Ölkə 15:15 30.06.2020

Eyni dildə danışan iki tanınmışdan fərqli açıqlamalar: Türk dilidir, türk dili deyil?

"Bu millət Azərbaycan türkləridir və dilimiz də türk dilidir. Bunun başqa adı yoxdur”.

Sfera.az-a açıqlamasında bu sözləri ADP sədri Sərdar Cəlaloğlunun "dilimizin adı türk dili kimi təsbit olunmalıdır” fikrinə münasibət bildirərkən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib:

"Əlbəttə ki, dilimiz türk dilidir. Rəsmi olaraq Azərbaycan dili yazılır. Amma dilimiz türk dilidir, belə də olmalıdır. Əvvəllər dilimiz məhz belə adlanıb.Stalin o zaman həm millətin, həm də onun dilinin adını dəyişdirdi. Bəziləri bunu qəbul etmir, qoy qəbul etməsinlər. Onlar bu millətin türk olduğunu da qəbul etmir. Bizimlə bərabar yaşayan hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, kim olur-olsun onlara hörmətlə yanaşırıq. Ölkəmizdə bizimlə bərabər ləzgilər, talışlar, yəhudilər, ruslar da yaşayır. Onlara öz dil və mədəniyyətlərini inkişaf etdirmək üçün hərtərəfəli dəstək və qayğı göstərilir”.

T. Rüstəmxanlı təəssüflə qeyd etdi ki, biz özümüzə türk deyəndə ölkəmizdə yaşayan və bu həqiqəti qəbul etməyənlər nədənsə o dəqiqə qıcıqlanır, rahatsız olurlar: "Təəssüf ki, öz aramızda əksər hallarda Azərbaycan türkcəsində deyil, rus dilində danışmağa üstünlük veririk. Bu mənada ölkəmizdə yaşayan digər millətlərin nümayəndələri öz dilinə və milli kimliklərinə daha çox sahib çıxırlar, nəinki biz türklər. Onlara hörmətlə yanaşırıq. Amma hər halda Azərbaycanda yaşayan toplumun mütləq əksəriyyəti Azərbaycan türküdür və dilimiz də türk dilidir”.

Azərbaycan Sosil Demkrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə hesab edir ki, danışdığımız dil türk dili deyil və belə düşünənlər yanılır: "Dilimiz türk dili deyil, bunu deyənlər tamamilə yanlış mövqedədir. Dilimiz Azərbaycan dilidir. Düzdür, türkdilli xalq hesab olunuruq, amma dilimiz Azərbaycan dilidir. Bir dəfə belə bir təşəbbüsdə oldular. Lakin xalq referendumda dilimizin Azərbaycan dili olduğuna səs verdi. Xalqın iradəsinə qarşı getmək olmaz”.