Martın 18-də «Bos-Shelf» MMC-nin iş şəraitindən narazı olan bir qrup əməkçisi ilə ARDNŞ rəhbərliyinin görüşü olub.
Görüşdə işçilərin istək, irad və arzuları dinlənilib, MMC-nin direktoru İxtiyar Axundov, ARDNŞ-in Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov onların əmək haqlarının artırılması, sosial və tibbi sığorta, əmək məzuniyyətinin verilməsi şərtləri və başqa məsələlərlə bağlı suallarını cavablandırıb.
Görüşdə işçilərin nəzərinə çatdırılıb ki, söylənilən istək və iradların bir hissəsi əsassızdır, əsaslı məsələlər isə araşdırılacaq və bu haqda əlavə məlumat veriləcək. Görüşdə qeyd olunub ki, bir necə aydır, MMC-nin işçiləri həyat, risklər və təhlükəsizlik üzrə sığorta olunublar, tibbi sığorta müqaviləsi də artıq imzalanıb və aprelin 1-dən qüvvəyə minəcək. Görüşdə bildirilib ki, əmək məzuniyyətlərinin verilməsi ilə bağlı məsələlər işçinin və işəgötürənin istəyi ilə deyil, mövcud qanunvericiliyə uyğun aparılır. Eyni zamanda o da nəzərə çatdırılıb ki, öz istək və təklifləri haqqında MMC rəhbərliyinə yazılı və ya şifahi şəkildə heç bir məlumat vermədən işlərin yarım iş günü ərzində dayandırılması qanunvericiliyə uyğun deyil və bu, iş yerinin qanunsuz tərk olunması kimi qiymətləndirilə bilər.
«Bos-Shelf» MMC-nin qarşıdakı dövrdə Azərbaycan neft sənayesində həyata keçiriləcək irimiqyaslı layihələrə cəlb ediləcəyini və bunun üçün kollektivin daim öz üzərində işləməli olduğunu vurğulayan ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qaldırılan əsaslı məsələlərin təcili şəkildə araşdırılması və şirkət rəhbərliyinə məruzə edilməsi ilə bağlı tapşırıqlar verib, bu məsələlərin qısa müddətdə həllini tapmalı olduğunu bildirib. O xüsusi olaraq qeyd edib ki, hər bir işçinin öz fərdi inkişaf planı olmalı, əməkdaşlar daim öz peşəkarlıq dərəcəsinin artırılması qayğısına qalmalıdırlar. Yalnız bu zaman birgə müəssisə neft-qaz bazarında rəqabətə davam gətirə biləcək və yeni müqavilələr qazanacaq.
APA
Şərhlər