Türkiyə-Azərbaycan Universitetində (TAU) yeni tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbir universitetin foyesində Azərbaycan və Türkiyənin ümummilli liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinin ehtiramla yad olunması ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirin açılışında çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında strateji əməkdaşlığın nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, universitetdə gələcəkdə ölkə üçün peşəkar və beynəlxalq səviyyəli kadrlar hazırlanacaq.
TAU-nun rektoru, dosent Nəcibə Nəsibova 2026/2027-ci tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib.
Rektor bildirib ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılan universitet Azərbaycan gənclərinə geniş imkanlar açır:
“Gənclərimiz ölkə xaricinə getmədən, öz Vətənimizdə Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər. Onların modern elmi mühitdə yetişməsi üçün bütün yollar açıqdır. Bu, gənclərimiz üçün dəyərli bir fürsətdir və onların yüksəkixtisaslı mühəndislər kimi yetişməsi üzərimizə böyük məsuliyyət qoyur”.
Nəcibə Nəsibova TAU-nun perspektivlərindən də danışıb. O qeyd edib ki, universitet hazırda əsasən kadr və mühəndis hazırlayan ali təhsil müəssisəsi kimi görünsə də, gələcəkdə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını dərinləşdirən mühüm mərkəzə çevrilə bilər.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris ili münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvəsinin universitetlər olduğunu bildirib və ölkələrin gələcəyinin məhz universitetlərdə müəyyənləşdiyini qeyd edib. Nazir müavininin sözlərinə görə, bu baxımdan TAU kimi strateji və beynəlxalq səviyyəli universitetin yaradılması böyük əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Türkiyə-Azərbaycan Universitetinin qurulması və fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, qida təhlükəsizliyinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu bildirib və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində TAU ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan TAU-nu iki ölkə arasındakı əlaqələrin inkişafını əhatə edən uzunmüddətli ortaq layihə kimi qiymətləndirib. O bildirib ki, universitetdə Türkiyə və Azərbaycanın akademik təcrübəsinin birləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Müşavirin sözlərinə görə, ODTÜ, İTÜ və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın akademik infrastrukturu ilə birləşməsi yalnız keyfiyyətli təhsil modeli yaratmır, həm də ortaq bilik istehsalı üçün imkanlar formalaşdırır.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin inkişafı tarixindən danışıb. O, həmçinin TAU-nun yaradılması prosesinə və Azərbaycan və Türkiyə prezidentlərinin bu məsələyə diqqətinə toxunub. Deputat universitetdə iki ölkənin professor-müəllim heyətinin birgə fəaliyyətinin gələcəkdə təhsil əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini bildirib.
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə Azərbaycan və Türkiyə arasındakı münasibətlərdən danışıb. O, İkinci Qarabağ müharibəsində qazanılan zəfərin təməlində elm və təhsilin də böyük payının olduğunu qeyd edib. Deputat TAU-nun yaradılmasını iki ölkə arasında strateji səviyyəyə yüksələn əlaqələrin təhsil sahəsindəki təzahürü kimi qiymətləndirib.
Tədbirdə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat və TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri, professor Ahmet Coşar da çıxış edərək tələbələri təbrik edib və onlara uğurlar arzulayıblar.
TAU-nun ən yüksək bal toplamış tələbəsi Fatimə Hacıməmmədli də tədbirdə çıxış edib. 667,5 bal toplayaraq sənaye mühəndisliyi ixtisasına qəbul olunan tələbə bildirib ki, TAU yalnız nəzəri biliklər verən universitet deyil. Onun sözlərinə görə, burada tələbələr praktiki təcrübə qazanır, elmi tədqiqatlara həvəsləndirilir, innovativ düşüncə və real problemlərin həlli istiqamətində biliklər əldə edirlər.
Tədbirin sonunda builki qəbul imtahanlarında yüksək bal toplayan tələbələr mükafatlandırılıb. Sənaye mühəndisliyi ixtisasının tələbəsi Fatimə Hacıməmmədli 667,5 balla, kompüter mühəndisliyi ixtisasının tələbəsi Ayxan Əhmədov 647,2 balla, qida mühəndisliyi ixtisasının tələbəsi Xədicə Nəzərova isə 562,4 balla müxtəlif hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Günay İlqarqızı
Şərhlər