Xəbər lenti

Əsl fəlsəfə və filosoflar nə vaxt olacaq?..
Hüseynbala Səlimov
Ölkə 10:32 02.12.2024

Əsl fəlsəfə və filosoflar nə vaxt olacaq?..

Bəlkə də tək-tük adamlardanam ki, hələ də bizim Azərbaycan televiziyalarına baxıram. Bir səbəbi budur ki, yaşa dolmuşam, təəssüf, sosial şəbəkələrdən-filandan başım çıxmır, həm də daim individualist olmuşam, "hamı olan yerdə” mən heç vaxt olmamışam.

Bəli, bir də etiraf edirəm ki, telekanallara baxıram, baxmayaraq, televizyalarımızın bütün mübahisəli cəhətlərilə bahəm bir xüsusiyyəti də məni də özümdən çıxrarır. 

Çal-çağır, toy-bayram, gündəlik yubileylər bir yana, bunsuz keçinə bilmərik, anlayırıq ki, bütün bunlar kanallarımızçün pullu reklam qədər lazımlı bir məsələdir.

Fəqət, kanallarımızın gündəmindən düşməyən kütləvi-xalq mədəniyyətimizin iki "böyük məhsulu” – meyxanalar (az qala, hər gün!) və aşıq musiqisi (hərdən, həftənin müəyyən günlərində!) adamı lap dilxor edir, xüsusən də bizim bəzi aşıqların "NKVD libası”na baxa bilmirəm, az qala, dəli oluram!.. 

Amma yenə də özümə qoyulmuram, baxıram bəzi telekanallarımıza. Həm də ona görə ki, onların bir hissəsi başqa mətləblərdən olmasa da, xarici siyasətdən danışmağa başlayıblar - bəli, nə danışırlar, nə deyirlər və hətta necə deyirlər, bunlar başqa bir söhbətin mövzusudur, hər halda, danışırlar və hətta kimlərisə də danışdırmağa cəhd edirlər...

Qərəz, bəlkə də bir ayın və ya ay yarımın söhbətidir. Yenə də telekanallardan birinə tamaşa edirdim. Xarici siyasətimizi müzakirə edirdilər. Birdən dəvət etdikləri siyasi şərhçi qayıdıb dedi ki: "Kanalınız ölkənin BEYİN MƏRKƏZİNƏ çevrilibdir!”..

Bu, mənə, doğrusu, qəribə gəldi, tək ona görə yox ki, bu kanallarda aparılan müzakirələrin səviyyəsi bəzən o qədər bəsit, xüsusən də birtərəfli olur ki, adam qeyri-ixtiyari deyir özünə: nə yaxşı ki, bunları başqaları eşitmir, dinləmir!..

Bunlar öz yerində! Özümü qətiyyən televiziya üzrə mütəxəssis saymıram, heç vaxt da televiziyalarda çalışmamışam, amma burada başqa bir məqam da var: Azərbaycan bir yana, axı nə vaxtdan dünyada televiziyalar "beyin mərkəzi” olublar? 

Bəli, dünyada müxtəlif intellektualların müxtəlif nəşrlər - qəzetlər, jurnallar ətrafında cəmləşməsi olubdur, indi də var. Amma televiziya həmişə daha çox xəbər, əyləncə, reklam və xüsusən də biznes olubdur bütün dünyada! 

Sözsüz, o, böyük gücə malikdir, böyük təsiri var və istəyəndə böyük möcüzələr yaradır. Məsələn, bir dəfə belə bir detal oxumuşdum. ABŞ-da çox populyar televiziya aparıcılarından biri L.Tolstoyun "Anna Karenina” əsəri haqda bir-iki söz deyir. İnanmazsınız, ertəsi gün hamı cumur kitab mağazalarına ki, bəs sizdə "Anna Karenina” əsəri varmı?..

Bəli, televizya ən azı yaxın keçmişdə belə mağik gücə malik olub! Amma "beyin mərkəzləri”nə, "hətta ideoloji mərkəz”lərə gəldikdə, bütün dünyada bu funksiyanı daha çox UNİVERSİTETLƏR həyata keçirir. Məsələn, Harvard təkcə universitet deyil, bu, həm də orijinal iqtisadi ideologiya mərkəzidir! 

Çox təəssüf, bizdə hələ belə deyil, universitetlərimiz hələ də yalnız diplom verməklə məşğuldur və "diplom verən idarələrdir”! Bəli, onların dünya unievrsitetlərinin səviyyəsinə çatmasına bəlkə yüz illər qalıbdır! Səbəblər isə çoxdur. 

