Ölkə 17:12 23.09.2020

Ermənistanın Tovuzda ikinci cəbhə açmasının pərdəarxası (TƏHLİL)

"Moskva heç bir halda Qarabağın onun cüzi də olsa, iştirakı olmadan həllinə yol verməməyə çalışacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Ermənistanın ikinci cəbhə açmaqda maraqlarının nə olduğundan danışarkən deyib. İlkin Həsənli bildirib ki, Ermənistanın ikinci cəbhə açmaq istəyi 2020-ci illə bağlı deyil:

"Bundan öncə də İrəvan buna cəhd edib. Təkcə I Qarabağ müharibəsinə diqqət yetirsəniz, bunu açıq şəkildə görə bilərsiniz. Ermənistan o zaman təkcə Qarabağ və Naxçıvan istiqamətində (Naxçıvanı indiyə qədər öz əraziləri sayırlar) yox, həm də Tovuz-Qazax istiqamətində hücumlara (məhz bu hücumların nəticəsi olaraq Qazax rayonunun 7 kəndi işğal edilib) cəhd edirdi. Ermənistanın hazırkı situasiyada, hazırkı büdcə və problemləriylə Azərbaycana qarşı ikinci cəbhə açmaq, ümumiyyətlə, savaş aparmaq üçün taqəti yoxdur. Kobud formada desək, belə bir plan Ermənistanın başı üçün deyil. Yəni, I Qarabağ savaşı dönəmində Ermənistanı Azərbaycana qarşı savaşa itələyib, onu hər cür dəstək və planla təchiz edən qüvvə, indi də ona yeni plan təqdim edir. Həmin dövrdə Ermənistanın arxasında dayanan qüvvə kim idi? Cavab Rusiyadır. Baxın, Azərbaycanla sərhəddə və ya ümumiyyətlə, Qarabağda hər hansı savaş başlatmaq istənilən halda qumar oynamağa bərabərdir. İrəvanda heç kim özbaşına belə bir qumarı oynamağa hazır deyil. Əvvəla ona görə ki, indiki hakimiyyət sələfləri kimi müstəqil deyil və baş nazir heç öz aparatına belə tam nəzarət edə bilmir. 

Digər tərəfdən isə ermənilərin hücum etdiyi ərazilərdən keçən kəmərlərə milyardlar yatırılıb. Doğrudur, bu kəmərlərin təhlükəsizliyi üçün Azərbaycan məsuliyyət daşıyır, amma bu kəmərlərin olduğu ərazilərə hücum həm də bu milyardların sahiblərinə hücum anlamına gəlir. Bütün bunları ən axmaq siyasətçi də fərq etmək qabiliyyətindədir”.

Analitiqin fikrincə, Ermənistan arxasına hansısa ölkəni almadan və ya hansısa ölkənin təzyiqlərinə məruz qalmadan bu istiqamətdə hücum həyata keçirmək potensialına sahib deyil: 

"Azərbaycan hakimiyyətinin yuxarı eşelonları, xüsusən prezident səviyyəsində son iki ay ərzində açıq şəkildə "İrəvanın arxasındakı havadarı” kimi ifadələrin işlədilərək, mesajlar verilməsi də təsadüfi deyil. Digər tərəfdən mediaya Rusiyanın Ermənistana aktiv şəkildə silah daşıması məlumatlarının sızdırılması da məhz bu mesajların nəticəsidir. Əgər bir ölkəyə bu qədər silah daşınırsa, demək ki, o, silahı göndərənin planı var və mütləq bir gün haradasa partlayacaq. Niyə ikinci cəbhənin açılması, daha dəqiq desək, niyə ənənəvi istiqamət yox, Tovuz istiqamətində hücum məsələsinə gəlincə isə, bunun bir neçə səbəbi var. Səbəblərdən biri kimi buraya Türkiyə-Rusiya qarşıdurmasını əlavə etmək olar. Digər səbəb kimi isə ikinci cəbhə adlandırılan ərazinin təkcə Azərbaycan üçün yox, bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyətə malik olmasıdır. Bir anlıq buranın Ermənistan dolayısı yolla Rusiya tərəfindən ələ keçirilməsini təsəvvür edin. O zaman görəcəksiniz ki, Qafqazın gələcək taleyi bir anın içində necə dəyişilir. Səbəblər sırasına Azərbaycan daxilində qarşıdurma yaratmaq məsələsini də daxil edə bilərsiniz. Baxın, 2018-ci ildə balans siyasətindən imtina edən ölkənin iki illik gündəmini izləsəniz, bunu aydın şəkildə görərsiniz. Təkcə Tovuz təxribatına nəzər yetirilsə, bu hadisələrin Azərbaycan hakimiyyətində hansı dəyişikliklərdən sonra və ya hansı dəyişikliklər ərəfəsində olduğunu görmək olar. Kobud formada desək, bu təxribatı təşkil edən qüvvənin başqa məqsədi 2016-cı ilin aprelinin Ermənistanda səbəb olduğu nəticələrinin minimum başqa formasını Azərbaycanda təşkil etməkdir. Başqa səbəb kimi həmçinin dünyadakı nizam dəyişikliyinin başlanmasını və bu fonda Rusiyanın öz bufer zonasını qətiyyən əldə vermək istəməməsini, eləcə İran böhranını göstərmək olar”.

İlkin Həsənli bildirib ki, Azərbaycan hakimiyyəti hər zaman Rusiya ilə əlaqələrini maksimum şəkildə qorumağa çalışıb: 

"Bununla belə, bu o demək deyil ki, Azərbaycan hakimiyyəti Rusiyanın tam nəzarətinə keçmək istəyib. Hökumət özü də yaxşı bilir ki, Rusiya tabeliyinə keçməyin axırı özünün oturduğu budağı kəsmək kimi bir şeydir. Çünki Rusiya gəldiyi hər yerdə mütləq rəhbər dəyişikliyi həyata keçirir. Bunu ən azından tarix göstərir. Digər tərəfdən İran məsələsi Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Yəni Azərbaycana nəzarəti tam ələ keçirə bilməyən Moskva ən azından Azərbaycanla bağlı daha effektli kartlarını oynamağa cəhd edir. Bununla belə, Qarabağın İranla sərhəddə yerləşdiyini nəzərə alsaq, Azərbaycandan əlini yavaş-yavaş üzən Moskvanın məhz bunun üzərinə yeni plan qurduğunu söyləmək olar. Burada isə oyun təkcə Azərbaycanla bağlı yox, həm də Gürcüstanla bağlı aparılır. Bir sözlə, əsas məsələ Qarabağda və ya Tovuzda müharibənin başlanması deyil, əsas məsələ savaşın hansı formada gedəcəyi və burada hansı siyasi addımların atılacağıdır. Əgər sərt mövqe tutsaq və mühüm uğurlar əldə etsək, o zaman Rusiya mediasında bizə qarşı apreldəki kimi açıq çıxışları mütləq müşahidə edəcəyik”.

Analitik hesab edir ki, ən təhlükəli ssenari isə savaşın nəticəsinin dolayısı yolla Cənubi Osetiya və Abxaziya ssenarilərinə bənzədilməsinə (müstəqilliyi tanıma) cəhd edilməsi ola bilər: "Moskva heç bir halda Qarabağın onun cüzi də olsa, iştirakı olmadan həllinə yol verməməyə çalışacaq”.

Bahar Rüstəmli