"Suriyada proseslər Bəşər Əsədin devrilməsi və dövlətin süqutu ilə nəticələnsə, bu hadisə regionda parçalanma və dağıntılara səbəb olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
Ekspert bildirib ki, Yaxın Şərq ölkələrinin hazırkı sərhədləri böyük ölçüdə Qərb dövlətləri tərəfindən çəkildiyi üçün kövrəkdir, dağılmağa çox meyillidir:
"İraq nümunəsi bunu göstərdi. Əgər Suriyada proseslər Bəşər Əsədin devrilməsi və dövlətin süqutu ilə nəticələnsə, o zaman bu hadisə regiona təsir edəcək. Çünki əvvəla nəzarətdən kənar silahlı qruplar bölgə üçün təhdid yaradacaq və nizam yaratmaq zaman alacaq. İkincisi, ölkə daxilində parçalanma baş verə, yeni ərazilər meydana çıxa bilər. Kürdlər böyük ehtimalla muxtariyyət əldə edəcək ki, bu da digər region ölkələrinə - İraq, Türkiyə və İrana da təsir edəcək. Livan üçün ciddi təhdid yaranacaq, ola bilsin ki, silahlı qarşıdurma baş verdi. İsrail ilə münasibətlər məlum deyil, bir qrup hazırda İsraillə yaxındır, dəstək alır. Amma sabah hakimiyyətə gələcək yeni qüvvələrin Colan təpələri məsələsinə necə baxacaqları da məlum deyil".
Qeyd edək ki, Suriyada müxalifətin artıq bir həftədən çox davam edən hücumu və onların əldə etdiyi uğurlar bir çox ərəb ölkələrini də narahat edir. Bu barədə "The Wall Street Journal" məlumat verib.
BƏƏ və Qətər Bəşər Əsəd rejiminin çökməsilə onun yarada biləcəyi regional qeyri-sabitlikdən narahatdır. Bu da onu göstərir ki, digər ərəb ölkələri Suriyadakı vəziyyətin onlara da təsir edəcəyindən əndişələnirlər.
Rüfət Sultan
Şərhlər