XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tarixçi alim: "Qafqaz Albaniyasının tarixi mirasının regionda tək bir varisi var, Azərbaycan xalqı" (MÜSAHİBƏ)
Siyasət16:14 16.09.2026

Tarixçi alim: "Qafqaz Albaniyasının tarixi mirasının regionda tək bir varisi var, Azərbaycan xalqı" (MÜSAHİBƏ)

Qarabağda yerləşən qədim Alban kilsələri, monastırlar və digər tarixi abidələr bölgənin xristian irsi ilə bağlı müzakirələrdə mühüm yer tutur. Qafqaz Albaniyasının tarixi, Alban kilsəsinin fəaliyyəti və bu irsin sonrakı dövrlərdə taleyi ilə bağlı müxtəlif tarixi mənbələrdə məlumatlar yer alır.

Tarixçi alim Ramin Əlizadə Qaynarinfo-ya müsahibəsində Qarabağda Alban xristian irsinin tarixi, Qafqaz Albaniyasının bölgədəki rolu, qədim toponimlərdən, Alban kilsəsinin fəaliyyəti və Gəncəsər, Xudavəng kimi tarixi abidələrin əhəmiyyəti barədə danışıb. Müsahibəni təqdim edirik:

- Qarabağın Qafqaz Albaniyasının tərkibində olduğunu göstərən əsas dəlillər hansılardır?

- Qarabağın Qafqaz Albaniyasının tərkibində olmasını sübut edən dəlillər çoxdur. Bu dəlillərlə bağlı iki əsas istiqaməti müəyyən etmək olar. Birincisi, Qafqaz Albaniyasının erkən orta əsrlər dövründə əsas paytaxt şəhəri olan Bərdə Qarabağ ərazisində yerləşirdi. Yəni Düzən Qarabağda, Mil Qarabağda Albaniyanın Uti vilayəti yerləşirdi. Bu barədə mənbələrdə məlumatlar var. Həmin mənbələrdən bəziləri bu gün əlimizdədir, bəziləri isə Ermənistan Respublikasında Matenadaran Əlyazma İnstitutunda saxlanılır. Hətta qrabar - qədim erməni dilində olan mənbələr var ki, orada da bu barədə geniş məlumat verilir. Həmin mənbələrdə bu ərazilərin vaxtilə Qafqaz Albaniyasının tərkibində olduğu və Qafqaz Albaniyasının paytaxtının Bərdə şəhəri olduğu qeyd edilir. Hətta ermənilər bu şəhərin adını da təhrif edərək Parav adlandırıblar. Yəni bu, bir faktdır. Digər fakt, Qarabağdakı Alban kilsələridir. Bərdə paytaxt olduğu dövrdə Qafqaz Albaniyasının hökmdar sülaləsi olan Alban Arşakilər sülaləsinin hökmdarları tərəfindən xeyli sayda Alban kilsəsi inşaa olunub. VII əsr tarixçisi Alban tarixçisi Musa Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır ki, Alban hökmdarı III Mömin Vaçaqan ilin günlərinin sayı qədər Albaniyada kilsə tikdirib. O öz kitabında Albaniyadakı kilsələr haqqında məlumat verib. Bu kilsələrin hamısı Azərbaycan xalqının etnogenezində yaxından iştirak edən, Azərbaycanın qədim dövlətçilik tarixində min ilə yaxın bir dövrü əhatə edən Qafqaz Albaniyasının dövlət, maddi-mədəni, tarixi və dini irsi sayılır.

Buna görə də bu abidələrin başqa hansısa tayfaya və ya xalqa, hansısa etnik qrupa və ya dini ünsürə heç bir aidiyyəti yoxdur. Bunlar Azərbaycan xalqının tarixi mirasıdır və Qafqaz Albaniyası Azərbaycan xalqının tarix boyu yaratdığı və qurduğu dövlətlərdən biridir.

- Qafqaz Albaniyasının əhalisi və burada yaşayan tayfalar haqqında hansı məlumatlar mövcuddur?

