Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov qonaqları salamlayaraq, Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib.
Bu xüsusda, qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin, habelə parlamentlərarası əlaqələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın Afrika qitəsi ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyi bildirilib.
Ölkəmizin Afrika ölkələri ilə qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
C.Bayramov Azərbaycan Milli Məclisinin parlament diplomatiyasının inkişaf etdirilməsi, Afrika ölkələrinin parlamentləri ilə əlaqələrin möhkəmləndirilməsi və Pan-Afrika Parlamenti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini xüsusi qeyd edib. Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında imzalanmış anlaşma memorandumunun mühüm əhəmiyyət daşıdığı bildirilib.
Tərəflər Azərbaycanın beynəlxalq və regional platformalarda sədrliyi və fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın institusional inkişafına mühüm töhfələr verdiyini bildirib. Bu çərçivədə, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasının, eləcə də Hərəkat çərçivəsində həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
COVID-19 pandemiyası dövründə Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində 80-dən çox ölkəyə, onların əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, maliyyə və humanitar yardım göstərib, həmçinin post-pandemiya dövründə Afrikada və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərində bərpa proseslərinin dəstəklənməsi üçün vəsait ayırıb. Bununla yanaşı, vaksinlərin bərabər paylanması ilə bağlı qətnamənin qəbul olunduğu xatırlanıb.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika dövlətlərinin iqlim maliyyəsinə çıxışının genişləndirilməsi istiqamətində aparılan işlər və Bakıda qəbul olunmuş qərarların əhəmiyyəti qeyd olunub.
Görüş zamanı Azərbaycanın yerləşdiyi regionda oynadığı rol, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə qarşı tərəfə məlumat verilib.
Nazir C.Bayramov Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib.
Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının yalnız siyasi və diplomatik sahə ilə məhdudlaşmadığı, enerji, nəqliyyat, kənd təsərrüfatı, mədən sənayesi, təhsil, humanitar və digər istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd olunub.
Azərbaycan tərəfindən Afrikada təhsil və tibbi proqramlara, eləcə də institusional potensialın inkişafına göstərilən dəstəyin əhəmiyyəti vurğulanıb.
Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiq Azərbaycanın Afrika qitəsi ilə əlaqələrin inkişaf etdirilməsinə verdiyi önəmi, habelə parlament diplomatiyası və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Şərhlər