Xəbər lenti

Ət niyə ucuzlaşmır və ya nə vaxt bahalaşa bilər? – Ekspertlər şərh edir
Ekonomiks 11:58 18.10.2019

Ət niyə ucuzlaşmır və ya nə vaxt bahalaşa bilər? – Ekspertlər şərh edir

"Ət və ət məhsullarıyla bağlı son 2-3 ildə baş verən prosesləri dərindən analiz etməyə ehtiyac var". 

Bu sözləri Qaynarinfo-ya iqtisadçı ekspert Natiq Cəfərli ölkədə ətin qiymətinin ilbəil artmasınının səbəbini izah edərkən bildirib. 

Ekspertin sözlərinə görə, yerli istehsal və xaricdən gətirilən məhsullarda artım olsa da, bu, qiymətlərin ucuzlaşmasına təsir göstərmir:

"Burada bir neçə önəmli nüans ortalığa çıxır. Düşünmürəm ki, ölkədə ət idxalı, ət gətirilməsi kəskin artıb. Bu, kağız üzərində, daha doğrusu, əvvəllər rəsmiləşdirilməmiş həcmlərin indi daha sərt qaydalara uyğun olaraq rəsmiləşdirmənin nəticəsidir ki, əvvəllər biz onu rəsmi statistikada görmürdük, indi isə daha çox görürük və ölkəyə gətirilən məhsulların rəsmiləşdirilməsi daha ciddi xarakter alıb. Birinci məsələ bununla bağlıdır. İkinci məsələ isə, ölkədə keçən illərə nisbətən turizmlə bağlı ciddi artım müşahidə olunur və ölkəyə gələn turistlərin də ağız dadını nəzərə alsaq, restoranların, kafelərin bu ağız dadına uyğunlaşdırıldığını, onların da bu istehlak həcmini nəzərə alsaq, təbii ki, istehlakda artım müşahidə olunur. Bu da qiymətlərə təsir göstərir. 

Yerli istehsalın cüzi artımı müşahidə olunsa da, xaricdən gətirilən məhsulların rəsmiləşdirilməsi artsa da, statistik göstəriciləri yüksəlsə də, bu, qiymətlərin ucuzlaşmasına təsir göstərmir. Əksinə, qiymətlərdə ilbəil cüzi də olsa bahalaşma müşahidə olunur. Burada bir ciddi araşdırmaya və kompleksli yanaşmaya ehtiyac var. Mənə elə gəlir ki, həm yerli istehsalın stimullaşdırılması, həm də xaricdən gətirilən ət məhsullarının keyfiyyət göstəricilərini nəzərə alınmaqla müəyyən güzəştlərin tətbiq olunması yerli bazarda bolluğun yaranmasına, dolayısıyla da qiymətin düşməsinə səbəb ola bilər".
 


İqtisadçı ekspert İlham Əzizov isə Qaynarinfo-ya açıqlamasında ət istehsalının aşagı olmasının səbəblərindən bəsh edib:

"Azərbaycanda ət istehsalı ildən-ilə artsa da, idxal da artım tempini qoruyur. Çünki bizim ölkə adambaşına ət istehlakı baxımından aşagı yerlərdən birini tutur. Belə ki, bu rəqəm ABŞ-da 97 kq, Avstraliyada 95 kq, Uruqvayda 81 kq, Braziliyada 77 kq təşkil edirsə, bizdə bu rəqəm 32-34 kq ətrafındadır. Lakin bizdən az istehlak və ya bizim həddə olan ölkələr də var. Məsələn, Türkiyə 30 kq, İran 27 kq, Ukrayna 46 kq, Qazaxıstan 44 kq, Rusiya 60 kq, ona görə də daxili imkanlar vasitəsilə bu təlabatı ödəmək mümkün olmadıgından, ət idxalı hələ bir müddət artım tempini qoruyacaq. Azərbaycanda ət istehsalının aşagı olmasının bir neçə səbəbləri var. Bunlardan biri məhsuldarlığın azlığı; məsələn, dünyada xırda buynuzlu heyvandan 5 aya 30-40 kq ət istehsal olunursa, bu rəqəm bizdə 10-12 aya əmələ gəlir. İnəklər dünyada 10-12 bala verdikdən sonra sıradan çıxır, bizdə isə bu rəqəm 5-6 arasındadır. Digər problemlərdən elmi-seleksiya, emal və yemləmədəki problemləri misal göstərə bilərik. Ölkədə iqlimə və yerli şəraitə uyğun cinslərin yetişdirilməsi əsas məsələlərdəndir. Bu problemlərə görə ət istehsalı, artım tempi əhalinin istehlak tələbinə cavab verə bilmir və idxalın artmasına səbəb olur. Tələb və təklifin arasındakı uyğunsuzluq bu sahədə qiymətlərin artmasına səbəb olur. Qiymətləri süni sürətdə aşagı salmaq olmaz, bu, iqtisadiyyatın ana qanunlarına ziddir. Əhalinin alıcılıgının aşağı olması hələlik bu qiymətlərin tavana vurmasına imkan vermir. Əgər əmək haqları və digər formada əhalidə pul kütləsi artsa, bu qiymətlərin artacağı da şəksizdir. Bu, hələ sıxılmış qiymətlərdir. Bir də ki, heyvanın sayının artması hələ ət istehsalı demək deyil, çünki hələ ölkədə damazlıq potensialı formalaşmayıb. Qiymətləri müəyyən həddə saxlamağın iqtisadi yolu bu sahədə istehsalın artırılması, gömrük xərclərinin uygunlaşdırılması, rəqabətin artırılmasıdır".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin 9 ayında Azərbaycana xaricdən 56 milyon 569 min dollar dəyərində 37 min 390 ton ət idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 7 milyon 285 min dollar, miqdar ifadəsində isə 3 min 138 ton artıb. Ancaq həm ölkədə ət istehsalının yüksəldiyi, həm də ölkəyə ət idxalının artdığı bir vaxtda bu məhsulun qiyməti ilbəil bahalaşmaqdadır. Üstəlik, bu, Azərbaycanda əhalinin alıcılıq səviyyəsinin aşağı düşməsi fonunda baş verir. 

Röya Kərimli
Qaynarinfo

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->