Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində çəkilən fotoların mənbəyini və sonradan dəyişdirilib-dəyişdirilmədiyini yoxlamağa imkan verən yeni “Apple Reference Image” funksiyasını təqdim edib.
Qaynarinfo xəbər verir ki, şirkətin məlumatına görə, sistem əsas kameradakı yeni sensorun gördüyü hər pikseli kriptoqrafik şəkildə imzalayır. İstifadəçi xüsusi “Reference” rejimini aktivləşdirərək foto çəkdikdə, sensor məlumatları və çəkilişlə bağlı digər məlumatlar qorunur.
Rəqəmsal neqativ
Çəkilmiş fotonun yanında onun dəyişdirilməmiş istinad versiyası yaradılır. Apple bunu rəqəmsal neqativə bənzədir. İstifadəçi əsas fotonu sonradan redaktə edə bilər, istinad görüntüsü isə müqayisə üçün qorunur. Beləliklə, iki görüntü arasındakı fərqləri müəyyənləşdirmək mümkün olur.
Bulud yoxlaması
Autentifikasiya prosesi Apple-ın “Private Cloud Compute” sistemi vasitəsilə həyata keçirilir. Sistem fotonun kamera sensorundan gəlib-gəlmədiyini və sensor məlumatlarının etibarlı olub-olmadığını qiymətləndirir.
Apple bildirir ki, autentifikasiya zamanı şirkət xam fotoya çıxış əldə etmir. Bununla yanaşı, cihaz və sensor haqqında müəyyən texniki məlumatlar, foto metadatası və digər məlumatlar proses üçün Apple serverlərinə ötürülür.
Saxtalaşdırmaya qarşı
Sistem sensorun özünün komprometasiya edildiyini müəyyənləşdirərsə, foto autentifikasiya olunmaya bilər. Apple həmçinin həmin sensorla bağlı əvvəl verilmiş autentifikasiyaları sonradan ləğv edə bilər.
Yeni funksiya xüsusilə süni intellektlə yaradılan və dəyişdirilən görüntülərin geniş yayıldığı bir vaxtda fotonun mənbəyinin yoxlanılmasına yönəlib. “Apple Reference Image” iPhone 18 Pro modellərində istəyə bağlı funksiyadır və standart olaraq söndürülüb.
Şəbnəm İbrahimxəlilova
Şərhlər