Siyasət 16:05 30.07.2021

Ermənistanın insanlıq əleyhinə cinayətləri: həqiqətlərin dünyaya çatdırılması

"Bu 44 gün ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, politoloq Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu Qarabağ savaşı zamanı düşməni darmadağın etməklə yanaşı, bir çox nəticə və parametrlər üzrə dünya hərb tarixində bir çox yeniliklərə imza atıb:  

 

"27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Bu qərar 30 ildir sülh və danışıqlar yolu ilə torpaqlarının bir gün geri qaytarılacağını ümidlə gözləyən xalqın bir bütün olaraq düşmənə bu dəfə tam və birdəfəlik cavab vermək əzminin nümayişi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, "Dəmir Yumruq” əməliyyatında başlıca məqsəd məhz, tarixi və əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad etmək və erməni faşizmini məhv etmək idi. Bu 44 gün ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Azərbaycan Ordusu Qarabağ savaşı zamanı düşməni darmadağın etməklə yanaşı, bir çox nəticə və parametrlər üzrə dünya hərb tarixində bir çox yeniliklərə imza atdı. Təsadüfi deyil ki, bir çox beynəlxalq hərbi ekspertlər məhz II Qarabağ müharibəsində yeni texnologoyalar vasitəsi ilə aparılan əməliyyatların təhlil edilməli olduğunu, hətta bu müharibənin bir çox klassik silahlanma növlərinə yenidən baxmaq lazım olduğunu müəyyənləşdirdi. Müharibənin gedişatı yalnız hərbi sahədə zəfərimizlə deyil, eyni zamanda bizə qarşı düşmənin artıq neçə on illərdir beynəlxalq havadarları və diasporasının aparmış olduğu informasiya müharibəsində də üstünlüyümüzlə yadda qaldı. Bizə qarşı mütəmadi şəkildə aparılan informasiya müharibəsində başlıca məqsəd məhz beynəlxalq auditoriyada yanlış təsəvvür oyatmaq idi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, erməni lobbisi Qarabağ münaqişəsi başladığı 80-ci illərin sonlarından başlayaraq, məqsədli və sustemli şəkildə beynəlxalq mediaya müxtəlif yollarla təsir edərək Azərbaycana qarşı informasiya müharibəsi aparıblar. Bu zaman onlar yalnız dünyanı inandırmağa çalışdıqları "Böyük Ermənistan” və "qədim etnos” mifləri üzərində vurğu etməyiblər, həmçinin münaqişəyə dini don geyindirməyə çalışıblar və təəssüf ki, erməni lobbisinin təsiri altında olan bir çox ölkələrin medialarında bu yalanlar üzərində qurulan təbliğatı aparmağa da nail olublar. Diqqət edin, 44 günlük müharibə dövründə bəzi media orqanlarında yayımlanan xəbər və reportajlar da məhz bu yalanlar üzərində köklənirdi. Halbuki, ortada olan həqiqətlər heç də bunun belə olmadığını göstərir. Lakin şübhəsiz ki, Azərbaycan tərəfinin qurduğu doğru və savadlı informasiya və media strategiyası, düşmənin bu istiqamətdəki həmlələrinin qarşısını almış oldu. Cənab Prezident İlham Əliyevin Qarabağ savaşı başlanandan beynəlxalq media qurumlarına, xüsusən nüfuzlu telekanallara və xəbər agentliklərinə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının, təxribatlarının ifşası baxımından olduqca böyük əhəmiyyət daşıdı. Azərbaycan Prezidenti çoxsaylı və geniş açıqlamalarında dünya birliyinin regionda baş verənlərlə bağlı suallarını həssaslıqla, böyük təmkin və səbr nümayiş etdirərək cavablandırır, beynəlxalq auditoriyaya Qarabağ həqiqətlərini ən yüksək səviyyədə dilə gətirir, çatdırırdı. Bununla da beynəlxalq ictimaiyyət məhz bu müsahibələr vasitəsi ilə Qarabağda baş verənlərlə bağlı bilavasitə Azərbaycan Prezidentinin dilindən əsl həqiqətləri eşitdi. Ölkə başçısının çıxışları ermənilərin Qarabağla bağlı dünya ictimaiyyətində yaratdıqları yanlış fikir və təəssüratları darmadağın etdi. Bu isə dünyanın əsl həqiqətdən xəbərdar olması, obyektiv şəkildə məlumatlanması və s. baxımından olduqca önəmli və gərəklidir”.
 
