Orxan Saffari
Ölkə 18.01.2022

"Əsgər aşiq Səfərov!"

Orxan Saffari

Ocaqmı çatmaqdı arzuya çatmaq-
Kül olan arzudan nə qalar yadda.
Sən demə, olarmış səni də atmaq,
Səni də unutmaq olarmış hətta...

MƏMMƏD  İSMAYIL(c)

İndi unutduğum adamlara şair demiş, xəyalımda bir güllə çaxıram. Realda, daha dəqiq, hərbidə durduq yerə çaxsam, cinayət işi açılar. Ona görə xəyal qurmağı da apardığım döyüş növbətçiliyi xidmətimə aid edirəm, ayıq və də sayıqam. 

İstəyirəm ki, belə məqamlarda məruzə də edim;

- Onu sevdiyim müddətdə hadisə baş vermişdir. Beləki, mən it kimi aşiq olmağıma baxmayaraq, o məni tərk edib getdi. Məruzə etdi əsgər aşiq Səfərov!

Neyləyim? Əsgərliyin romantikası da belə olur. 

Amma zarafat edirəm, unutmaq nədi? unutmaq hara, mən hara? Kaşki, unuda bilsəydim. İndi sadəcə, müvəqqəti nələrisə, kimlərisə yaddan çıxarda bilirəm. O da bir müddətlik. Kim ki, yadımdan çıxır, sonra onu daha çox düşünürəm. 

Təbii, belə məqamda gözəlim qadınları da unutmaq namümkün. Zalım qızlarını elə sevmişəm, elə sevmişəm... 

Gündüz demirəm, gecə demirəm, necə düşünürəm, necə düşünürəm. Gecələr də adam bir başqa olur, bir başqa düşünür, axı. 

Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi, darıxdım.(c)

Axxx, ürəyimdən nələr keçir, kimlər keçir indi.  

Bəlkə də nə vaxtsa kimlərisə unuda bilərəm. Unutmaq sözünü eşidən kimi dodağaltı mızıldandığım bu misralar gəlib durur gözümün önünə, nə vaxtsa unuda biləcəyim adama(lara) yazığım gəlir. 

Unudulmaq yaman dərddi -
Gülüm, başına gəlməsin(c)

Axxx, bu gecə-gündüz xəyalımda canlandırdığım adamlar. Onları hərdən yanımda, 3800 metr yüksəklikdə, hava almağın belə çətin olduğu bu yerlərdə düşünüb təskinlik tapıram. Elə bilirəm, o adamlar yanımdadı, xidmət yoldaşımın yerinə dayanıb, amma bir az çətinlik var. Məsələn, adam var, istəyirəm ona belə deyim; 

Boşaldı dünyanın sən olan yeri...
Dünyanın
sən olan yerindən indi
Qorxa-qorxa düşmənlər keçir, 
Hürkə-hürkə düşmənlər keçir 
Əsgərlər keçir,
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmirəm.

Keçə bilmirəm, çünki əsir düşə bilərəm. Mən də yeganə sevgi əsiri olmaq istəyirəm. Onsuz da, sevginin özü belə bir də görürsən düşmənə çevrilir, əzab verir. Səndən öyrənmək istədiyi sirrlər olur, onu niyə, necə sevdiyin kimi. Bu sirrləri öz-özünə deyirsən amma. 

Nə bilim, vallah. Belə deyirik, gülürük, amma darıxmaq yaman çətin işdi. Hər adam, belə pis çıxmasın, mənim kimi darıxmağı da hər əsgər bacarmaz. 

Var nizamnamə, var onun tələbləri. 
Var əsgər, var onun darıxmağı.
Qanun çərçivəsində, sıra nizamnəməsi ilə. 

Belə də, nolsun, adam var, onun sevgisinə fərəqət verdim, amma o mənim ürəyimdə düz dayanmadı...

Zəngəzur, 16 yanvar. 2022