Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt-dır.
Qaynarinfo xəbər verir ki, ölkənin iqtisadi bərpaolunan enerji potensialı 27 QVt təşkil edir. Bunun 3 QVt-ı külək, 23 QVt-ı Günəş enerjisinin payına düşür. Bundan başqa, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində hesablanır.
Bu gün Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan "Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsilə Azərbaycanda bərpaolunan enerji mənbələri hesabına formalaşan ümumi güc 2170 MVt-a, bu sahədə fəaliyyət göstərən stansiyaların sayı isə 85-ə çatacaq.
Stansiyaların 65-i su elektrik stansiyasıdır və onların ümumi gücü 1443,5 MVt təşkil edir. Bundan başqa, ölkədə 6 külək elektrik stansiyası (306,5 MVt), 9 Günəş elektrik stansiyası (278,2 MVt), 3 hibrid elektrik stansiyası (7,3 MVt) və 1 bioelektrik stansiya (37 MVt) fəaliyyət göstərəcək.
Hazırda bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji gücündə payı təxminən 20,8 faizdir.
2027-ci ilin sonunadək Azərbaycanda ümumi gücü təxminən 1,5 QVt olan yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Yerli və beynəlxalq tərəfdaşlarla reallaşdırılan bu layihələrin elektrik enerjisi təminatına töhfə verməklə yanaşı, təbii qaza qənaətə və atmosferə atılan karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcəyi gözlənilir.
Şərhlər