- Qafqaz Albaniyasının əhalisi haqqında danışarkən qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövründə, yəni Qarabağ ərazisinin Qafqaz Albaniyasının tərkibində olduğu dövrdə burada yaşayan əhali haqqında məlumatlar mövcuddur. Hətta erməni dilində olan yazılı qaynaqlarda bu barədə xeyli məlumat var. Orada unların, sakların, sakasinlərin adları çəkilir. Vilayətlərin adları, məsələn, Sakasena verilir, Sakan vilayətinin adı var. Hətta o dövrdə Sasani imperiyasının sənədlərində, onların inzibati quruluşunu əks etdirən mənbələrdə də bu barədə məlumatlar verilir. Burada Balasakan ölkəsindən. Sakan ölkəsindən bəhs olunur. Bunlar Albaniyanın vilayətləri kimi göstərilir. Sasanilər bu ərazilərdə hegemonluq etmək üçün uzun müddət mübarizə aparıblar.

- Qafqaz Albaniyasının əhalisinin sayı və tayfa quruluşu haqqında hansı məlumatlar var?

- Qafqaz Albaniyasının əhalisi regionda, belə deyək ki, say baxımından ən çox əhali hesab olunur. Çünki burada Qafqazda heç bir tayfanın sayı hansısa bir mənbədə göstərilmir. Amma Strabon yazırdı ki, iki min il bundan əvvəl burada 26 tayfa yaşayırdı. 26 tayfa say baxımından çox böyük bir rəqəmdir və bu, Qafqaz Albaniyasının ərazisinin də böyüklüyünü göstərən bir faktdır. Ona görə də orada maraqlı bir sitat var. Qədim yunan tarixçisi Strabon yazır ki, Qafqaz albanlarının 26 tayfasını 3 hökmdar idarə edirdi. Bu da Albaniyanın mərkəzləşmiş və regionda ən güclü dövlət olduğunu göstərir.

- Qafqaz Albaniyasının tarixində xristianlıqdan əvvəlki və sonrakı dövrlər necə fərqlənir?

- Qafqaz Albaniyasının tarixi, əslində, dini baxımdan iki mərhələyə bölünür. Biri xristianlıqdan əvvəlki dövr, digəri isə xristianlıqdan sonrakı dövrdür. Xristianlıqdan əvvəlki dövr əsasən arxeoloji qazıntı materiallarına əsaslanır. Çünki bilirik ki, Qafqaz Albaniyası birinci minilliyin ikinci yarısında meydana gəlmiş bir dövlətdir və Azərbaycan tarixində yeganə dövlətdir ki, həm ellinizm dövründə, yəni antik dövrdə, həm də feodalizm dövründə – erkən orta əsrlərdə mövcud olub. Azərbaycanda ikinci belə bir dövlət yoxdur. Hətta deyərdim ki, Qafqaz Albaniyası bizim coğrafiyamızda ən uzunömürlü dövlət hesab olunur.

- Ramin bəy, bu dövlətin uzun müddət mövcudluğunu qoruyub saxlamasının səbəbi nə olub?

- Ona görə ko, bu dövlətin tarixində bir neçə mədəniyyət, hətta dinlər və imperiyalar mövcud olub. Onun tarixinə və mədəniyyətinə təsir edən kənar qüvvələr olub. Amma yenə də mövcudluğunu qoruyub saxlayıb. Bu, nəyin sayəsində mümkün olub? Birlik və vahidlik sayəsində. Yəni vahid, mərkəzləşmiş dövlət şəklində uzun müddət yadellilərə qarşı mübarizə aparıb. Hətta Qafqaz Albaniyası haqqında məlumat verən erməni mənbələri özləri belə etiraf edirlər ki, Albaniyaya hücum ediləndə ermənilərə qarşı mübarizə aparan əsas tayfalar hunlar idi. Orada döyüşən Qafqaz albanları ilə bərabər hunlar, parsilər, çilbilər, sabirlər və xəzərlər də var idi. Bu bölgədə yaşayan tayfalar haqqında məlumatlar mövcuddur. Çox maraqlıdır ki, Xəzər xaqanlığı VII əsrdə yaranıb, amma VII əsrə qədər xəzərlərin Azərbaycanda, Qafqaz Albaniyasında yaşaması haqqında mənbələrdə xeyli məlumat var və bu ərazidə un tayfalarının böyük birliyi yaranıb. Həmin birliyin mərkəzi məhz Qarabağ ərazisi olub.