Məsələn, bugünlərdə Braziliya universitetlərindən birində çalışan bir rusiyalı politoloqun yazısını oxuyurdum. Deyir ki, əgər sən Braziliya universitetlərində professor statusu almısansa, artıq rahat ola bilərsən, çünki artıq ən azı ORTA TƏBƏQƏNİN üzvüsən! Bəs bizdə necədir? 
Ali məktəb müəllimi, hətta professorlar bir universitetdə bir-iki saat dərs deyəndən sonra qaçırlar başqa ali məktəbə ki, oradan da heç olmasa, beş-on manat alsınlar! Belə vəziyyətdə onların öz üzərlərində işləməyə heç həvəsləri olarmı? Bilmirəm, bəlkə indi vəziyyət dəyişibdi, amma ən son illərə qədər belə idi...

Başqa bir məqam da var. Bizdə artıq müəyyən qədər iqtisadçı formalaşıb, səviyyəli iqtisadçılar var. Savadlı hüquqşünaslar da az deyil, bir az var, baxmayaraq, hüquq sistemimizin problemləri, qüsurları ucbatından, məhkəmələr problemli olduğundan, vəkillik institutu çox zəif inkişaf etdiyindən, xeyli siyasiləşdiyindən ölkədə yüksək səviyyəli hüquqşünas olmaq üçün hələ də yetərincə stimul yoxdur. 

Hüquqla bağlı bir detalı deyim. Bir dəfə Polşada seminarlarda bir hüquqşünas dedi ki, hökumətə gülmək, hətta parlamentə lağ etmək olar, amma o yerdə ki, insanlar MƏHKƏMƏLƏRƏ gülürlər, artıq o ölkənin düşdüyü vəziyyətə AĞLAMAQ lazımdır...

Qayıdaq mətləbə. İctimai elmlər sahəsində problemimiz daha çox ondadır ki, bizdə yüksək səviyyəli, cəmiyyətin İNTELLEKTUAL KUMİRİNƏ çevriləcək səviyyədə politoloqlar, sosioloqlar, psixoloqlar və hətta filosoflar yoxdur, bunlar hələ bundan sonra yetişəcəklər güman! 

İndi, məsələn, daha çox jurnalistlər və bir də uğursuz "müxalifət liderləri” özlərini politoloqlar kimi təqdim edirlər, halbuki akademik politologiya tamamilə başqa bir şeydir.

Bu sahədəki boşluğu doldurmaqçün bir az əvvəldə dediyim məsələ həllini tapmalıdır – akademik politologiya, sosiologiya, psixologiya və hətta fəlsəfə ilə də məşğul olmaq üçün həm də maddi stimullar olmalıdır, bu sahənin professorları cəmiyyətin imkanlı olmasa da, yaxşı təmin edilmiş təbəqəsi olmalıdır...

Bizdə bütün bunlar hələ yoxdur. Ən başlıcası, bu istiqamətdə ciddi iş də aparılmır. 

Məsələn, nəzərə alınmır ki, adam deputat ola bilər, amma bu, hələ o demək deyil ki, o, cəmiyyətin sosioloji problemlərini bilir və peşəkar sosioloqdur! Bəli, adam hətta yaxşı praktik-diplomat da ola bilər, fəqət, bu, hələ o anlama gəlmir ki, o, beynəlxalq münasibətlərin politologiyası və sosiologiyası üzrə mütəxəssisdir!..

Eyni mənzərə bizim milli fəlsəfi düşüncə müstəvisində də müşahidə olunur - bizdə əsl filosoflar da hələ bundan sonra yetişəcək. Bəli, bir vaxt bizim köhnə "elmi kommunizm” müəllimləri yeni dövrün politoloqlarına, sosioloqlarına və hətta filosoflarına çevrildilər! Yox,  bunu heç də hamıya şamil etmirəm, öz üzərində çalışan (sovet rejiminin verdiyi imkanlar daxilində!) mütəxəssislər də az deyildi, özü də təkcə bizim Azərbaycanda yox, elə bütün SSRİ-də. Məsələn, o vaxt kosmologiyanın fəlsəfi problemlərilə məşğul olan tacik Əkbər Tursunov vardı və hamımız onu maraqla oxuyurduq. 
Belədə isə, sovet fiziki, akademik Vitali Ginzburqun (2000-ci illərdə Nobel mükafatı aldı!) SSSRİ-dəki fəlsəfə dərslikləri haqqında çox maraqlı bir yazısı vardı - inanırsınız, darmadağın etmişdi bu dərslikləri, mən ilk dəfə bu yazını oxuyanda düşündüm ki, həmin dərsliklərin müəllifləri utandıqlarından özlərini asacaqlar...     

