ABŞ-ın Oreqon ştatının şərqində yerləşən La Qrand şəhərinin sakinləri artıq 42 ildir bir "xəyal”la birgə yaşayır.
Qaynarinfo xəbər verir ki, 1983-cü ildə baş verən və "Kandi Kane parkı qətli" kimi tanınan dəhşətli hadisənin kölgəsi hələ də şəhərin üzərindən çəkilməyib. İllərdir davam edən araşdırmalar nəticəsiz qalsa da, cavaba çox yaxınlaşan bir müfəttişin işi min kilometrlərlə uzaqdan gələn bir qərarla dayandırılıb.
Hadisə 1983-cü ilin fevralında, şənbə günü gecəsi baş verib. "My Wife’s Place" adlı barda gecə əylənənlərdən biri, 21 yaşlı barmen Dana DuMars səhər gün doğanda parkda ölü tapılıb. Onun bədənində yeddi balta zərbəsi aşkarlanıb.
Polis istintaqı dövründə bir sıra qəribəliklər yaşanıb. Şübhəlilərdən biri qeyri-adi üsullarla dindirilib, hətta hipnoz edilərək "gizli qabiliyyətlərə” malik olduğuna inandırılıb. Qısa müddət sonra etiraf edən şəxs məhkəmədə təqsirli bilinsə də, cəmi üç ildən sonra hökm ləğv edilib.
Növbəti onilliklər ərzində La Qrand polisi işi bir neçə dəfə yenidən araşdırsa da, nəticə əldə olunmayıb. Şəhər sakinləri isə illərdir Kandi Kane parkına getməkdən çəkinirlər, bəzi valideynlər uşaqlarını bu parka buraxmamağı xahiş edir.
La Qrand sakini Təmmi Ceyn Qrinvell "The New York Times” qəzetinə açıqlamasında bildirib: "Bizim nəsildən olub da o parkdan keçəndə DuMars cinayətini xatırlamayan yoxdur".
İllər sonra bölgə prokurorluğunda işləyən müfəttiş Mayk Harris işi yenidən gündəmə gətirib. O, illərini dəlilləri incələməyə və hadisə gecəsini təkrar bərpa etməyə sərf edib. Harris artıq DuMarsın ailəsinə "cinayətin açılmasına az qaldığını" deməyə hazırlaşırmış ki, aprel ayında gözlənilməz hadisə baş verib - ona araşdırmanı dayandırmaq əmri verilib.
Müfəttişin vəzifəsi ABŞ Ədliyyə Nazirliyi tərəfindən maliyyələşdirilir. Lakin Tramp administrasiyasının büdcə ixtisarları çərçivəsində bu fond ləğv edilib. Nəticədə Harrisin vəzifəsi ləğv edilib və o, başqa işə yönləndirilib.
"Biz kənd bölgəsiyik və buradakı cinayətlər çox vaxt xüsusi qəddarlıqla törədilir. Mənim vəzifəmi maliyyələşdirən qrant bu tip cinayətlərin araşdırılmasına həsr olunmuşdu. Onun ləğvi bizə ağır zərbə vurdu", deyə Harris bildirib.
Müfəttişin topladığı dəlillər arasında illərlə itkin sayılan bir qutu da olub. Qutudan DuMarsın geyim əşyaları, təcavüz testinin sənədləri və ən əsası – qətldə istifadə edilən balta tapılıb.
Harris iş üzərində çalışdığı illər ərzində potensial şübhəlilərin sayını iki nəfərə qədər azaldıb. Lakin fondun bağlanması səbəbindən təhqiqatı dayandırmalı olub.
Buna baxmayaraq, Harris ümidini itirmir: "Bu iş həll oluna biləcək bir işdir. Sadəcə bir az şansa ehtiyacımız var".
Müfəttiş və həmkarı Kelsi MakDaniel indi Ədliyyə Nazirliyinin yeni qrant proqramına müraciət etməyi planlaşdırırlar. Onlar ümid edir ki, illər əvvəl göndərilən DNA testlərinin nəticələri çıxarsa, araşdırmanı davam etdirmək üçün yenidən maliyyə dəstəyi əldə edə biləcəklər.
Şəhər sakinləri isə 42 ildir cavabını gözlədikləri bu sirrin bir gün açılacağına inanırlar.
Aydın
Şərhlər