- Qarabağdakı qədim toponimlər Qafqaz Albaniyasının tarixi ilə bağlı hansı məlumatları ortaya qoyur?

- Qarabağ ərazisində nəinki dini miras, hətta toponimlər, qədim yer-yurd adları da Azərbaycan türkcəsində olub və həmin adları sonradan ermənilər öz dillərinə tərcümə ediblər. Məsələn, 1300 il bundan qabaq “Alban tarixi” əsərini yazan Musa Kalankatlı əsərində Qala Dərəsindən bəhs edir. Qala Dərəsi Şuşa ilə Laçın arasında Qarabağa əsas giriş olub. Həmin Qala Dərəsinin adını ermənilər sonradan tərcümə edərək Berdzor adlandırıblar, yəni öz dillərinə uyğunlaşdırıblar. Halbuki mənbənin özündə bu ad bizim dilimizdə Qala Dərəsi kimi çəkilir.

- Qarabağdakı digər toponimlər və tayfa adları haqqında hansı nümunələri göstərə bilərsiniz?

- Bu bölgədə, digər toponimlərə də nəzər salanda görürük ki, burada türk tayfalarının adı ilə bağlı olan kəndlər, qədim yer adları və dağlar mövcuddur. Məsələn, Qarabağda Abdal dağı var, sonra Boz Abdal dağı, Abdallar kəndləri var. Bir neçə Abdal adında kənd mövcuddur. Bunlar qədim ağ hun tayfalarının böyük birliyi, qruplaşması idi və bu ərazidə uzun müddət məskunlaşıblar. Hətta Albaniya hökmdarları ilə çox yaxın əlaqələrdə olublar. Alban hökmdarı Urnayır və Ağ hun hökmdarı Qrumbat Sasani şahı Şapurla birlikdə Roma imperiyasına qarşı 359-cu ildə Amid yaxınlığında, müasir Diyarbəkir şəhəri ərazisində böyük bir döyüş aparıblar və orada romalıları məğlub ediblər. Bu qələbədə Ağ hunların və albanların böyük rolu olub. Yəni onlar Sasani imperiyasında müttəfiq kimi iştirak ediblər.

- Qafqaz Albaniyasının geniş əraziyə və uzunmüddətli dövlətçilik ənənəsinə malik olmasının əsas səbəbləri nə idi?

- Albaniya uzun müddət öz mövcudluğunu qoruyub saxlamasının bir neçə əsas səbəbi var. Əsas səbəblər kimi həm əhalisinin sayının çox olması, həm də ərazisinin böyük olmasını qeyd etmək olar. Bugünkü Ermənistan ərazisinin, yəni tarixi Azərbaycanın qərb torpaqlarının, demək olar ki, 2/3-ni Albaniya ölkəsinin tərkibində olub. Bütövlükdə isə bu coğrafiya, hətta Albaniyanın da daxil olduğu coğrafiya Sasanilər tərəfindən bir müddət aralıq halında hakimiyyət altında saxlanılarkən bu coğrafiyanın hamısını Azərbaycan adlandırıblar. Azərbaycan inzibati idarəçilik forması kimi Sasanilər dövründə pəhləvi dilində tərtib edilmiş sənədlərdə “Şəhristani İran” adı altında qeyd olunurdu. Sasani şahı I Xosrovun dövrünə aid imperiyanın inzibati quruluşunu əks etdirən bir mənbə var. Həmin mənbədə Azərbaycan “Şəhristani İran”ın tərkibində göstərilir. Hətta Şərqi Anadolu, Van gölü ətrafında ermənilərin özlərinin adlandırdığı, sonrakı dövrdə saxta erməni mənbələrində Ayrarat satraplığından bəhs edirlər. Urartu adını Ayrarat kimi təhrif edib öz dövlətlərinin adı kimi təqdim edirlər. Amma latın və yunan dilli mənbələrdə həmin ərazi Armeniya adlandırılır. Yəni Şərqi Anadolu, Van ərazisi. Amma orada da bir dövlət olmayıb. Həmin ərazi özü belə Adurbadaqan ölkəsinin tərkibində sayılırdı. Bütün bu coğrafiyanın hamısı onun tərkibində idi.

