Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
"Tərəflər, həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib, bu məsələlərlə bağlı fikir mübadiləsi apardılar".
Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə də görüşüb.
"Strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən Azərbaycan–BƏƏ ikitərəfli münasibətlərini nəzərdən keçirdik, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardıq. Regional orta güclər kimi Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verərək müsbət və konstruktiv rol oynayırlar", deyə Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev Ərəb Media Forumunda da iştirak edib.
"Hörmətli Abdullah M. Əlhaməd, Ərəb Media Forumuna dəvətiniz üçün təşəkkür edir, bu mühüm tədbiri ən yüksək səviyyədə təşkil etdiyiniz üçün səmimi təbriklərimi çatdırıram. Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın Prezidentlərimizin rəhbərliyi və baxışlarına uyğun olaraq daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirdim", - deyə o sosial mediada yazıb.
Şərhlər