərpa edildi

Gəncəyə atılan raket zərbəsindən Azərbaycan-Gürcüstan elektrik xətti zədələnsə də, qısa vaxtda bərpa edilib.

Bu barədə "Azərenerji” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. 

Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub.

24 saat fasiləsiz xidmət göstərən "Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.