Siyasət 13:29 30.11.2020

Ermənistanın yeganə xilas yolu budur...

Dənizdən-dənizə böyük Ermənistan xəyalı ilə yaşayan ermənilər 44 günlük döyüşlərin nəticəsində yaranan şərtləri həzm etmək istəmir. Xüsusilə Ermənistanın nüfuzlu ictimai şəxslərinin (siyasətçilər, hərbçilər, elm adamları və s.) əksəriyyəti hələ də reallığı qəbul etmirlər. Onların fikrincə, Ermənistan Azərbaycan qarşısında aldığı hərbi məğlubiyyətin revanşı üçün yeni müharibəyə hazırlaşmalıdır. Bunun üçünsə ilk növbədə erməniləri miskin duruma salan Paşinyan hakimiyyəti dəyişdirilməlidir. 

Paşinyan isə opponentlərindən fərqli olaraq xalqa real vəziyyəti onların başa düşəcəyi dildə izah etməyə çalışır. Baş nazir birbaşa və dolayı yolla Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasının zərurətə çevrildiyini, danışıqlar və ya müharibə variantlarının bu məsələdə az fərq etdiyini bildirir. Az qala Nikol Paşinyan Ermənistanın nə qədər böyük bir yükdən qurtulduğunu ermənilərə deməyə çalışır. Amma xəstə təfəkkürlü Ermənistan cəmiyyəti 44 günlük döyüşlərin şok terapiyasından ayılmaq istəmir. Barmaqla sayıla biləcək qədər erməni ziyalılarının Cənubi Qafqazda sülhun yaranmasının ən çox Ermənistanın xeyrinə olacağı barədə fikirlərini də süngü ilə qarşılayırlar...

Ermənistan uduzmağa məhkum idi

Ermənilərin "yenilməz ordu” dedikləri silahlı qüvvələrinin döyüş qabiliyyətindən nəsə yazmağa ehtiyac yoxdur. Azərbaycan əsgəri təkcə son döyüşlərdə sübut etdi ki, Ermənistan ordusunu müasir silahlarsız da məğlub etmək olar. Başqa tərəfdən Ermənistanın çox güvəndiyi ölkələr də Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatları dayandıra bilmədilər. Belə ki, Rusiya və İran, eləcə də Fransa Ermənistanı məğlubiyyətdən xilas etməyə gücü çatmadıqda  Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər. Xristian həmrəyliyi, türk düşmənçiliyi və s. bu kimi amillərın müasir geosiyasətdə proseslərə ciddi təsir etmədiyini anlamaq istəməyən ermənilər hələ də böyük güclərin maraqları üçün istifadə olunduqlarının fərqində deyillər. Çünki regionda və dünyada yaranan yeni reallıqlar Ermənistanın məğlubiyyətini şərtləndirirdi...

9 noyabr razılaşması Ermənistanı xilas edə bilərmi?

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 noyabr razılaşması məğlub olan ermənilər üçün yeni imkanlar yaradır. Belə ki, Türkiyə başda olmaqla Azərbaycanla iqtisadi əlaqələr Ermənistanın ayağa qaldıra və dövlət kimi məhv olmaqdan xilas edə bilər. Bunun üçünsə Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Türkiyəyə qarşı əsassız iddialardan geri çəkilməlidir. Amma Ermənistan cəmiyyəti hələlik buna hazır görünmür. İllərdir mifik xəyallarla yaşayan ermənilər Azərbaycan və Türkiyəni düşmən kimi görməkdə davam edir. Gürcüstan nümünəsində xilaslarını görmək istəməyən Ermənistanın bu səviyyədə qalmasında kənar faktorların da böyük təsirləri var. Xüsusi ilə Rusiya və İran Cənubi Qafqazda yaranan davamlı sülhu özlərinə ciddi təhdid mənbəyi kimi gördüyündən Ermənistan cəmiyyətində qonşulara nifrət hissinin artmasında maraqlıdırlar. Ermənistan isə bu gedişatla dövlət olaraq sıradan çıxmaqda davam edir. 44 günlük döyüşlər olmasaydı belə, Ermənistandakı iqtisadi problemlər səbəbindən xaricə sürətli əhali axını baş verirdi. Sovet vaxtı ilə müqayisədə əhalisi rəsmən 700 min nəfər azalan Ermənistan daha çox xaricdə yaşayan ermənilər üçün uzaq bir güşədə olan ofisi xatırladırdı. Müharibədən sonra bu sahədə vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Odur ki, Ermənistan yeni yaranan imkanlardan maksimum yararlanmağa çalışmalıdır. Bunun üçünsə militarist siyasətdən əl çəkib hərbi xərclərini iqtisadiyyata yönəltməli, qonşularla normal münasibətlər qurmalıdır. Bütün bunların fonunda Cənubi Qafqazda təhülkəsizlik problemləri azala bilər. Bu isə bölgənin əcnəbi investorların da diqqətinə düşməsinə səbəb olar.
 
Orxan Əhmədli