Ermənistan sülh müqaviləsi istəyirsə…

Hərbi ekspert Emin Həsənli vurğulayıb ki, Azərbaycan xalqı, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir qələbə qazanıb:
 

 
"44 günlük savaş Azərbaycan xalqının nə qədər vətənpərvər olduğunu, xalqımızın nə qədər peşəkar olduğunu dövlət-xalq, Prezident-xalq həmrəyliyini bütün dünyaya göstərdi. Azərbaycan xalqı qəhrəmandır. Azərbaycan xalqı heç bir zaman torpaqlarından bir qarış da olsun güzəştə getməyəcək. Bu, Heydər Əliyev siyasətinin təntənəsi və qələbəsidir. Heydər Əliyev ən ağır zamanlarda Azərbaycanın ərazi bütövlüyündən, müstəqilliyindən bir addım belə geri çəkilməyib. Bir milyon qaçqın, məcburi köçkün, iqtisadiyyatın ən zəif, dövlətin parçalanma təhlükəsində, ordusunun olmadığı vaxtlarda, ayrı-ayrı silahlı dəstələrin hakimiyyət uğrunda mübarizə apardığı vaxtda güclü iqtisadi dövlət yaratdı. Vahid komandana əsaslanan ordu yaratdı, islahatlar apardı və Azərbaycanın haqq işini dünyaya çatdırdı. Cənab Prezident bu siyasəti uğurla davam etdirərək Azərbaycanın hərbi büdcəsini Ermənistanın dövlət büdcəsindən yüksəyə qaldırdı, Xəzərin statusunu həll etdi. Müasir ordu qurdu, onun silahlanmasına təminatı ən yüksək səviyyəyə çatdırdı, beynəlxalq aləmdə haqq işimizi dünyaya əsaslandırdı və nəticədə Azərbaycan xalqı Prezidentin rəhbərliyi ilə böyük bir qələbəyə imza atdı. Ermənistan beynəlxalq hüququn ən ağır cinayətlərini törədib. İşğal, soyqırım, seperatizm, terror, qanunsuz silahların dövriyyəsi, qanunsuz silahlardan istifadə etmə, narkotik bitkilərin becərilməsi, tarixi abidələrin məhv edilməsi, insanlıq əleyhinə cinayətlər və bütün başqa ən ağır cinayətləri törədib. Bunlar beynəlxalq hüquqda ən ağır cinayətlər sayılır və tarixən bir neçə şəxs ən ağır şəkildə mühakimə olunub. Ermənistan rəhbərliyi də istər Robert Koçaryan, Sarkisyan, ardınca da Paşinyan, zamanında Petrosyan, müdafiə naziri olan şəxslər, hərbi hissələrin komandirləri cinayətkardır, terrorçudur, işğalçıdır. Ona görə də onlar ən ağır cəzaya məhkum olunmalıdır. Ermənistanın Azərbaycana vurduğu 50 milyarddan artıq ziyan var, bəzi hesablamalarda bu, 100 milyarddan da artıqdır. Təzminat ödəməyə pulu yoxdursa, bunu torpaqla ödəməlidir. Zamanında necə ki, Almaniya Fransaya ödəmişdi. Bunun dünyada nümunələri var. Zəngəzur, Göyçə SSRİ rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq Ermənistana verilib. Təzminat kimi qaytarıb Azərbaycana verilməlidir. Ermənistan sülh müqaviləsi istəyirsə, bu cinayəti törətmiş şəxsləri Azərbaycana təhfil verməlidir, onlar Azərbaycan məhkəməsi qarşısında cavab verməlidir, rəsmən üzr istəməldir. Törədilən cinayətləri bütün dünya diplomatları, Azərbaycanda olan səfirlər, dünyada olan çox nüfuzlu jurnalistlər gəlib çəkiblər, Azərbaycan dövləti onların foto-video arxivini yaradıb. Hər kənddə, şəhərdə o dağıntıların bir həssəsi saxlanılacaq ki, daima Azərbaycan xalqı, eyni zamanda gələcək nəsillər görsün ki, Azərbaycan xalqının başına hansı müsibətlər və faciələr gəlib. 1 milyon insanımız öz dədə-baba torpağında yaşamaq hüququndan məhrum edilib, 100 mindən artıq insan sağlamlığını itirib, 20 mindən artıq insan şəhid olub, həyatını itirib. Bütün bu cinayətlərin, hadisələrin səbəbkarı Ermənistandır və buna görə ağır cəzalanmalıdır. Yaxşı olar ki, özü vaxtında etiraf etsin, yoxa Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə kimi konkret addımlar atacaq və özü ölçü götürəcək”.    

