XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ginekoloq: "Qeydiyyata alınmayan abortların sayı dəfələrlə çoxdur"
Ölkə16:48 16.09.2026

Ginekoloq: "Qeydiyyata alınmayan abortların sayı dəfələrlə çoxdur"

“Bu, yalnız qeydiyyatdan keçən abortların sayıdır. Əslində isə abortların sayı bundan daha çoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-ginekoloq Təranə Həsənova Azərbaycanda hər 100 doğulan körpəyə 99 abort faktının düşməsi ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, qadınların əksəriyyəti hazırda farmakoloji abortlara üstünlük verir:

“Bunu həkim vasitəsilə etməyənlərin sayı hədsiz çoxdur. Qadınlar dərman preparatları vasitəsilə özlərinə özləri həkimlik edir və aborta cəhd göstərirlər. Bunun uğurlu və uğursuz nəticələnən halları var. Məsələn, uğursuz alınan hallarda qadın məcbur qalıb qanaxmadan ölməmək üçün təcili yardım çağırır və ya klinikalara müraciət edir”.

Ginekoloq əlavə edib ki, belə xəstələr klinikalarda abort faktı kimi qeydiyyata alınmır:

“Çünki xəstə klinikaya qanaxma diaqnozu ilə müraciət edir. Bu, uşaqlıq qanaxması kimi qeydiyyata alınır. Amma kökündə duran səbəb qadının özünün abort etməyə çalışmasıdır. Qadın hamiləliyi pozmaq məqsədilə dərman qəbul edib və nəticədə belə vəziyyət yaranıb”.

Təranə Həsənova son dövrlərdə abort üçün müraciət edən qadınların sayının çoxluğundan narahat olduğunu da bildirib.

“Sual verirəm ki, il ərzində 3-4 abort etmisiniz, bunun səbəbi nədir? Bəlkə hamiləlikdən qorunmaq üçün vasitələrdən istifadə edəsiniz? Bu fikirlə razılaşan qadınlar, demək olar ki, azdır. Abort məsələsinə gələndə deyirlər ki, saxlaya bilmirəm, bir və ya iki uşağım var, bəsdir, iqtisadi çətinlikdir”.

Təranə Həsənova doğuşların sayının azalmasından da təəssüfləndiyini deyib:

“Mən bunu öz xəstələrimdən, eyni zamanda klinikaların fəaliyyətindən də görürəm. İkinci səbəb kimi qadınlar selektiv abortları göstərirlər. Qadınların 90 faizi oğlan, 10 faizi isə qız uşağına üstünlük verdiyini deyir. Selektiv abort həmişə olub. Buna görə heç vaxt abortların sayı artmayıb. Əsas səbəb iqtisadi amillərdir. Hamı bir uşaqla kifayətlənir. Əvvəllər isə iki-üç və ya daha çox uşaq istəyən ailələr vardı”.

Qeyd edək ki, son 15 ildə Azərbaycanda abort hallarının 30 faiz artması ilə bağlı statistika açıqlanıb. Ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb. Statistikaya əsasən, ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.

Bahar Rüstəmli