"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində və Şimal-Cənub nəqliyyat dəhlizində yükdaşımalar artacaq”.
Bunu "Report” açıqlamasında nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib.
"Dəmir yolu yükdaşımada sərfəli bir nəqliyyat növüdür. Burada əsas məqam ağır və həcmcə böyük yüklərin daşınmasının alternativ yollara nisbətən daha əlverişli olmasıdır. Ölkəmizdə dəmir yollarının yenilənmə və inkişaf dövrü yaşadığını nəzərə alsaq buna mütənasib olaraq bu şəbəkədən də istifadənin artdığının şahidi olarıq. Bu tendensiya dəqiq düşünülüb, planlaşdırlıb həyata keçirilərsə daşımaların sürətlə artacağı məlum məsələdir. Bir də ölkəmizin yerləşdiyi coğrafi mövqeyin əlverişli olduğunu da nəzərə alsaq yenidənqurma və təkmilləşdirmə işlərinin faydasının kifayət qədər çox olacağını təxmin edə bilərik. Statistik məlumatlara görə də yüklərin daşınma həcminin artdığını müşahidə edirik. Verilən məlumata görə BTQ ilə daşımalarda 42% artım baş verib. Bu istiqamətdə həm yerli, həm də tranzit yüklərin ötürülməsi həyata keçirilir. Proqnozlara görə daşımalarda artan temp hələ bir neçə il davam edəcək. Müxtəlif beynəlxalq layihələrin də bu xəttə qoşulması prosesi getdiyindən sözügedən fəaliyyətin artımı gözlənilir”.
Y.Mustafayev vurğulayıb ki, ötən il Şimal-Cənub dəhlizi ilə daşınmalarda artım isə 38% təşkil edib: "Bu istiqamət də strateji cəhətdən əhəmiyyətlidir. Şimalda Skandinaviya ölkələri, həmçinin Rusiya, cənubda isə İran kimi böyük ölkələrin bir-biri ilə yük mübadiləsinin əsasən bu yolla həyata keçirilməsi nəzərdə tutulur. Regionda baş verən siyasi, iqtisadi proseslər də göstərir ki, bu yol nə dərəcədə əhəmiyyətlidir. Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması bitdikdən sonra qatarların hərəkəti sürətli və rahat olduğu təqdirdə daşınan yüklərin də artacağı ehtimal edilir".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Şərhlər