Dərbəndə qədər, indiki Borçalı ərazisini əhatə etməklə Şərqi Anadolu, bütün bu coğrafiyamız, Cənubi Azərbaycan və Şimali Azərbaycan qeyd etdiyim kimi, Albaniyada bir müddət həmin Azərbaycan inzibati ərazi quruluşunun tərkibində olub. Böyük bir coğrafiyanı əhatə edir. Cənub qonşusu Atropatena dövləti olub. Amma Atropatena dövləti Sasani imperiyası tərəfindən süquta uğradılaraq işğal olunub. Albaniya isə öz mövcudluğunu qoruyub saxlayıb. Bundan təxminən 4 əsr sonra da yenə Albaniya mövcudluğunu qoruyub saxlayıb.

Albaniya dövləti 705-ci ildə Bərdə şəhərində Ərəb xilafətinin əmri ilə Ərəb ordusu tərəfindən işğal edilir. 705-ci ildə Albaniyanın paytaxtı Bərdə şəhəri işğal olunarkən orada da bir erməni keşişinin fitnəsi olur. Erməni keşişi Albanların ərəblərə qarşı mübarizədə Bizans imperatoru ilə ittifaqa girməsi haqqında məlumat ötürür. Ərəb xəlifəsini narahat edən məsələ bu idi. Çünki Bizans o vaxt Ərəb xilafəti ilə düşmən idi və şimalda bir böyük təhlükə də Xəzər xaqanlığı idi. Ona görə belə bir hərbi-siyasi gərgin vəziyyətdə Albaniyanın hansı mövqedə durması çox önəmli idi. Ərəb xəlifəsi qərara gəlir ki, bu erməni keşişi İlyanın mərkəzi Şərqi Anadoluda yerləşən, əsasən Van gölü ətrafında fəaliyyət göstərən din xadimləri vasitəsilə müəyyən addımlar atsın. Həmin dövrdə indiki Qərbi Azərbaycan ərazilərində erməni din xadimlərinin kilsələri olmayıb. Onlar əsasən Şərqi Anadoluda, təxminən Van gölü ətrafında fəaliyyət göstərirdilər. Bu ərazilərdən gəlib Albaniya torpaqlarını, əsasən qərb ərazilərini işğal etmək üçün kənar qüvvələrlə gizli sövdələşmələr aparırdılar. Bunun nəticəsində 705-ci ildə Albaniyanın sonuncu hökmdarı və ailə üzvləri o vaxt Ərəb xilafətində hakimiyyətdə olan Əməvilər sülaləsinin mərkəzi və paytaxt şəhəri Dəməşqdə edam olunurlar. Amma 705-ci ildə Albaniya dövlətinə tamamilə son qoyulmur.

