Ekonomiks 16:05 08.10.2020

Ermənistan iqtisadi cəhətdən müharibəyə nə qədər dözə bilər? (EKSPERT)

"Ermənistanın indiki müharibə şəraitinə uzun müddət dözməsi mümkün deyil”.


BunuQaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, müharibəyə qədər də Ermənistanın ümumdaxili məhsulunda 5%-ə yaxın azalma var idi:


"Son günlər Ermənistanın milli valyutasının dəyərdən düşməsi sürətlənib. Çünki onların pulu rus rubluna bağlı valyutadır. Rus rublu ucuzlaşır. Həm də müharibədəki məğlubiyyətlər Ermənistanın iqtisadiyyatına artıq psixoloji təsirlər göstərməyə başlayıb. Bu, həm onların milli valyutasının məzənnəsi ilə ölçülür, həm də xarici investorların qaçışı ilə müşahidə olunur. Bu şəraitdə həm də əllərində olan hərbi texnikanı, silah-sursatı, ərzağı cəbhə bölgələrində qoyub qaçmaları onların iqtisadiyyatlarına əlavə yük gətirir”.

 


 

Natiq Cəfərli bildirib ki, onların cəbhə bölgəsində qoyub qaçdığı texnikaları əvəz edə biləcək ehtiyatları xeyli zəifdir:


"Ona görə də bir müddətdən sonra hərbi təchizatlarında, orduda, ərzaqla təminatında müyyən problemlər yaşana bilər. Amma digər təhlükə də ondan ibarətdir ki, işğalçı ölkəyə, Ermənistana dəstək verməkdə davam edən ölkələr var. Cənub və Şimal qonşularımızın timsalında da biz bunu görürük. Düzdür, Azərbaycanın diplomatik həmlələri nəticəsində bu, xeyli azalıb, amma hələ də müəyyən yardımların olunduğunu görürük. Bu yardımları kəsməyə nail ola bilsək, o zaman Ermənistan iqtisadiyyatının indiki müharibə şəraitinə uzun müddət dözməsi mümkün deyil. Azərbaycanın iqtisadi potensialı torpaqların işğaldan azad edilməsi əməliyyatına illərlə dözməyə qadirdir. Amma ümid edirəm ki, bu yaxın vaxtlarda antiterror əməliyyatımız yekunlaşacaq, torpaqlar işğaldan azad olunacaq. Ermənistan isə xaricdən dəstək almasa, iqtisadiyyatının ayaqda qalması bir neçə həftəyə mümkünsüz görünür”.


Bahar Rüstəmli