Siyasət 16:23 27.01.2023

Ermənilərlə birgəyaşayışa hazırıqmı?

"Azərbaycan bu istiqamətdə addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini nümayiş etdirir. Belə addımlar prosesin sülhlə yekunlaşacağına olan inamı artırır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyasının İş Planına daxil edilən azad olunmuş torpaqlara "Böyük qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılacağına münasibət bildirərkən deyib.
 
"Hələ ki, bu istiqamətdə proses davam edir. Vaxtaşırı lokal hərbi toqquşmalar da baş verir. Bu isə istənilən halda itkidir. Onun olmaması ölkəmiz üçün də çox vacibdir. Ermənilərlə birgəyaşayışın reallaşması məsələsi ilk növbədə etimadın necə bərpa olunacağından, dövlət başçılarının bu istiqamətdə atacaqları real addımlardan, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, medianın prosesdə hansı müstəvidə iştirak edəcəyindən, araya pəl qatanların, başqa dövlətlərin barmağının olub-olmayacağından asılıdır”, - deyə mütəxəssis bildirib.

Həmsöhbətimiz qeyd edir ki, istənilən halda birgəyaşayış prosesinin reallaşması uzun çəkən proses olacaq:
 
"Buna hazır olmalıyıq. Çünki arada çoxsaylı qan tökülüb, ciddi etimadsızlıq yaranıb, əlaqələr tam dağıdılıb. Sülh üzrə çərçivə müqaviləsinin detalları, sərhədlərin delimitasiyası belə illərlə çəkəcək. Bu proses illərlə uzanacaqsa, insanların psixologiyasının bərpası prosesi daha uzun olacaq. Amma əvvəl-axır bu yolu keçməliyik”. 

Rüfət Sultan