Qələbənin əsas memarı 
 
 

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan silahlı qüvvələri  44 günlük Vətən müharibəsində uğurlu əks-əməliyyatlar həyata keçirərək 28 il işğal altında olan torpaqlarımızı, həm də siyasi-strateji baxımdan mühum əhəmiyyət daşıyan Şuşa və Hadrut şəhərlərini düşmən əsarətindən Ali Baş Komandan İlham Əliyevin başçılığı altında azad edib:
 
 

"Torpaqların azad edilməsi həm uzun müddət Azərbaycan xalqının məruz qaldığı məğlubiyyət  sindromunu çiyinlərindən atması ilə bərabər, xalqımızın həm inamını özünə qaytardı, həm də xalqı öz prezidenti ətrafında daha da sıx birləşdirdi. Əsas memarı Azərbaycan Prezidenti İlham Əliyevdir və bu fəaliyyətlərin həyata keçirilməsi Azərbaycan silahlı qüvvələrinə məxsusdur. Qələbənin əldə olunmasında təbii ki, Azərbaycan xalqının birmənalı dəstəyi böyük əhəmiyyət daşıdı. Bu müharibədə Azərbaycanı bir çox tərəfdaş ölkələr, başqa Türkiyə və Pakistan olaraq birmənalı şəkildə dəstəklədilər. Azərbaycan Vətən müharibəsində 28 il ərzində icra olunmayan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini tək başına və Azərbaycan əsgərinin dəmir yumruğu hesabına həyata keçirmiş oldu. Vətən müharibəsi zamanı döyüş meydanında Azərbaycan əsgərinin müqavimət göstərməyən Ermənistan ordusu müharibənin 44 günü və ondan sonrakı atəşkəsin ilk 20 günü ərzində hər gün orta hesabla 150 kv.km. Azərbaycan ərazilərini tərk etməyə məcbur oldu. Sonunda daha böyük itkilərə məruz qalmamaq üçün Ermənistan hakimiyyəti Azərbaycan prezidenti tərəfindən irəli sürülən şərtləri qəbul edərək kapitulyasia aktını imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tərəfindən boşaldıldı və Azərbaycan irəli sürdüyü tələblərin yerinə yetirilməsinə tam nail oldu. Azərbaycan Vətən müharibəsini qələbə ilə başa vurmaqla "Dağlıq Qarabağ” adlı ərazini dünya xəritəsindən silmiş oldu, əvəzində isə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaranmasına nail oldu. Əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna müqavimət göstərməyə imkanı çatmasa da, bir neçə dəfə Azərbaycanın müxtəlif rayon və şəhərlərində yaşayan mülki əhalini qadağan olunmuş silahlardan atəşə tutmaqdan da çəkinmədi. Əfsuslar olsun ki, dünya ictimaiyyəti hələ də cinayətlərə gözlənilən adekvat reaksiyanı göstərməyib. Lakin bu istiqamətdə Azərbaycan kifayət qədər ciddi fəaliyyət göstərir. Həm işğal altında olan ərazilərə Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində vurulan ziyanın, həm də mülki əhalinin yaşadığı ərazilərə dəyən ziyanın hesablanması üçün ciddi fəaliyyət həyata keçirilir. Bu məsələlər yəqin ki, yaxın zamanlarda hüquqi müstəvidə öz həllini tapacaq”. 

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.