Hüseynbala Səlimov
Siyasət 09:52 10.01.2022

Əski sovet məkanının bölgüsü başlandı?..

Hüseynbala Səlimov

"İvan, brat, axı bu qədər torpaq sənin nəyinə lazımdır? Onsuz da əkən-biçən deyilsən. Hazırda dünyanın ən böyük torpaqları sənin sərəncamındadır. Amma gözün yenə də onun-bunun torpağındadır. 

Bəli, Qazaxıstan kimi böyük ölkənin böyük şimal əraziləri bir tərəfə, bapbalaca gürcü torpaqarına yerikləyirsən, Abxaziyadakı, Cənubi Osetiyadakı "sərhədlərini” addım-addım Gürcüstanın içərilərinə doğru çəkirsən, kiçik Azərbaycanın axır ki, saqqızını oğurlayırb öz əsgərlərinin onun torpaqlarına gətirdin, Ukraynadan Krımı, Şərq ərazilərini qopardın, xırdaca Kuril adalarını Yaponiyaya vermirsən, kiçiçik Çeçenistanı əlində saxlamaqçün nəinki onun, hətta bütün Şimali Qafqazın əhalisini qırmağa hazırsan. Axı nə üçün? Bir daha soruşuram: bu qədər ərazi sənin nəyinə lazımdır? Düzdür, Qazaxıstanın xam torpaqlarında, geniş düzənliklərində taxıl əkmək ideyası guya sənindir və biz bunu ilk dəfə L.Brejnevin xatırələrindən oxumuşduq. Amma daha yaxşı olmazdımı ki, araq şüşəsini və avtomatı bircə kənara qoyub, qollarını çırmalayıb, öz torpaqlarını əkib – biçəsən?”

Bilirəm, deyəcəksiniz ki, bu, nə müraciətdir, dua oxumaqla donuz darıdana çıxarmı? Daha düzgünü bu, olmazmı ki, hamı torpaqlarını İvandan qorumağın yolunu tapsın, bunun üçün hər şeyə hazır olsun? Bəli, həqiqətən də belədir. Amma bu günlərdə bir rəssamın müsahibəsinə qulaq asırdım. Deyirdi ki, çəkdiyim portret gülümsəyəndə mən özüm də qeyri-ixtiyari gülürəm. Bəli, mən də beləyəm. Rusiyadan yazanda xəyalən İvanla, ABŞ-dan yazanda isə, nə bilim, Conla, yaxud da Semlə danışıram...

İndə də belə oldu. Qazaxıstan hadisələri haqqındakı kiçik yazını belə başladım. Bilirsiniz, maraqlısı nədir? Bu hadisələrdən qabaq Rusiya öz qlobal təhlükəsizlik doktrinasını qəbul etmiş, Qərb dünyasına qarşı özünün on yeddi maddəlik ultimatumunu göndərmişdi. Üstəgəl, hamı bu fikirdə idi ki, Rusiya Ukraynaya hücum edəcək və hətta bunun qarşısını almaq üçün yanvarın 12-də Rusiya-NATO Şurasının iclasını keçirmək də planlaşdırılmışdı. 

Amma gəl, bu arada Qazaxıstan hadisələri başladı. Hətta belə güman edənlər də tapıldı ki, Moskva Ukrayna ilə diqqəti yayındırmağa çalışırmış. Biz bunu iddia edə bilmərik. Amma onu bilirik ki, on yeddi maddəlik məşhur doktrinanın da elə məğzi bu idi ki, post-sovet məkanını mənim nüfuz zonası kimi tanıyın, buranı NATO-nun maraq sferasına aid etməyin, onun şərqə doğru genişlənməsini dayandırın! 

İndi NATO ölkələri, qurumun rəhbərləri Qazaxıstan hadisələrini diqqətdə saxlayırlar, amma onlar daha çox Ukraynadan danışırlar, fəqət, çox təəssüf ki, müəyyən şərtlərlə. Məsələn, Baş katib Yens Stoltenberq son bəyanatında belə dedi ki, Ukrayna bizim müttəfiqimiz yox, tərəfdaşımızdır. Yəni Kiyevə görə NATO böyük risk etmək, özünü oda-közə vurmaq niyyətində deyil. 

Ona görə də insanlar soruşurlar: Qərblə Rusiya arasında növbəti sövdələşmə olmayacaq ki? Axı Qazaxıstan Rusiya üçün Ukraynadan önəmsiz deyil! Bu səbəbdən istisna deyil ki, müəyyən razılaşma ola bilər. Amma bir detalı unutmaq olmaz. Rusiya sülhməramlı adı altında öz silahlılarını post-sovet ölkələrində yerləşdirir. Moskva bunu hətta Azərbaycanda da edə bildi. Əlbəttə, Qazaxıstan KTMT-nın üzvüdür və burada onsuz da Rusiyanın iştirakı var. Amma Moskva öz silahlılarını bir az da artırır ki, bu ərazilərdə bir az da möhkəmlənsin. Ona görə də Qazaxıstan Rusiya üçün daha bir geosiyasi debüt ola bilər. Ona görə də qeyri-ixtiyari olaraq özümüzdən soruşmaq zorundayıq: post-sovet məkanının yeni bir bölğüsü başlamayıb ki? NATO – Rusiya Şurasının iclasına bir gün qalıb və biz bu iclasın gedişindən bəzi mətləbləri duya biləcəyik. Hər halda, buna ümidliyik...