Yuxu rejiminin pozulması, xüsusilə gec saatlara qədər oyaq qalan və səhərlər gec oyanan insanlarda gündəlik həyat ritminə ciddi təsir göstərə bilər. Rejimin dəyişməsi nəticəsində insan gecə yuxuya getməkdə çətinlik çəkir, səhər oyanmaqda problem yaşayır və gün ərzində özünü yorğun hiss
edir. Bu isə iş və ya dərs zamanı diqqəti cəmləməyi çətinləşdirə bilər.
Yuxu rejiminin bərpası isə bəzən bir neçə gün ərzində mümkün olmur və müəyyən müddət tələb edir. Bəs pozulmuş yuxu rejimini sağlam şəkildə bərpa etmək üçün hansı addımlar atılmalıdır? İnsan yeni rejimə nə qədər müddət ərzində uyğunlaşa bilər? Yuxu rejimi pozulduqda ilk növbədə nələrə diqqət etmək lazımdır?
Nevroloq Sevinc Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, yuxu insan biologiyasının mühüm tərkib hissəsidir və orqanizmin suya və qidaya ehtiyacı olduğu kimi, yuxuya da fizioloji ehtiyacı var:
"Əgər normal yatmırıqsa və yuxu kifayət qədər olmursa, bu, zamanla ciddi yuxu pozuntularına səbəb ola bilər. Yuxu pozuntusu yarandıqda bu, digər fəaliyyətlərimizə də təsir göstərir. Eyni zamanda gündəlik fəaliyyətimizə, diqqətin cəmlənməsinə və sinir sisteminə mənfi təsir göstərə bilər. Əlbəttə, yuxu pozuntusu yalnız rejimin pozulması nəticəsində yaranmır. Bəzi xəstəliklər, daxili orqanlarla bağlı problemlər, gecələr təzyiqin yüksəlməsi, müxtəlif ağrılar və xroniki xəstəliklər də yuxuya təsir göstərə bilər”.

Ekspert bildirib ki, gənclərdə, məktəblilərdə və xüsusilə yay tətilindən sonra daha çox rejim pozuntusu müşahidə edirik:
"Onlar, məsələn, gec saatlara qədər oyaq qalır, planşet, kompüter və digər elektron cihazlardan istifadə edir, film izləyirlər. Nəticədə müəyyən müddətdən sonra yuxu rejimini tənzimləmək çətinləşir. İlk növbədə, əgər yuxu rejimi pozulubsa, onu sağlam şəkildə bərpa etməyə çalışmaq lazımdır. Bunun üçün yuxu gigiyenasına düzgün riayət etmək vacibdir”.
Sevinc Məmmədova hesab edir ki, hər gün eyni saatlarda yatmaq və oyanmaq, yataq otağının nisbətən sərin olması, otağın qaranlıq saxlanılması, səs-küydən uzaq mühitin yaradılmasına ciddi fikir vermək lazımdır:
“Həmçinin yatarkən planşet, telefon, kompüter və digər elektron cihazların yaratdığı mavi işıqdan uzaq durmaq lazımdır. Bu qaydalara müəyyən müddət ərzində əməl etməklə yuxu rejimini tənzimləməyə çalışmaq olar. Əgər bütün bunlara baxmayaraq yuxu rejimini bərpa etmək mümkün olmursa, mütəxəssisə müraciət etmək lazımdır”.
Şəbnəm İbrahimxəlilova
Şərhlər