Odur ki, burada daha bir detalı qeyd etməyə bilmirəm. Bilirsinizmi, biri var, fəlsəfə müəllimi, biri də var, FİLOSOF! Bunlar heç də həmişə eyni anlama gəlmir. Mən filosof deyiləm, siyasi yazaram - jurnalistəm, fəqət, fəlsəfə ilə çox maraqlanmışam. 

Bəli, deyim ki, yetmiş illk sovet dövründə cəmi üç nəfərin adı əsl FİLOSOF kimi hallanırdı - bunlar BAXTİN, MAMARDAŞVİLİ və ZİNOVYEV idi. Qalanlar, Asmus, Oyzerman kimi akademiklər daha çox rejimin ideoloji apologetləri hesab olunurdular. 

Hətta Losev belə çox da maraqlı filosof hesab olunmurdu, baxmayaraq ki, bu adam gizlincə RAHİBLİYİ qəbul edibmiş, deyilənə görə, açıq şəkildə özünü idealist adlandırırmış, hətta həbs də olunubmuş! Amma bununla belə, onun adı bir azca əvvəldə qeyd etdiyim FİLOSOFLAR cərgəsində hallanmır. Öz tərəfimdən deyim ki, mən onun antik estetika ilə bağlı bir kitabını oxumuşdum və etiraf edim ki, kifayət qədər maraqlı kitabça idi... 

Bir də onu qeyd edim ki, burada Pavel Florenski kimi bəzi dini filosofların adını çəkməyə, düşünürəm, ehtiyac yoxdur, belələrinin adını yalnız və yalnız ruslar çəkir, özü də ancaq rus fəlsəfi fikir tarixindən söhbət düşəndə - adi xronoloji fakt kimi! 

Halbuki yenidənqurma çağlarında hamımız daha çox bu tipli filosoflar - Florenski, Berdyayev (rus mühacir filosofu! Yazılanlara görə, düz yeddi dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub!), nə bilim, Rozanov və s. haqda oxumağa məcbur idik, çünki rusdilli nəşrlər (biz isə, təəssüf, yalnız bunları oxuya bilirik!) daha çox onları təqdim edirdi bizə! Belədə isə rusların özlərinin də bir fikri var: RUS FƏLSƏFƏSİ daha çox RUS ƏDƏBİYYATIDIR...  

Bizə gəldikdə, maraqlı filosofların, fikir generatorlarının yetişməsini hələ gözıməliyik və bir daha deyim ki, onlar hələ bundan sonra yetişəcək bu ölkədə. Vatslav Havelin bir maraqlı fikri vardı. Deyirdi ki, kommunizm neçə-neçə xalqlar üçün əsl narkoz oldu - bəli, onlar yatdılar və çox sahələrdə geri qaldılar! 

Həqiqətən belədir! Ona görə də xalq olaraq yuxudan hələ indi-indi ayılırıq. Oyanacağıqmı? Təzədən başqa bir YUXUYA getməycəyik ki?.. 
Bunları düşünəndə beynimdən narahatlıq dolu bir fikir keçdi: ola bilər, yenə də "yataq”! 

Nə qədər qəribə, qüsurlu analogiya olsa da, fikirləşdim ki, məsələn, Afrikada FİLOSOF kimə lazımdır! Əlbəttə, mən ixtisasca filosof olan böyük yazıçı NƏCİB MƏHFUZUN çıxdığı Misiri, özünü həmişə filosof deyil, daha çox yazıçı sayan (baxmayaraq ki, o, da universiteti fəlsəfə ixtisası üzrə bitiribmiş!), amma fəlsəfəyə çox filosoflardan da böyük töhfə verən KAMYUNUN doğulduğu Əlcəzairi də nəzərdə tutmuram! 

Bəli, hətta eşitsəm ki, bu ölkələrdə Qərbə, hətta onun fəlsəfi fikrinə opponentlik edən filosoflar, xüsusən də illahiyyatçı filosoflar var, buna qətiyyən təəccülənmərəm. 

Odur ki, mən hələki yalnız və yalnız klassik Afrika ölkələrini deyirəm - bəli, Konqo, nə bilim, Burundi, Mozambik və s. və i. Allah eləməsin ki, biz də durub onlara oxşayaq. İnşallah, oxşamarıq...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->