XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təcili yardım niyə gecikir? - Ekspert səbəbləri açıqladı
Ölkə19:00 16.09.2026

Təcili yardım niyə gecikir? - Ekspert səbəbləri açıqladı

Təcili tibbi yardım çağırıldıqda hər dəqiqənin əhəmiyyəti artır. Xüsusilə ürək tutması, insult, ağır travma və digər həyati təhlükəli vəziyyətlərdə tibbi briqadanın hadisə yerinə nə qədər vaxt ərzində çatması xəstənin vəziyyətinə birbaşa təsir göstərə bilər.

Lakin sıx nəqliyyat, ünvanın dəqiq müəyyən edilməməsi, briqadaların məşğul olması və digər səbəblər təcili yardım avtomobilinin gecikməsinə gətirib çıxara bilər. Bu isə vətəndaşlar arasında “Təcili yardım çağırıldıqdan sonra briqada neçə dəqiqə ərzində ünvana çatmalıdır?” sualını gündəmə gətirir.

Bəs təcili yardım çağırıldıqda briqada hansı müddət ərzində ünvana çatmalıdır və gecikmələrin əsas səbəbləri nələrdir?

Tibb eksperti Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, təcili tibbi yardım sisteminin strukturu dəyişdirilməlidir:

“Ümumiyyətlə, biz Qərb təbabətinə keçmək istəyiriksə, burada bəzi məsələlər də ona uyğun öz əksini tapmalıdır. Təsəvvür edin, deyirsən ki, insanın qarnı ağrıyır, mədəsində ağrı var və yaxud yüngül bir şikayəti var və təcili yardıma zəng vurur. Təcili yardım Bakı şəhərində deyilənə görə 4 milyon, bəzi şayiələrə görə isə 6 milyona yaxın əhalinin yaşadığı bir şəhərə xidmət göstərir. Demək olar ki, ölkə əhalisinin böyük hissəsi Bakıda toplaşıb. Belə şəraitdə bir həkim nə qədər xəstəyə, çağırışa gedə bilər? Axı bu mümkün deyil. Yolların da vəziyyəti belədir”.

Ekspert bildirib ki, tıxac vaxtında sovet dövründə nəzərdə tutulan çağırışlar üçün yaradılmış stansiyaların və həkimlərin sayı indiki Bakı şəhərinin əhalisi üçün təxminən üç dəfə azdır:

“Bu kimi xırda şikayətlərin hamısını ailə həkimi həll etməlidir. Dünyanın hər yerində bunu ailə həkimi həll edir. Baş ağrısı, qarın ağrısı və ya hər hansı başqa şikayət, bir xəstəliyin kəskinləşməsi və sair hallarda ailə həkiminə müraciət edilir. Bunu mütləq sahə həkimləri də əvəz edə bilər. Bizdə sahə həkimi institutu dağıdılıb. İndi konkret situasiyalara gəldikdə isə ailə həkimi ürək-damar krizləri zamanı, insult və infarkt hallarında ilkin tibbi yardım göstərə bilər. Bu da xəstənin xəstəxanaya çatdırılmasına və orada lazımi yardım göstərilənədək vaxt qazandırmış olur”.

Adil Qeybulla bildirib ki, ailə həkimi digər ekstremal durumlarda da xəstələrə lazımi yardım göstərə bilər:

“Amma bizdə təcili yardım “hospitaldan xəstəyə” prinsipi ilə işləyir. Yəni daim çağırışlar olur, həkim gedir, bəzən çatmır və xəstə ilə konflikt yaranır”.

Ekspert vurğulayıb ki, xaricdə təxirəsalınmaz tibbi yardım sistemi “xəstədən hospitala” prinsipi ilə işləyir:

“Yəni müəyyən ağır situasiyada olan, travma alan, yıxılan, qanaxması olan və ya müxtəlif qəzalara məruz qalan şəxsləri dərhal vertolyot və digər vasitələrlə gəlib götürür və təcili xəstəxanaya aparırlar. Orada birbaşa ixtisaslaşdırılmış yardım göstərilir. Siz filmlərdə 911 xidmətini tez-tez görürsünüz. Onların çəkilişləri də yayımlanır. Biz belə bir təxirəsalınmaz yardım sistemi qurmalıyıq. Yoxsa hamı təcili yardımdan şikayətçidir. Təcili yardım istəsək də, istəməsək də, bu qədər əhalini mövcud resursları ilə tam təmin edə bilməz”.

Adil Qeybulla hesab edir ki, nəzərə almaq lazımdır ki, yollar da bərbaddır, təxirəsalınmaz yardım üçün yol problemi var:

“Avtobuslar bəzi yerlərdə, dar küçələrdə hərəkət edir. Müxtəlif ərazilərdə, hətta şəhər ətrafı bağlarda rayonlardan gəlib kütləvi şəkildə yaşayan insanlar var. Ünvanlar bəzən dəqiq olmur, naviqasiya dəqiq göstərmir və təxirəsalınmaz yardım gəlib ora vaxtında yetişə bilmir. Yəni onları qınamaq lazım deyil. O baxımdan mən düşünürəm ki, biz bütövlükdə səhiyyə sistemini yenidən təşkil etməliyik və elə təşkil etməliyik ki, xaricdəki kimi vətəndaşla həkim üz-üzə qalmasın”.

Şəbnəm İbrahimxəlilova