Bakıda nəqliyyat sıxlığı insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə səhər və axşam saatlarında uzun müddət tıxacda qalmaq, ictimai nəqliyyatda sıxlıq, səs-küy və sərnişinlər arasında yaranan mübahisələr gün ərzində insanın emosional vəziyyətinə təsirsiz ötüşmür. Bəzən adi bir narazılıq və ya kiçik mübahisə belə insanın gün boyu gərgin qalmasına səbəb olur.
Bəs davamlı nəqliyyat stresi insanın psixoloji vəziyyətinə necə təsir edir? İnsanların nəqliyyatda daha tez əsəbiləşməsinin əsas psixoloji səbəbləri nələrdir və yaranan gərginliyin gün ərzində davam etməsinin qarşısını necə almaq olar?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Qaynarinfo-ya bildirib ki, insan nəqliyyata çıxarkən qarşılaşacağı vəziyyəti, əslində, əvvəlcədən bilir. Tıxac, gecikmə, sıxlıq, səs-küy və insanların səbirsizliyi artıq gündəlik həyatın bir hissəsinə çevrilib:

“Eyni gərginliyi hər gün yaşamaq insanı emosional olaraq tükəndirir. Beyin bu vəziyyətə öyrəşsə də, gərginlik orqanizmə təsirini davam etdirir. İnsan nəqliyyatda əsəbiləşəndə çox vaxt heç nə dəyişmir. Tıxac açılmır, gecikmə aradan qalxmır, qarşı tərəfin davranışı dəyişmir. Emosiya nəticə vermirsə, insan rasional düşünməlidir. Özünü əsəbiləşdirməklə vəziyyəti dəyişmək mümkün deyil”.
Rövşən Nəcəfovun sözlərinə görə, anın gərginliyini gün ərzində daşımaq isə insanın özünə əlavə psixoloji yük yaratmasıdır:
“Tıxac bitir, mübahisə bitir, amma insan hadisəni beynində davam etdirir. Bir neçə dəqiqəlik hadisəni saatlarla düşünür və günün qalan hissəsini artıq baş vermiş bir hadisəyə sərf edir. Hadisə bitibsə, onu zehində də bitirmək lazımdır — oldu, keçdi. Əgər keçmirsə, hadisəyə baxışımızı dəyişməliyik”.
Psixoloqun sözlərinə görə, insan beyni təhlükə və gərginliyə diqqət yetirməyə meyillidir:
“Paytaxt mühitində sürətli həyat, maddi və mənəvi rəqabət, hər şeyi vaxtında çatdırmaq istəyi səbirsizliyi daha da artırır. İnsan təkcə tıxacda qalmır, eyni zamanda vaxtla, planlarla və öhdəliklərlə mübarizə aparır. İnsan məqsədləri doğrultusunda hərəkət etməlidir, amma planlarını da reallığa uyğun qurmalıdır. Hər gecikməni problemə çevirmək, hər maneəyə emosional reaksiya vermək insanın öz psixoloji yükünü artırır.
Davamlı gərginlik, əsəbilik, dözümsüzlük və bu vəziyyətin işə, ailəyə, gündəlik münasibətlərə keçməsi artıq diqqət tələb edir. Gərginlik həyatın bütün sahələrinə yayılırsa, psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır. Tıxac bitir, amma insan gərginliyi özü ilə daşıyırsa, problem artıq nəqliyyatda deyil”.
Şəbnəm İbrahimxəlilova
Şərhlər