Siyasət 11:29 02.07.2022

Ermənistanda yeni müharibə xofu

Telman Qasımov

Dünyada heç bir xalq müharibə və onun acı nəticələrini görmək istəmir. Məlumdur ki, müharibələr kiminsə istəyi ilə başlamır, regional və ya geosiyasi tarazlıqlar pozulanda - tərəflərdən biri həll olunmaz problemini müharibə yolu ilə həll edə biləcəyinə inanmağa başlayır. Birinci və İkinci Dünya Müharibələri də belə başladı.

Nüvə silahlarının meydana çıxması ilə üçüncü dünya müharibəsi ehtimalı azaldı. Çünki tərəflər bu müharibədə qalibin olmayacağını anlamağa başladılar. Bu gün Rusiya-Ukrayna müharibəsi bunun bariz sübutudur. 

Regional müharibələrin mümkünlüyünə gəlincə, bu, tərəflərin hərbi-siyasi tarazlığının pozulduğu fonunda hər an baş qaldıra bilər. Amma burada problemin psixoloji tərəfi də var. Müharibədə uduzan bütün xalqlar yeni müharibənin başlanması ehtimalından getdikcə daha çox qorxurlar (psixoloji təsir səbəbindən).

Məsələn, keçmişdə tarixən ən çox döyüşən iki xalq - almanlar və yaponlar məğlubiyyətlərindən 70 ildən çox vaxt keçsə də, indi də ordularının qurulucuğuna və gücünə tam şəkildə güvənə bilmirlər (Almanlar SSRİ-yə, yaponlar isə ABŞ uduzduqlarına görə).

Ərəblər də dörd müharibədə İsrailə uduzduqdan sonra bu gün daha çox sülhə üstünlük verirlər.

Postsovet məkanında Moldova bir neçə günlük müharibədə uduzduğundan sonra hələ də yeni müharibədən danışmağa çəkinir. Hətta bu günlərdə Moldova Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bitərəfliyini bəyan edib.

Eyni sözləri gürcülər haqqında da demək olar. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində məğlubiyyətdən sonra gürcülər hələ də döyüşkən ritorika ilə danışmaqdan çəkinirlər. Rusiya-Ukrayna müharibəsi zamanı onlar hətta Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan belə imtina etdilər.

Bu gün Ermənistan cəmiyyəti də eyni sindromdan əziyyət çəkir. Son müharibədəki ağır məğlubiyyətdən sonra erməni cəmiyyətində müharibənin yenidən başlaya biləcəyi ilə bağlı metafizik bir qorxu yaranıb. Və qeyd etmək lazımdır ki, bu sindrom hələ uzun illər yox olmayacaq. Bu gün Nikol Paşinyan da bu amili yaxşı anlayır, imkan daxilində sülh müqaviləsini tezliklə imzalayaraq, erməni xalqını bu sindromundan qurtarmağa  çalışır. Təəssüf ki, bunu ölkədəki digər siyasi dairələr bunu dərk etmir və ona görədir ki, bu gün Ermənistanda yenidən müharibənin başlaması xofu günü-günə artmaqdadır.

Görünür, Ermənistandakı şiddətli daxili siyasi mübarizə sülhə getməyin qarşısını almağa hesblanıb və müxaiflər hakimiyyəti casus və satqın adlandırır. Yol ayrıcında qalan cəmiyyət isə sonda ölkəni hansı istiqamətə yönəldəcəklərini hələdə müəyyən edə bilmirlər. Müəyyən edi də bilməyəcəklər, çünki bu və ya digər halda erməni xalqını nələrin gözlədiyi və nəyə nail olacaqları bəlli deyil.