Ermənistan AES-də işlənmiş nüvə yanacağı İrana göndərilir - Malxaz Qulaşvili

Ermənistan AES-də işlənmiş nüvə yanacağı İrana göndərilir - Malxaz Qulaşvili

Son vaxtlar Gürcüstanla qondarma Abxaziya arasında "sərhədlərin” açılması məsələsi aktivləşib. Bu iddia ilə Abxaziya separatçıları çıxış edib. Məlum olub ki, Abxaziya "təhlükəsizlik” səbəbindən həyata keçirilən "Gürcüstanla sərhədin keçilməsi ilə bağlı müvəqqəti məhdudiyyətlər”in ləğvinə qərar verib. 

Bundan başqa, erməni KİV xəbər verir ki, yaxın gələcəkdə Rusiya tərəfi Abxaziya və Gürcüstan ərazisindən Ermənistana malların tranzitini bərpa etmək səylərini aktuallaşdırmağa çalışacaq, çünki Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlər arasındakı əlaqələrin dərinləşməsi onlar arasında iqtisadi münasibətlərin intensivləşməsini şərtləndirir.

"ArmToday” yazır ki, Ermənistanın AİB-ə üzv heç bir ölkə ilə ortaq sərhədi yoxdur, buna görə də çətinliklərlə üzləşir. Buna görə də onun üçüncü ölkələrdən nəqliyyat dəhlizlərinə sahib olması son dərəcə vacibdir. Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu "Yuxarı Lars” keçid məntəqəsindən keçən Gürcüstan-Rusiya magistral yoludur

Ermənistan Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Cənubi Qafqaz dəmir yolunun səmərəliliyinin artırılması məsələsi müzakirə olunur. Aydındır ki, Paşinyan Rusiyanı Gürcüstan vasitəsilə Ermənistanı birləşdirən Abxaz dəmir yolunun açılmasında mümkün dəyişiklikləri nəzərdə tutub.

Gürcüstan şərti sərhədləri açacaqmı? Bununla bağlı Tbilisi nə düşünür?

Bununla bağlı Media.Az bu günlərdə Bakıda istirahət edən tanınmış gürcü politoloq və ictimai xadim, "Georgian Times” mediaholdinginin rəhbəri Malxaz Qulaşvili ilə söhbət edib. 

- Siyasi söhbətlərdən başlamayacam. Bir neçə gün Bakıda olmusunuz, şəhər necə idi? Bəs insanlar? Hansı təəssüratlarınız var? 
- Təəssüratlarım, əlbəttə ki, yaxşıdır. Bakıya ilk səfərim deyil. Ancaq bundan öncə səkkiz il əvvəl burada olmuşam. Mən Bakını çox sevirəm, burada çoxlu dostlarım var. 

- Bir neçə gün əvvəl KİV-lərdə Abxaziyadan keçib Gürcüstana, oradan isə Ermənistana gedən nəqliyyat dəhlizinin açılmasının mümkünlüyü ilə bağlı informasiyalar yayılıb. 
- Əvvəlcə deyim ki, Gürcüstan bu məsələni belə tezliklə həll etməyəcək. Hazırda Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Gürcüstan XİN rəhbəri David Zalkaliani arasında kiçik dialoqlar başlayıb. Düşünürəm ki, bu barədə, ümumiyyətlə, danışmayıblar. 

Gürcüstan üçün daha aktual məsələlər var, misal üçün, Tsinvali regionunu (qondarma Cənubi Osetiya – red.) təmsil edən şəxslərin oğurlanması kimi... Təhlükəsizliklə bağlı ciddi problemlər var. Onları həll etmək lazımdır. Nəqliyyat məsələsinə gəlincə isə, hava nəqliyyatının bərpası müzakirə edilib. Kənardan görünə bilər ki, bu kifayət deyil, amma mən prosesin başlamasını gözləmirdim. Rusiya və Gürcüstan, həqiqətən də, ümumi dil tapıblar.

- Bəs niyə erməni KİV Gürcüstanın tranzit yüklərinin Ermənistana keçirilməsinə tezliklə icazə verilə biləcəyi ilə bağlı informasiyalar tirajlayır?
- Bu, diqqəti çəkmək üçün cəhddir və bundan əlavə, özünəməxsus mətndir: maraqlı olan tərəflər buna necə reaksiya verəcək? Əslində, bu məsələ gündəmdə deyil. Gürcüstan üçün aktual deyil. Malların keçməsi prosedurunu razılaşdırmayana qədər heç bir şey olmayacaq.

Bu məsələyə "Lars” keçid məntəqəsinin bağlanması vəziyyətində qayıtmaq olar, ancaq onu heç kim bağlamağa hazırlaşmır. Beləliklə, Gürcüstan hökuməti öz yerində qalır. Biz nə Abxaziyanın, nə də Cənubi Osetiyanın müstəqilliyini tanıyırıq. Ermənistan isə başqa oyun oynayır. Bir tərəfdən onları tanımır, digər tərəfdən hər tərəfdən bu ərazilərə sızmağa çalışır.

- Mövzunun davamında... Bir neçə gün əvvəl gözlənilmədən Ermənistanda işlənilmiş nüvə yanacağının Gürcüstan vasitəsilə böyük anbarı olan Rusiyaya aparılmasının vacibliyindən danışmağa başlayıblar. 1999-cu ildən yığılmış bu işlənmiş nüvə yanacağınə yalnız dəmir yolu vasitəsilə daşımaq mümkündür. Sovet dövründə nəql Azərbaycan vasitəsilə həyata keçirilirdi, lakin sonra münaqişə başladı və bu mümkünsüz oldu. Və Gürcüstan ərazisindən nəql etmirdilər, amma indi belə bir fürsətdən danışırlar...
- Gürcüstan bu riskə getməyəcək. İşlənmiş nüvə yanacağının ölkəmizin ərazisindən daşınması, demək olar ki, inanılmazdır. Mən başqa məqama diqqət yetirərdim. 10-12 il əvvəl erməni rəsmilərlə görüş keçirildi. Orada belə bəyanat səsləndirildi: hamı düşünür ki, Rusiya nüvə enerjisi məsələsində İrana kömək edir. Əslində isə Ermənistan kömək edir”.

Bu, tam dəqiq və açıq deyildi. Bu prosesdə nəinki mən, jurnalistlər də iştirak edirdi. Beləliklə, Ermənistan AES-də işlənmiş nüvə yanacağı İrana göndərilə bilər? Ancaq Tbilisi heç vaxt icazə verməyəcək ki, işlənmiş nüvə yanacağı Ermənistandan Gürcüstana keçsin. Bu, birmənalıdır!
XƏBƏRLƏR
BLOGLAR