Çünki ondan sonra xilafətin zəiflədiyi dövr başlayır. IX əsrdə Azərbaycanda xilafətə qarşı 20 ildən artıq mübarizə aparan Babək Xürrəmi fəaliyyət göstərir və o dövrdə Babək bu torpaqları xilafətə qarşı mübarizəyə qaldıra bilir. Hətta Babəkin burada bir Azərbaycan dövləti qurmaq ideyası, belə bir fikri ərəb mənbələrində əks olunur və Babəki hökmdar kimi adlandırırlar. Amma əlbəttə, Babəkin 838-ci ildə Samirə şəhərində Ərəb xəlifəsi Möhtəsimin əmri ilə edam olunmasından sonra xilafət zəifləyir. Artıq əyalətlər onun tərkibindən çıxıb müstəqilliyini elan edirlər. Albaniyada yenidən müstəqil dövlətçilik ənənələri bərpa olunur.

Albaniyanın müstəqil dövlətçilik ənənələri monqol işğalları dövründə belə davam edir. Monqol işğalları dövründə, deyərdim ki, 1236-cı ildə Gəncəsər məbədi Kəlbəcər rayonu ərazisində inşa olunub. Alban hökmdarları Xatun çayının yuxarı hövzəsində, indiki Kəlbəcər ərazisində, Tərtər rayonunun bir hissəsi olan ərazilərdə albanların dövlətçilik quruluşunu bərpa edirlər və orada hakimiyyətlərini yenidən bərpa edib qoruyub saxlayırlar. Gəncəsər məbədi də 1236-cı ildə Alban hökmdarı II Həsən və onun anası Arzu xatunun himayəsi sayəsində inşa olunur.

Ona qədər isə Qafqaz Albaniyasının Ərəb xilafəti dövründə, həm də erkən orta əsrlər dövründən başlayaraq Xudavəng monastır kompleksi əsas mərkəzlərdən biri sayılırdı. Ümumiyyətlə, Xudavəng kilsəsi bütün Qafqazda ən böyük monastır kompleksi sayılır. Yəni indiyə qədər gəlib çatmış ən qədim və ən böyük monastır komplekslərindən biridir.

Ərazisi zaman-zaman kiçilib və ətrafında olan xatirə abidələri, qəbir abidələri 30 illik işğal dövründə yerlə-yeksan olunub, darmadağın edilib. Hətta Kəlbəcərdəki Xudavəng monastırının divarlarında bir çox xristian missionerlərinin təbliğatını əks etdirən rəsm əsərləri, freskalar olub. Həmin freskaları 1960-cı illərdə, keçmiş SSRİ dövründə sovet sənətşünasları araşdırır, məqalələr çap edirdilər. Amma Kəlbəcər azad olunduqdan sonra freskaların çoxu pozulmuşdu, yox idi.

Yəni ermənilər, əslində, Xudavəng monastırı, Gəncəsər monastırı kimi məbədləri məhv etməklə albanların xristian irsini məhv etməyə çalışıblar. Çünki o xristian irsi ermənilərə aid deyil. Ümumiyyətlə, Qafqaz Albaniyasında ermənilərin hansısa xristian mirasa iddiası tamamilə əsassızdır.

Hətta biz 2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması zamanı buna şahid olduq. Kəlbəcər azad olunduqdan sonra gördük ki, Xudavəng monastırında quraşdırdıqları kilsə zənglərini belə söküb aparıblar. O zənglərin üzərində 2015-ci ildə istehsal edildikləri yazılmışdı.

- Digər Alban məbədlərində də oxşar dəyişikliklər müşahidə olunubmu?

- Xudavəngdə, Gəncəsərdə, onun ətrafında olan Tərtərdə, Ağdərədə yerləşən Alban kilsələrində demək olar ki, ciddi dəyişikliklər ediblər. Hətta Laçında, məsələn, Xocavənddə Amoras monastırı, Ağoğlan məbədində ermənizm izi qoyublar. Yəni sonradan, ,arixi abidələri öz maraqları və mənafeləri naminə təhrif etməklə məşğul olublar. Ona görə biz hesab edirik ki, Qafqaz Albaniyasının tarixi mirasının regionda tək bir varisi var. O da Azərbaycan xalqıdır. Çünki albanlar bizim Azərbaycan xalqının əcdadlarının abir hissəsidir, bir qismidir.

Günay İlqarqızı