"Moskvanın iştirak etmədiyi görüşdə hansısa
yeniliyin ortaya çıxacağı inandırıcı görünmür. Çünki prosesə real güc olaraq
Rusiya ilə Türkiyənin təsir imkanları var. Avropanın bu məsələdə təsir
imkanları isə elə də geniş deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin
deputatı Fazil Mustafa Avropa İttifaqı Şərq Tərəfdaşlığı sammiti çərçivəsində
dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi barədə
məlumata münasibət bildirərkən deyib.
Bununla belə, deputat həmin görüşdə bəzi maraqlı
nüansların ola biləcəyini də istisna etməyib:
"Bütün bunlara baxmayaraq, görüşdə yəqin ki,
maraqlı nüanslar olacaq. Gedişat göstərir ki, bu istiqamətdə müəyyən yeniliklər
gözləyə bilərik. Amma onun indiki məqamda nə dərəcədə gerçəkləşəcəyini söyləmək
çətindir. Tərəflər arasında elə ziddiyyətlər var ki, mütləq hansısa formada
çözülməlidir. Bunun üçün də ilkin razılaşmalar olmalıdır. Bildiyim qədər ilkin
razılaşmalar da yoxdur. Yoxdursa, hansısa görüşdə məsafə qət etmək də çətinliklər
olacaq”.
F. Mustafanın fikrincə, Aİ-nin tərəflər arasında irəliləyişə
nail olmaq yolunda maraq və imkanları geniş deyil:
"Oradakı qüvvələrin səlahiyyəti nə dərəcədə olacaq
ki, müəyyən mənada irəliləyişə kömək göstərə bilsinlər? İnanmıram ki, Avropa
Birliyinin belə bir marağı və imkanı olsun. Çünki ermənipərəst mövqe tutduqları
ortadadır. Ona görə də hansısa yeni yanaşma gözləmirəm”.
Həmsöhbətimiz düşünür ki, Azərbaycan Prezidenti ilə
erməni baş nazir arasındakı görüşdə ola bilsin, açıq dialoq olsun:
"Əsas sərhədlər və Zəngəzur dəhlizilə bağlı məsələlərdir.
Ölkəmiz üçün prinsipial məsələ Zəngəzur dəhlizidir. O, baş tutmasa, tamamilə
başqa yolu izləyəcəyik. Ermənilərə izah olunmalıdır ki, o halda Laçın dəhlizinə
problemlər yaranacaq. Bu fonda isə yenidən bölgədə problemlər alovlanacaq. Ermənilər
də bunu başa düşür. Ona görə də hər hansı bir təkliflə çıxış etmək artıq ermənilərin
boynundadır. Zəngəzur dəhlizilə bağlı konkret fikirlərini bildirməlidirlər”.
Rüfət Sultan
Şərhlər